Azərbaycan mədəniyyəti və elminin inkişafında İsmayıllı ziyalılarının yeri

Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonunun ərazisi  e. ə. IV əsrin sonu e. ə. III əsrin əvvəllərində  Albaniya dövlətinin tərkibində olmuşdur. Sonralar Cavanşirin mənsub olduğu Mehranilər sülaləsi Girdiman knyazlığını İsmayıllı ərazisində yaratmışlar. Cavanşir də bu nəsildən idi. Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1931-ci ildə təşkil olunmuşdu. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş, qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülmüşdür. Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının, bir hissəsi Şamaxı qəzasının, kiçik bir hissəsi isə  Şəki qəzasının tərkibində olmuşdu. İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır.

Keçən dövr ərzində əsrarəngiz təbiəti və gözəl insanları ilə seçilən İsmayıllı rayonu Azərbaycan mədəniyyətinin və onun tərkib hissəsi olan elminin inkişafına töhfələr verən ziyalılar yetirmişdir. Hansı ki o ziyalılar öz əməlləri və fəaliyyətləri ilə İsmayıllının, ümumilikdə Azərbaycanın tarixinə həkk olunmuşlar.

Çoxları dönüb geri baxmaqdan razı qalmır, keçdiyi həyat yolundan daim şikayətçi olurlar. Yola saldığı illərdə ciddi nailiyyətə imza ata bilməmələrindən gileylənirlər. Maraqlısı odur ki, çox zaman da bunun günahını özlərində deyil, zamanda, taledə axtarmağa çalışırlar. Əslində belə insanlar özlərini taleyin ümidinə buraxanlar və yaxud zəhmətə qatlaşmaq istəməyənlərdir. Ancaq daim zəhmətlə yaşayan, işinə, peşəsinə bağlı olan insanlar həyatının hansı mərtəbəsindən baxırlarsa baxsınlar, geridə kifayət qədər uğurlar, nailiyyətlər olduğunu görə bilirlər. Əslində belələrini də iki yerə ayırmaq olar: biri tək özü üçün çalışanlar, ikincisi isə həm özü, həm də cəmiyyət üçün çalışanlardır. Bax, bu ikinci yerə aid olanlar özlərini daha xoşbəxt hiss edə bilirlər. Çünki kamil insan yaşadığı eli-obası, ölkəsi, xalqı, dövləti üçün yaşayır, öz çiyinlərini daim böyük yüklərin altına verə bilir. Yaşadığımız cəmiyyətin ehtiyacı olan belə fədakar insanların, elm adamlarının və əsl ziyalıların böyük bir hissəsi də İsmayıllı torpağının yetirmələridir.

Belə ziyalılarımızdan bir çoxu var ki, onlar İsmayıllıda doğulmasalar da əslən İsmayıllıdandırlar. Onların da fəaliyyəti İsmayıllı torpağına baş ucalığı gətirmişdir. Belə ziyalılardan biri Tofiq Kazım oğlu İsmayılovdur. O, Bakı şəhərində anadan olsa da əslən İsmayıllıdandır. T.İsmayılov zəhməti və elmi fəaliyyəti ilə akademik səviyyəsinə yüksəlmiş, 1991-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ilk dövlət katibi olmuşdur. Elə həmin il noyabrın 20-də Qarabağın Qarakənd kəndi üzərində “Mİ-8” hərbi vertolyotunda faciəli şəkildə erməni terrorunun qurbanı olmuşdu.

1990-cı ilin 20 yanvarında Sovet ordusu Bakıda dinc sakinləri gülləbaran etdikdən sonra SSRİ Xalq Deputatları Qurultayında deputat Vəli Məmmədov 20 Yanvar hadisəsini yada salarkən M.S.Qorbaçov onu ibarəli sözlərlə tribunadan geri qaytaranda, o zaman T.İsmayılov qəzəblə tribunaya qalxaraq, 20 yanvarda Bakıda baş vermiş qanlı cinayətin baiskarlarını lənətləyib və hamıya bu qırğında həlak olmuş insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif edib. Bütün deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən M.S.Qorbaçov da ayağa qalxmağa, günahsız şəhidlərimizin ruhunu yad etməyə məcbur olub. O, SSRİ kimi nəhəng dövlətin rəhbərini öz qanlı cinayətinin etirafı kimi ayağa qalxmağa məcbur etmişdi.

Azərbaycan sovet nəsrinin banisi, kimi tanınan xalq yazıçısı Əbülhəsən Ələkbərzadə də İsmayıllı torpağının ona şərəf gətirən yetirmələrindəndir. O, İsmayıllının Basqal kəndində anadan olub “Tamaşa qarının nəvələri” povesti və digər əsərləri ilə Azərbaycan ədəbi ictimaiyyəti içərisində tanınmışdır. O, 1986-cı ildə vəfat etmişdi. Hazırda Bakı küçələrindən biri onun adını daşıyır.

İsmayıllı rayonu təkcə yazıçı və şairləri ilə deyil, həm də çoxsaylı alimləri ilə xatırlanır.  Akademik Soltan Mehdiyev, həmçinin böyük Azərbaycan şərqşünası, dilçi-ədəbiyyatşünas, əruzşünas, şair və tərcüməçi Əkrəm Cəfər də İsmayıllı torpağının yetirmələrindəndir. Əruzşünaslıq sahəsində silsilə əsərləri ilə yanaşı, uzun illərlə gərgin axtarışların məhsulu olan “Əruz nəzəri əsasları və Azərbaycan əruzu” adlı ensiklopedik monoqrafiyası ona dünya şöhrəti gətirib. Bu dahiyanə əsərin bir nüsxəsi təxminən 22 il bundan əvvəl İngiltərə kraliçası 2-ci Yelizavetanın xahişi ilə Oksford şəhərinə göndərilib və oranın məşhur “Bodlean” kitabxanasında saxlanılır.

İsmayıllının gözəl guşələrindən biri olan Basqal qəsəbəsi Azərbaycanın xalq sənətkarlığı, xüsusilə, ipəkçiliyi, kəlağayı istehsalı, tarixi abidələri, özünəməxsus etnoqrafiyası, adət-ənənələri, məişət və mətbəx mədəniyyəti  ilə tanınır. Eyni zamanda bu qəsəbə İsmayıllıda görkəmli elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri yetirən qədim yaşayış məskənlərindən biridir. Fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü, görkəmli riyaziyyatçı, astronom, N.Tusidən sonra Azərbaycan riyaziyyat elmi tarixində ikinci həndəsəçi kimi tanınan və Azərbaycan Dövlət Universitetində həndəsə kafedrasının müdiri işləmiş Maqsud Əlisimran oğlu Cavadov da 13 aprel 1902-ci ildə Şamaxı qəzasının (hazırda İsmayıllı rayonunun) Basqal qəsəbəsində kəlağayı toxucusu ailəsində anadan olmuşdur. İbtidai təhsilini Basqal məktəbində almış, 1914-1918-ci illərdə isə təhsilini Şəki Gimnaziyasında davam etdirmişdir. 1918-ci ildə doğma kəndinə qayıtmış və orada şərbaflıq (ipək toxuculuğu) ilə çalışmağa başlamışdır. Maqsud Cavadov 1920-1924-cü illərdə nahiyə və kənd soveti müəssisələrində işləmişdir. O, hələ kənd sovetində katib işlədiyi vaxtdan yerli camaatın və ictimai təşkilatların hüsn-rəğbətini qazanmışdır. Bu səbəbdən də yerli təşkilatlar onu ali təhsil almaq üçün Bakıya ezam etmişlər. 1924-cü ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1927-ci ildə bu institutun fizika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 1927-ci ildə pedaqoji institut ilə Azərbaycan Dövlət Universiteti birləşdiyi üçün elmi işlərdə çalışmaq məqsədi ilə Bakıda saxlanılan M.Cavadovun sonrakı fəaliyyəti ADU-nun ali riyaziyyat kafedrası ilə bağlanmışdır. M.Cavadov universitetdə təhsilini davam etdirmiş və 1930-cu ildə universitetin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1930-cu ildə universitet müxtəlif institutlara ayrıldığından Maqsud Cavadov assistent vəzifəsində Neft İnstitutunun (indiki Neft və Sənaye Universiteti) ali riyaziyyat kafedrasında işə başlamışdır. O, 1934-cü ilə qədər bu kafedrada çalışmışdır. M.Ə.Cavadov 1934-cü ildə Azərbaycan (Bakı) Dövlət Universitetinə dəvət olunmuş və dosent vəzifəsində çalışmağa başlamışdır. O, 1938-ci ildən həndəsə kafedrasının müdiri, 1943-1944-cü illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1952-ci illərdə isə Universitetin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.

M.Ə.Cavadov 1940-cı ildə “Homometrik sistemlər” adlı namizədlik dissertasiyası, 1957-ci ildə isə “Cəbrlər üzərində həndəsələr və onların həqiqi həndəsələrdə tətbiqləri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Respublikada riyaziyyatın tədrisi metodikasının bir elm kimi inkişafında onun böyük xidmətləri olmuşdur. O, 30 ildən artıq bir müddətdə Maarif  Nazirliyinin elmi metodik Şurasının riyaziyyat bölməsinə rəhbərlik etmişdir. Onun Azərbaycan dilində tədris ədəbiyyatı yaratmaq sahəsində də böyük xidmətləri olmuşdur. M.Ə.Cavadovun Azərbaycan dilində çap olun­muş və ali məktəblər üçün tədris vəsaiti olan 10 kitabı indi də tələbələr tərəfindən maraqla oxunur. Riyaziyyat elmi sahəsində qiymətli işlərinə və həndəsə sahəsində maraqlı elmi nəticələrinə görə prof. M.Ə.Cavadov 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş və eyni zamanda respublikanın ictimai-siyasi işlərində də fəal çalışmışdır. O, bir neçə dəfə Bakı şəhəri və rayon Sovetlərinə deputat seçilmişdir. 1943-cü ildə Respublikanın Əməkdar müəllimi, 1962-ci ildə isə respublikanın Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. M.Ə.Cavadov SSRİ dövrünün ən yüksək mükafatı olan Lenin ordeni ilə, iki dəfə Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı Ordenləri ilə təltif olunmuşdur.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qədirbilənlik edən  İsmayıllı Rayon İcra Hakimiyyəti AMEA-nın Riyaziyyat İnstitutu ilə birgə görkəmli elm xadimi Maqsud Cavadovu gənc nəslə tanıtmaq üçün alimin İsmayıllıda xatirə gününü keçirmişlər.

İsmayıllıda doğulmuş, təhsil almış və ya əslən İsmayıllıdan olan nüfuzlu insanların siyahısını daha da artırmaq olar. Məsələn, Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimova da İsmayıllıdandır. Şövkət xanım 1920-ci il dekabrın 25-də İsmayıllı rayonunun Basqalda anadan olmuşdu. 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirmiş, İkinci Dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdi. Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdu. 1954-1974 illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda dosent, prorektor və kafedra müdiri, 1964-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində işləmişdi. “Qırmızı ulduz” və 2-ci dərəcəli “Vətən müharibəsi” medalları ilə təltif olunmuşdu.

Elə bir insan yoxdur ki, həyatının müəyyən mərhələlərində bir anlıq da olsa geri boylanıb keçdiyi ömür yoluna nəzər salıb, götür-qoy etməsin. Xalqı üçün nə etdiyini düşünməsin. Cəmiyyətimizin ehtiyacı olan, bu göstərilən halları özündə ehtiva edən, fədakar insanlardan, əsl ziyalılardan biri də tarix elmləri doktoru, professor, Əməkdar jurnalist, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyevdir. O, 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H.Zərdabi adına KDPİ-nin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 19731974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974-cü ildən etibarən rayonda bir sıra məsul vəzifələrdə çalışmışdır. 1981-ci ildən Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində işə başlamışdır. 19902003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmış, 2003-cü ildən isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

Qafar Cəbiyevin çoxtərəfli fəaliyyəti ziyalı ömrünün kamilliyindən soraq verir. O, bir neçə ağır peşənin yükünü öz üzərinə məharətlə götürə bilən və bir ömrə üç uğurlu insan taleyini sığışdıra bilən ziyalılarımızdandır: tarixçi-alim, pedaqoq, jurnalist və yüksək çinli dövlət məmurudur. Qafar Cəbiyev məmurluqdan alimliyə deyil, məhz alimlikdən məmurluğa yüksələnlərdəndir. Bu gün Qafar müəllimin əsas iş yeri MTRŞ-i sədrinin müavini vəzifəsi olsa da, Azərbaycanın elmi ictimaiyyəti onu Azərbaycanın qədim tarixi ilə bağlı sanballı elmi araşdırmaların müəllifi kimi də yaxşı tanıyır. O, ölkə ərazisində aparılan bir sıra ciddi arxeoloji qazıntıların ekspedisiya rəhbəri olmuş və bu gün də eyni missiyanı davam etdirməkdədir. Belə ki, son illərdə Ağsu rayonu ərazisində Q.Cəbiyevin rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş tapıntılar xalqımızın qədim və zəngin tarixə, mədəni irsə malik olduğunu  təsdiq etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Onun son illər Girdiman tarixinə dair elmi ictimaiyyətə təqdim etdiyi ciddi araşdırmaları və onların nəticələri Azərbaycan tarixi elmində yenilikdir. Onun gəldiyi elmi nəticələr erməni tarixçilərinin və onların havadarlarının Qafqaz Albaniyası tarixini saxtalaşdırmaq cəhdlərinə tutarlı cavabdır. Q.Cəbiyevin araşdırmalarının və publisistik fəaliyyətinin nəticəsi olaraq 12 monoqrafiyası, 100-dən çox elmi, 300-dən çox publisistik məqaləsi nəşr olunmuş, xarici ölkələrdə keçirilmiş konfranslarda məruzələri dinlənilmişdir.

Tarixçi alim kimi, Q.Cəbiyev hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvüdür. O, 1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. “Qızıl qələm”, “Humay” mükafatı laureatı, Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. Hal-hazırda MTRŞ-nin sədr müavini kimi məsul dövlət vəzifəsini tutur. Harda çalışmasından asılı olmayaraq vətənə, dövlətə və el-obasına bağlılığı ilə seçilmişdi. Elə bu gün də belədir. 2017-ci ildə nəşr olunan son “Azərbaycan tarixi” dərsliyi və 2018-ci ildə nəşr olunan “Azərbaycan Arxeologiyasının əsasları” adlı kitabları onun vətənə və xalqa bağlılığını göstərən bariz nümunədir.

Q.Cəbiyev “Yazılan qalacaq” kitabında da bu qayəni əsas götürərək yazır: “Ölkəmizin, dövlətimizin gündən-günə, ildən-ilə daha da inkişaf edərək qüdrətlənməsi məni qəlbən sevindirir. Mən bir qələm sahibi olaraq bu uğurları həm xaricdə, həm də ölkə daxilində bacardığım qədər təbliğ etməyi özümə borc bilirəm”. Məhz bu mövqeyin nəticəsidir ki, Q.Cəbiyevin də həmyerliləri kimi, Azərbaycan mədəniyyətinin və elminin inkişafında öz layiqli yeri var.

Öz fəaliyyəti ilə el-obasına baş ucalığı gətirən və Azərbaycan elminin inkişafında xidmətləri olan  İsmayıllı torpağının yetirmələrindən biri də Mirdaməd Mirsadıq oğlu Sadıqovdur. M.Sadıqov 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Həmin təhsil ocağının baş pereporatoru vəzifəsindən iqtisad elmləri doktoru, professor vəzifəsinədək yüksəlmişdir. 1977-ci ildən 1982-ci ilədək təhsil aldığı institutun  komsomol komitəsinin katibi, 1982-ci ildən iqtisadiyyat fakültəsinin dekanı vəzifələrində işləmişdir.

1988-ci ildən isə Bakı Maliyyə-Kredit (Maliyyə-İqtisad Kolleci) Texnikumunun direktoru olmuşdu. 1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi, 2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor və 2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifələrində işlədiyi illərdə əməksevərliyi, səmimiyyəti, xeyirxahlığı və ən əsası Azərbaycan elminə və təhsilinə göstərdiyi xidməti ilə seçilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov 2008-ci il noyabr ayının 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə və 14 fevral 2013-cü ildə isə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. M.Sadıqovun təhsilin və elmin inkişafında göstərdiyi xidmətləri dövlət başçımız tərəfindən yüksək qiymətləndirilmişdir. 2 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona Əməkdar elm xadimi fəxri adı verilmişdir.

M.Sadıqov özünəməxsus xarakterik xüsusiyyətləri ilə seçilən ziyalılarımızdandır. O, ictimai işlərdə, təhsil və elm sahələrində çalışanda da, təsərrüfata rəhbərlik edəndə də hər bir kəslə onun dilində danışmağı bacaran ziyalılardandır. İsmayıllıya icra başçısı təyin olunandan o, rayonun inkişafına xüsusi diqqət yetirir. Ölkəmizin və dünyanın müxtəlif bölgələrinə səpələnmiş əslən İsmayıllıdan olan ziyalıları bir araya toplamağa cəhd göstərir. Rayonun, eləcə də ölkəmizin ən qədim mədəni ocaqlarından olan Lahıc və Basqal kimi qəsəbələrin abadlaşdırılması və turizm mərkəzləri kimi tanıdılması üçün əhəmiyyətli iş görür. Əslən İsmayıllıdan olan elm və mədəniyyət xadimlərinin yubiley tədbirlərini və onlarla rayon ictimaiyyətinin görüşlərini keçirir. Bütün bunlar isə özlüyündə Azərbaycan mədəniyyətinin və elminin inkişafına göstərilən xidmət kimi dəyərləndirilməlidir.

Azərbaycan Respublikası prezidentinin 2002-ci il Fərmanı əsasında “Tərəqqi” medalı ilə təltif olunan professor, geoloq Ədhəm Mahmudov  da İsmayıllı torpağının yetirməsidir.

Görkəmli şair Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub) İsmayıllının Azərbaycanda və ondan kənarda tanınmış ziyalılarındandır. O, 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay Pedaqoji Məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində 1957-1958-ci illərdə müəllim, 1958-1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləmişdir. ADU-nun filologiya fakültəsində təhsil almışdır. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, 1974-1978-ci illərdə “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1978-ci ildə İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olmuşdur.

Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində Azərbaycanı təmsil etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasının sədri olmuş və 1979-cu ildə İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. M.F.Axundov və Rəsul Rza adına mükafatlara layiq görülmüşdür. M.Yaqubun “Yarpaqlar oxuyur”, “Bu məhəbbət yaşadır məni”,  “Üzü bəri baxan dağlar”, “İki qəlbin işığı”, “Mənim sevgi taleyim”, “Ürəyimdə yerin qaldı”, “Ruhumla söhbət”, “Bu dünyanın qara daşı göyərməz” və başqa şeir və poemaları ona xalq məhəbbəti qazandırmışdır. Fəaliyyətinin nəticəsi olaraq Musa Yaqub 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı (1995-2000) seçilmişdir.

İsmayıllı torpağına fəaliyyəti ilə şərəf gətirən yetirmələrindən biri də 1941-ci ildə rayonun Diyallı kəndində anadan olmuş, 1967-ci ildə ADPU-nun tarix-filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirmiş Zabit Teymur oğlu Məmmədovdur. O, Universitetdə müəllimlikdən dosent vəzifəsinədək yüksəlmişdir. Fakültə Həmkarlar təşkilatının sədri və dekan müavini vəzifələrində çalışmışdır. İşlədiyi illərdə fəaliyyətinə görə dəfələrlə Fəxri fərmanlarla təltif olunmuşdu. 10-dan çox dərs vəsaiti, metodik göstərişin və 50-dən çox elmi məqalənin müəllifi olmuşdur. Bütün fəaliyyətini elmin təhsilin inkişafına həsr etmişdi.

İncəsənət, mədəniyyət və poeziya aləminə şair, kinodramaturq, tərcüməçi, yazıçı və ictimai xadim kimi daxil olmuş, İsmayıllının Mollaisaqlı kəndində 1954-cü il yanvarın 10-da  dünyaya göz açmış şair Baba Vəziroğlunun da Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafında xüsusi yeri var. Orta məktəbini bitir-dikdən sonra “Pravda” kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir Universitetin jurnalistika fakültəsində təhsil almışdır. 1979-cu ildə Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı,  19791991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir. 1989-cu ildə. “Molla Nəsrəddin” jurnalının baş redaktoru olmuşdur. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir. Ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz” jurnalının 8-ci sayında çap etdirdiyi “Bir yaz axşamı”, “Mağazinçi Dadaş” hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Uzun illər teleşirkətdə aparıcı olmuşdur. 19982002-ci illərdə  Azərbaycan Kinomatoqrafçılar İttifaqında baş redaktor olmuşdur. Hazırda orada idarə heyətinin katibidir. Mindən artıq şeirinə mahnı bəstələnmişdir. Bir sıra sənədli filmlərin ssenari müəllifidir. Azərbaycan Yazıçılar İttifaqında gənc nasirlər birliyinin rəhbəri olmuşdur. 1985-ci ildə M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirmişdir. Sovet nümayəndə heyətinin tərkibində Bolqarıstanda tərcüməçilərin beynəlxalq müşavirəsində iştirak etmiş 1982-ci ildə, ADR Yazıçılar İttifaqının dəvəti ilə ADR-də yaradıcılıq ezamiyyətində olmuşdur. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində nümayəndə kimi iştirak etmişdir. “Humay” mükafatı laureatı və Respublikanın əməkdar incəsənət xadimidir. “Səhər qatarı”, “Yaddan çıxan görüş”, “Ocaq”, “Yol”, “Dünya dəyməz göz yaşına” povest və hekayələri oxucuların böyük rəğbətini qazanmışdır.

“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı əsərin müəllifi görkəmli alim və yazıçı Manaf Süleymanov da qanı və canı ilə İsmayıllı torpağına bağlı olan onun yetirmələrindəndir. Tircan kəndində doğulmuş və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Sabutay Mübarək oğlu Məmmədov və publisist, yazar, jurnalist kimi məşhur olan Baba Vəziroğlunun qardaşı Anar Vəziroğlu da bu torpağın yetirmələridir. Bunlarla yanaşı Baba Vəziroğlunun yazdığı sözlərə tez-tez mahnılar bəstələyən, millət vəkili Novruz Aslan və yazıçı, jurnalist Çingiz Əbülhəsən oğlu Ələkbərzadə də Bakı şəhərində anadan olsalar da əslən İsmayıllıdandırlar.

Yaqub Mehdiyev məhz rənglərin “dilini” bilən, onları “danışdıran” sənətkarlardandır. Bakıda anadan olsa da əslən İsmayıllıdandır. Y.Mehdiyevin ən böyük əsərləri sırasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasının üzərində olan “Vulkan“ adlı mozaik əsər, 1-ci mikrorayonda “Uşaq meydançası”, Naxçıvanda “Nəqşicahan” mozaikaları, Sumqayıtda “Şəhidlər xiyabanı” adlanan əsərləridir. Y.Mehdiyev həmçinin 1991-1994 -cü illərdə Azərbaycan dövlət Musiqili Teatrı üçün dünyada analoqu olmayan 150 kvadratmetrlik xalça pərdənin müəllifidir.

Təsadüfi deyil ki, 1992-ci ildə Turqut Özalın həyat yoldaşı Səmra Özal oğluna toy hədiyyəsi üçün iyirmi yeddi təşkilatın hazırladığı hədiyyə içərisindən məhz Y.Mehdiyevin xırda ölçülü miniatür mozaikadan hazırlanmış əsərini seçib götürmüşdür. Bu torpağın daha bir övladı Rəşad Hüseynov Azad Azərbaycan televiziyasının “Xəbərlər” redaksiyasında redaktor vəzifəsində çalışıb. O, hazırda ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin rəhbəridir.

Respublika Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Rəsul Səfərov İsmayıllının Gəraybəyli kəndində anadan olub. O, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Fəxri fərmanı və bir neçə medalla təltif olunub. Rasim İsgəndərov, Sahibxan Mirzəyev 2000-ci ildən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi seçiliblər. Telejurnalist Ayaz Mirzəyev də İsmayıllı rayonundandır. O, Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin nəvəsidir. Azərbaycanın daha bir Milli Qəhrəmanı Ərəstun İsfəndiyar oğlu Mahmudov İsmayıllının Pirəbilqasım kəndində dünyaya gəlmişdir.

Nəinki adı Azərbaycanda, hətta Rusiyada belə dillər əzbəri olan “AST Şirkətlər Qrupu”nun prezidenti, tanınmış mesenat və xeyriyyəçi Telman Mərdan oğlu İsmayılov 1956-cı ildə anadan olub, əslən İsmayıllı rayonunun Mücühəftəran kəndindəndir. Valideynləri həmin kənddə yaşamış, Böyük Vətən müharibəsindən sonra əvvəlcə Göyçaya, sonra Bakıya köçüblər. Səkkiz qardaş və 4 bacı olan ailədə Telman 10-cu uşaqdır. 1985-ci ildən Moskvada yaşayır.

Əməkdar artist, müğənni Kəmalə Rəhimli də İsmayıllıda dünyaya göz açıb. 2005-2006-cı illərdə dahi bəstəkarımız Ü.Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr olunmuş muğam müsabiqəsinin qalibləri olan Bəyimxanım Mirzəyeva və Aytən Məhərrəmova da İsmayıllı torpağının yetirmələridir.

Aparılan araşdırmalar və ümumiləşdirmələr əsasında bu qənaətə gəlmək olur ki, Azərbaycan mədəniyyətinin və elminin inkişafında İsmayıllı ziyalılarının da layiqli yeri vardır.

Şikar Qasımov,

Azərbaycan Texniki Universiteti  İctimai fənlər kafedrasın müdiri, tarix elmləri doktoru, professor

shikarqasimov@mail.ru

 

Şərh Yaz