Dini icma sədrləri ilə görüş

Yanvarın 5-də rayonun dini icma sədrləri ilə görüş keçirilib. İsmayıllı şəhər “Cümə” məscidində keçirilən tədbiri giriş sözü ilə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Cümə” məscidinin imamı Şahzadə Bilalov açıb. O, rayonda dini durumun vəziyyəti, 2018-ci ildə görülmüş işlər, qarşıda duran vəzifələr barədə məlumat verib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, dini işlər üzrə komissiyanın sədri Rövşən Ağayev yeni il münasibəti ilə dindarları, dini icma sədrlərini təbrik edib, onları cari ildə görəcəkləri işlər, qarşıda duran vəzifələrlə tanış edib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət-din sahəsində apardığı uğurlu siyasət öz müsbət nəticələrini verməkdədir. Ölkə rəhbəri dindarlara, bütün konfessiya mənsublarına hörmətlə yanaşır, onların sosial həyat şəraitinin yaxşılaşması üçün müvafiq sərəncamlar imzalayır.

Görüşdə RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, “Məhəmmədiyyə” məscidindən Elnur Yusifov, bir qrup dini icma sədri çıxış edərək rayonda tolerantlıq və multikulturalizmin qorunub saxlandığını, dini durumun sabitliyini, 20 Yanvar və Xocalı faciələri ilə bağlı həyata keçiriləcək tədbirləri diqqətə çatdırıblar.

Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən İvanovka kənd dini icmasına avtobus bağışlanıb. Bu, dövlətin dindarlara olan qayğısının bariz nümunəsidir.

Sonda icma sədrlərini maraqlandıran suallar cavablandırılıb və 2019-cu ildə görüləcək işlər, həyata keçiriləcək tədbirlər barədə tapşırıqlar verilib.

Yeni yaradılmış icmaların dövlət qeydiyyatından keçirilməsi planlaşdırılıb.

Şərh Yaz