Lal gecənin hekayəti…

Bu zil gecənin qaranlıq gecədən 20 Yanvarın səhərinə boylanan anlarda xəstəxanada Yanvar və Vətən adında körpələr doğulurdu

 

(QANLI HADİSƏ 29 İL ƏVVƏL, ŞƏNBƏDƏN BAZARA KEÇƏN GÜN BAŞ VERMİŞDİ…)

 

…O gecə ayağımızın altında da, başımızın üstündə də göy yanırdı… O gecə hamı yanırdı. Kimi içində, kimi çölündə, kimi də odun içində. O gecə bütün dünyanın yanğınsöndürənləri tökülüşüb gəlsəydi, içimizdəki, çölümüzdəki bu od-alovu söndürə bilməzdi.
O gecə bir yanda hansısa məhəllənin dinc sakinlərinə divan tutulur, kimlərsə tankların tırtılları altında tapdanır, kimlərsə müasir tipli avtomatların iti sürətli güllərinin qurbanı olur. Kimsə evdə oturub ailəsi ilə çay süfrəsi arxasında əyləşərkən düşmən snayperinə tuş gəlir. Bu qeydlər 1990-cı ilin qanlı bir günündə – 20 yanvarında Bakının dinc sakinlərinə rus adlı əzrayılın tutduğu divanın bəzi məqamlarıdır. Bu qanlı hadisələr baş verəndə, hətta insan həyatına son qoyulan qısa zaman müddətində, Allahın yazdıqlarını düşmənin güllərlə pozduğu məqamlarda xəstəxanalarda yeni körpələr dünyaya göz açır, güllələrin vıyıltısı, avtomatların şaqqıltısı eşidiləndə Doğum evlərindən körpə qığıltısı gəlirdi. Elə bil ulu Tanrının azəri türklərinə etdiyi rəhm və mərhəmətiydi ki, təzadlı hadisələr baş verirdi. Dünyaya gələn iki körpənin valideynləri düşmənlə ölüm-qalım savaşındaykən, bəlkə də hər ikisi can verməkdəykən onların ailələrinin davamçıları işıqlı, lakin həmin anlarda qaranlıq, odlu-alovlu hesab edilən dünyaya gəlirdi. Göyün üzünü qara buludlar alanda, açıq səmaya işıqlı güllələr atılanda bu körpələrin gözündə işıq saçır, sanki demək istəyirdi ki, bu, işığın zülmət, haqqın, ədalətin, həqiqətin nahaqq üzərində qələbəsiydi… Zavallı, güllə səsilə dünyaya gələn bu körpələr hələ anlamırdılar ki, valideynlərinin, bacı-qardaşlarının başına hansı oyunlar gətirilir, soydaşları qan gölündə boğulur, kənarda imdad diləyir, özləri kimi səsləri də mühasirəyə alınmış həmyerliləri həmin anlarda hətta bir saman çöpündən belə yapışmaq iqtidarındaydılar. Onlara nə güllə dəyib, nə də dubinka. Onlar nə tank altında qalıblar, nə də murdar ayaqlar altında. Amma validyenləri bu qanlı olaylar baş verənədək o dünyanı bəlkə də yüz kərə görüb qayıtmışdılar. Amma o gecənin bütün faciəsi yazılırdı onların beyinlərinə, ürəklərinə, uşaq yaddaşlarına. O gecənin bütün saqqallı əsgərləri tüfəngləriylə, yaraqlarıyla valideynlərinin ürəyindən keçirdi, O gecənin bütün tırtılları, bütün güllələri bu zavallıların atalarının ürəyinin damarını qırıb, əzib keçirdi. Bu qədər güllələrə, bu qədər süngülərə, bu qədər ağrılara, bu qədər tırtıllara o gecə də, o gecəni diri gözlü səhərədək açan Bakı da dözübsə, böyük şeydir.
Ürək yaman şeydir, qardaş!
O gecənin zülmətində xəstəxanada palatanın birində bir oğul, digərində də bir oğul dünyaya gəldi. Amma atalarından hələ ki, xəbərsiz idilər. Bilmirdilər ki, ataları ölüm ayağındadır, Əzrayıla can verirlər. Bir neçə gündən sonra uşaqların birini Yanvar, digərini isə Vətən deyə çağırdılar. Xoşbəxtlikdən həmin gecə xəstəxanalara bir güllə, mərmi belə düşməmişdi. Həmin gecə dünyaya gələn uşaqların əksəriyyəti oğlan idi. Tanrının bizə rəhmi gəlmişdi…
Ürək yaman şeydir, qardaş! Yanvarın da, Vətənin də anadan ürəyi xəstə doğulmamışdı. Dövran, zaman, faciə anları ötüşəndən və tarixə düşəndən, nəhayət, bu Vətən övladları dünyanı tərk edəndən sonra onların da ürəkləri xəstələndi. Özləri də hiss etmədən 1990-cı ilin 20 Yanvarı zəiflətdi onların ürəklərini, zəhərlədi beyinlərini. Adam da 20 Yanvarda anadan olar? Adam da 20 Yanvardan sağ ürək çıxarıb gətirər. Dünənə kimi çəkib gətirib böyük şeydir, dünənə kimi döyünüb o ürək böyük şeydir…
Ürək yaman şeydir, atam balası!
20 Yanvarda doğulan o ürəklə böyümək, oxumaq, işləmək, sonra da ailə həyatına hazırlaşmaq böyük şeydir qardaş! 20 Yanvarın övladı olan Yanvar da, Vətən də yaşayırlar, yaşadırlar öz atalarının yarımçıq arzularını davam etdirmək, istəklərinə işıq yandırmaq üçün! Həyatda hər bir insan üçün bundan şərəfli və mənalı iş yoxdur.
Hər dəfə şəhidlərimizin uyuduğu müqəddəs ziyarətgaha baxıram, sakit, dinməz baxışlarla qara qranit mərmərə həkk olunmuş şəkillərə diqqət kəsilirəm. Onların arasında elələri var ki, elə bu Yanvarlı Vətənin həmyaşıdlarıdır. Yaşasadılar bu gün elə Yanvar və Vətən yaşında övladları olacaqdı. Bəli, bu ziyarətgah da, ziyarətgahdan boylanan məzarlar da, qara daşlar da bir az aralıdan əl içi kimi görünür.
Ürək yaman şeydir! Vacib deyil ki, ona güllə dəysin. Vacib deyil ki, süngüylə deşilsin. Söz də dəyməyə bilər, yumruq da görməyə bilər… Ümumiyyətlə, heç nə görməyə bilər. Bəs qan? Axı o bu xalqın, bu millətin, bu torpağın qanıydı… Küçələrdə nahaqdan axıdılan bu qan idi… Süngülərdən süzülən həmin qan idi, güllələr, gilizlər bu qanda üzürdü… Torpaq bu qana boyanmışdı, bələnmişdi, bəlkə də baş əymişdi… Yanvarın və Vətənin atalarının də ürəklərindən axan bu qan idi. Dinc, rahat, qaynamadan, daşmadan, qaralmadan necə axa bilərdi bu qan? Axa bilmədi… Qanın da ürəyi dözmədi.
Ürək yaman şeydir, əziz həmsirdaşım! Ürək hər şeyə dözmür. Amma Yanvarla Vətənin ürəyi dözdü, zamanla da, səhifələri qarayla yazılmış tarix də, əlahəzrətin tələbləri qarşısında aciz olan ölüm həmin gecəni də qırdı, namusuna təcavüz etdi. Zaman da, tarix də insan ürəyindən də dözümlüdü. Yaxış eləyir dözmür. Saxta tarix, qondarma iddialar və ittihamlara xəstələnmiş xalq kimə gərəkdir? Bu ittiham dolu baxışlar və suallar Yanvarı və Vətəni ciddi düşündürür. Əsl kişidə – torpağını, millətini, qanını sevən belə oğullarda belə də ürək olmalıydı…
Həmin ürək yaşayır, yaşıdır bu gün arzuları çiçəkləməyə başlayanda taleləri yarımçıq qalan atalarını, onların amal və məqsədlərini yaşatmaq üçün!
P.S. Yanvar və Vətənin timsalında olan övladlara! Bağışlayın məni, yazımla, sözlərimlə bir daha kövrək qəlbinizi ağrıtdım, üstü 20 il ərzində qaysaq tutan yaralarınızı qopardım… Atalarınızın yaraları torpağımızın yaralarıdır, öz ürəyimizin, öz canımızın yaralarıdır. Hələ böyüdükcə, hər şeyi yaxşı-yaxşı dərk etdikcə yaraların ağrısını dərindən duyacaqsınız, duyacağıq. Bir də onu biləcəksiniz, bəlkə də artıq bilirsiniz ki, atalarınızın adı mərd oğullar sırasındadı, məzarları isə müqəddəs ziyarətgahdadı…
Qoşalaşıb atalarının məzarı önündə dayanan Yanvar da, Vətən də şəhid Ülvi Bünyadzadənin bu misralarını pıçıldayırdı:

Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun,
Şaxtasından, soyuğundan mən qorxmuram.
Bu yolun
Ac
ısından, ağrısından,
Ölümadlı yuxusundan mən qorxmuram.
Yollar says
ız,
Yollar sonsuz,
Yollar
ötür
D
ünənimdən, bu günümdən, sabahımdan ötür, keçir.
M
ən qorxmuram uzaq yola çıxmaqdan,
Çünki
D
ünyadakı bütün yollar
Anam
ın təndir evinin qabağından ötür keçir.
Və ziyarətgaha gələn insanlara üzlərini tutub deyirdilər: gəlin hamılıqla üzümüzü tutaq torpağa, yaza, diz çöküb yalvaraq, yaxaraq… Bəlkə bir yaz dirildi bu şəhidlər!
Arzuya bax…

Daşdəmir ƏJDƏROĞLU

 

Şərh Yaz