Yaddas kitabcasi

Qanlı günlərin şahidiyəm

1988-ci ildən başlanan Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi biz  tələbələrdən də yan keçməmişdir. 1990-cı ildə mən Xırdalanda yerləşən Plan-Uçot Texnikumunda oxuyurdum və orada yerləşən yataqxanada qalırdım.

Həmin ilin yanvar ayının 17-dən rus hərbi birləşmələri Xırdalan dairəsində toplanmışdı. 19 yanvar 1990-cı il tarixdə nahar vaxtı biz tələbələr eşitdik ki, Sovet qoşunları Bakı şəhərinə daxil olacaq. Onların daxil olmasının qarşısının alınmasına etiraz olaraq şəhər sakinləri, tələbələr və s. Biləcəri dairəsinə gəldik. Yanacaqdoldurma məntəqəsinin yanında rus qoşunlarının BTR və BMP-lərdən ibarət hərbi texnikaları və saysız əsgərləri dayanmışdılar. Onlar bizi görüb vəhşicəsinə qovaraq indiki “20 Yanvar” dairəsinə gətirdilər.

Bir azdan şəhərin işıqları söndü və azğınlaşmış qoşunlar tərəfindən əliyalın əhaliyə qarşı odlu silahlardan atmağa başladılar. Uşaq, qadın, qoca, bir sözlə, şəhərdə bütün əhalinin səsi biri-birinə qarışmışdı.

Yanımda yaralananlar və ölənlər var idi. Yaralılara yardım edərkən qəflətən bədənimin istilənməsini hiss etdim və baxdım ki, məni də vurublar. Yanımdakılara dedim ki, qoymayın məni rus qoşunları aparsın. Məni 4-5 cavan oğlan yaxınlıqda yerləşən binaların birində bir ailəyə yerləşdirdilər. Ev yiyəsi qonşuluqda yaşayan tibb bacısını gətirdi, mənə ilk tibbi yardım göstərildi. Həmin an saat 02: 45 idi. Səhərə yaxın məni Semaşko xəstəxanasına gətirdilər. Qıçımda olan güllə çıxarıldı və 2 aya qədər xəstəxanada müalicə olundum.

20 Yanvar hadisələri müstəqilliyimizin əldə olunmasına bir təkan oldu. Biz veteranlara dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Bu qayğıya görə Prezidentimiz İlham Əliyev cənablarına minnətdarlığımızı bildiririk.

Səmədov Əlizadə Ehsan oğlu,

İsmayıllı rayonu, Diyallı kəndi,  ikinci qrup əlil

Şərh Yaz