Anım mərasimi keçirilib

Qalacıq kənd tam orta məktəbində Qanlı Yanvar faciəsinə həsr edilmiş foto stendlər hazırlanıb, inşa yazı, rəsm, şeir müsabiqələri keçirilib, divar qəzetləri buraxılıb.
20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində məktəbin pedaqoji  kollektivi, şagirdlər, RİH-nin Qalacıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Təbriz Eminov və kənd sakinləri iştirak edib.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsinə həsr olunmuş rəsmlərdən ibarət sərgi nümayiş etdirilib.

Məktəbin direktoru Rusan Qasımov çıxışında 20 Yanvar faciəsinin tarixi barədə danışıb. O, bu tarixin faciə olmaqla yanaşı, həm də Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu da deyib. Məktəbin təşkilatı işlər üzrə direktor müavini Bədir Bədirovun məruzəsi dinlənilib. O çıxışında 20 Yanvar hadisələrinə aparan tarixi yol barədə danışıb. Bildirib ki, faciədən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə getmiş, törədilmiş qanlı hadisəyə sərt etirazını və Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib və  faciənin törədilməsində günahı olan cinayətkarların cəzalandırılmasını tələb edib.

Digər çıxışlarda da şəhidlərimizin nümayiş etdirdiyi qəhrəmanlıqlardan söz açılıb.
Sonda məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Kəndin şəhid oğullarının məzarı ziyarət olunub.

Elnarə Qasımova

 

Şərh Yaz