İstiqlaliyyət yolunun şəhidləri

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə – Qanlı Yanvar gecəsi…

Heç birimizin unutmayacağımız qanlı tarix. Qanla yazılan bu tarix əslində, Azərbaycanımızın azadlıq yolu tarixinin bir qürur səhifəsidir. Çünki biz həmin gün heç kimdən və heç nədən qorxmadıq. Ölümün gözlərinin içinə dik baxaraq, azadlıq uğrunda mübarizəyə qalxdıq. Bu tarixi gün tariximizə özünüdərk, mərdlik və cəsarət günü kimi yazıldı.

Azadlıq uğrunda çarpışma gecəsində onlarla insan amansızcasına qətlə yetirilsə də, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqı mübarizliyini, məğrurluğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölümlə çarpışan Azərbaycan övladlarının gücünü, qüdrətini dünyaya bir daha tanıtmaqla yanaşı, nəhəng rus imperiyasının çökməsində böyük rol oynadı.

1990-cı il yanvarın 20-də Sovet imperiyası xalqımıza, azadlıq və müstəqillik arzusu ilə yaşayan günahsız insanlarımıza divan tutdu. Təpədən-dırnağadək silahlanmış sovet qoşunları qarşısındakı əliyalın, dinc sakinləri bir anın içində al qana qərq etdilər. Əslində, bütün bunlar Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, müstəqillik uğrunda apardığı mübarizəni yerindəcə boğmaq məqsədi güdürdü. Lakin tarix, azadlıq uğrunda canlarından keçənlərin şücaət və qəhrəmanlığı göstərdi ki, onlar çox böyük və bağışlanılmaz səhvə yol verdilər. Çünki yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr Azərbaycan xalqının əsrlər boyu böyük imperiya müstəmləkəliyinə qarşı apardığı mübarizənin davamı idi.

Həmin gün küçələrə, meydanlara çıxmaq azadlıq və müstəqillik uğrunda haqq səsini ucaldan silahsız insanlar ölümlərindən belə qorxmadılar. Elə buna görə də 29 il bundan əvvəl baş verən 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik tarixinə şərəfli gün, qəhrəmanlıq simvolu kimi həkk olundu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası tərəfindən planlı şəkildə, xüsusi hazırlıqla törədilən faciə xalqın yaddaşında silinməz iz qoydu. Həmin müdhiş gecədə ölümün gözünə dik baxan silahsız kütlə birliklərini, cəsarətlərini, mübarizliklərini sübut etdilər. O qanlı, amansız yanvar gecəsində 800-ə yaxın soydaşımız ağır yaralandı. 131 nəfər görünməmiş amansızlıqla məhv edildi. Faciə törədən imperiya əsgərləri sırasında mənfur erməni millətçilərinin olması və xüsusi fəallığı rus imperiyasının simasızlığını bir daha sübut etdi və kimin kim olduğunu göstərdi…

Tarixin müxtəlif sınaqlarından alnıaçıq, üzüağ çıxan, həmişə mübarizliyi ilə seçilən Azərbaycan xalqı çox böyük itkilər versə də, öz qürurunu, Vətənə bağlılığını bir daha təsdiqlədi. Əzildik, lakin, məhv olmadıq. Ayağa qalxdıq, azadlıq uğrunda mübarizəmizi sona qədər davam etdirdik. Doğrudur. Çətin dönəmlərlə üzləşdik. Ölkədə xaos, özbaşınalıq, daxili siyasi çətinliklər baş verdi. Ölkəmiz məhvolma təhlükəsi ilə üzbəüz qaldı. O çətin dönəmdə xalqımızın Vətənini sevən, onu təhlükələrdən qorumağa qadir olan böyük bir liderə ehtiyacı yarandı. Şükürlər ki,  həmin çətin məqamda  Azərbaycan xalqının layiqli oğlu Heydər Əliyev xalqın harayına səs verdi. Həyatını, varlığını təhlükə altına ataraq Moskvada Azərbaycan nümayəndəliyinə gəldi və burada mətbuat konfransı keçirdi. M.Qorboçovun rəhbərliyi ilə xalqımıza qarşı törədilən cinayəti ifşa etdi, xalqla birliyini, həmrəyliyini nümayiş etdirdi.

Sonrakı ağır məqamlarda da  Ulu öndər xalqla birlikdə oldu,  vətənimizin, onun müstəqilliyinin qorunub saxlanılmasında əlindən gələni əsirgəmədi, özünün dediyi kimi,  həyatını Azərbaycana, onun  inkişafına həsr etdi. Bakının ən uca nöqtəsində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış  möhtəşəm “Əbədi məşəl”  abidə-kompleksi məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə tikilib.

Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir və onların müstəqilliyimiz yolunda canlarını fəda etmələrini yüksək qiymətləndirir.

O qanlı tarixdən 29 il ötür. Hər dəfə o müdhiş, qanla yazılmış gecəni xatırladıqda insanı dəhşət bürüyür. Biz qanlı tarixin günahsız qurbanları olan  şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin!

Xatirəsi və müqəddəs əməlləri ilə əbədiyyətə qovuşan Vətən oğullarının xatirəsi həmişə qəlbimizdə yaşayır. Bugünkü xoş günlərimiz, müstəqil Azərbaycanımızın varlığı üçün onlara həmişə borcluyuq. Qoy onların qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi Azərbaycan tarixində həmişəyaşar müstəqillik səhifəsi kimi əbədi yaşasın!

Hacıməmməd Məmmədov

 

Şərh Yaz