Daha işgüzar mövqe nümayiş etdirməliyik

İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi 2018-ci ildə gördüyü işlərə dair hesabat verib. Hesabat yığıncağı rayon təhsil şöbəsinin akt zalında keçirilib. Sakinlərin daha mütəşəkkilliklə iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə İƏD üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov çıxış edib. Nümayəndəliyin maliyyə, sosial, iqtisadi, humanitar fəaliyyəti, tikinti, abadlıq, quruculuq sahəsində gördüyü işlər, təhsil uğurları və digər sahələr məruzədə ətraflı, obyektiv təhlil olunub.
Şəhər sakinləri İsmayıl Bünyatov, Cavanşir Sadıqov, Xatir Orucov, Mehman Ağayev, Xaliq Xaliqov, Heybət Balayev və başqaları çıxış ediblər. Çıxışçılar şəhər icra nümayəndəliyinin fəaliyyətini bəyənməklə və ona kafi qiymət verməklə yanaşı bir sıra təkliflər də irəli sürüblər, xahişlər də ediblər. Rəşid Mahmudov və İsrayıl Həsənov küçələrinin işıqlandırılması, şəhərin Qəzli məhəlləsinin yolunun düzəldilməsi, su xətlərinin əsaslı çəkilişi və suya qənaət edilməsi, SMART KART tipli qaz sayğaclarının quraşdırılması, 1 nömrəli tam orta məktəbinin qarşısında nəqliyyatın hərəkətinin tənzimlənməsi və sair məsələlər bu sırada idi.
Hesabat yığıncağında iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rəqəmlər əsasında məruzədə təhlil getdiyini nəzərə alıb, təkrara yol verməyərək şəhərin inkişaf proqramından,  2019-cu il və sonrakı illər üçün nəzərdə tutulan layihələrdən, şəhərin yeni baş planının hazırlanması üçün görülən işlərindən, bir sözlə, ümumi evimiz olan İsmayıllının yüksəlişi üçün hər bir sakinin, hər bir təşkilatın yorulmadan çalışmalı olduğundan, xidmət təşkilatlarının daha işgüzar mövqe nümayiş etdirmək zəruriyyətindən danışıb.
İcra nümayəndəliyinin işinə kafi qiymət verilib.

V.Salehov

Şərh Yaz