Bədii ədəbiyyata maraq artır

Danılmaz həqiqətdir ki, insanın şəxsiyyət kimi formalaşmasında vərdişlərin, xüsusilə də ömrün ilk 10-15 ilində əldə etdiyi bilgilərin sonrakı yaşamda fərqli şəkillərdə böyük rolu olur. Bu cəhətdən cəmiyyət qarşısında duran ən vacib məsələlərdən biri, azyaşlılara mütaliə vərdişini aşılamaq olmalıdır.

Məktəblərin əksərində kitabxana vardır. Buna baxmayaraq, balaca oxucular çox zaman rayonun MKS-nə və Uşaq kitabxanasına müraciət etməli olurlar. Məktəb kitabxanasında əldə edə bilmədikləri kitabları burada tapıb oxumaq istəyirlər. Şagirdlərə mütaliə vərdişinin aşılanması isə valideynlərlə, müəllimlərlə yanaşı, kitabxana işçilərinin də başlıca vəzifəsinə çevrilir.

Yeni ilin ilk günlərində Uşaq kitabxananın müdiri İnqa Namazova ilə görüşdük. Kitabxananın işi ilə maraqlandıq.

O bildirdi ki, kitabxananın əsas oxucuları aşağı sinif şagirdləridir. Yuxarı sinif şagirdləri daha çox yerli dramaturqların əsərlərinə müraciət edirlər. Onlar əksər hallarda yubileyləri keçirilən şair və yazıçılarımızın – Mirzə İbrahimov, İlyas Əfəndiyev, Səməd Vurğun, Əbdürrəhim bəy Haqverdiyevin, Mikayıl Müşfiq, Molla Pənah Vaqif, Məmməd Arazın, İmadəddin Nəsiminin və başqa ədiblərin kitabları üçün gəlirlər. Aşağı siniflər əsasən bədii, şifahi ədəbiyyata, nağıllara, folklorumuza meyillidirlər. Yuxarı sinif şagirdləri ali məktəblərə hazırlaşdıqları üçün çox az hallarda bədii əsərlərə müraciət edirlər. Bizdə olmayan kitabları əldə etmək üçün məktəbliləri  MKS-ya istiqamətləndiririk.
Hazırda kitabxanada 20158  kitab var. Siyahı əsasən bədii ədəbiyyat, ensiklopediya, tərcümə və s. nəşrlərdən ibarətdir. Oxucu şagirdlər kitabı səliqəsiz şəkildə qaytardıqda onları elə şagirdlərin iştirakı ilə restavrasiya edərək yenidən istifadəyə veririk. İşi bu cür qurmaq oxucunun kitabla davranma mədəniyyətini nizamlayır. Kitab çox pis vəziyyətə düşəndə isə onu siyahıdan çıxarırıq.

– Bəzən şagirdlər kitabları itirirlər. Belə olan halda kitabxana hansı tədbirləri görür?

–  Metodik vəsaitdə yazılıb ki, oxucu itən kitabın 10 mislinə kitab almalı və kitabxanaya verməlidir. Kitabxanaya yenicə üzv olanlarla  apardığımız  söhbətlər öz faydasını verir. Demək olar ki, kitab itirənlər olmur. Belə halla üzləşdikdə şagirdə həmin kitabdan bir ədəd yenisini alıb gətirməyi tapşırırıq.

Bir kitab beş manatdırsa, 10 misli 50 manat edir. Valideyndən necə tələb edəsən ki, övladı kitab itirib, buna görə bizə 50 manat versin. İtən kitabların yeri də boş qalmamalıdır.

– Yeni kitabların sifarişi və qəbulu necə aparılır, oxucu-kitabxana əlaqələrini möhkəmləndirəcək hansı işlər görülür?

–  Təlimata uyğun olaraq kitabların sifarişi məsələsi MKS-i tərəfindən aparılır. Kitabxanamıza isə faktura və siyahı ilə göndərilir. Müvafiq sənədləşmə işləri aparıldıqdan sonra həmin kitablar kitabxanada aidiyyəti şöbələr üzrə yerləşdirilir. Yeni kitablardan sərgi hazırlanmasını da diqqətdə saxlayırıq. Yeni kitabların nümayişi oxucularda onların oxunmasına maraq oyadır.

Oxucu şagirdlər ensiklopediya və lüğətləri kitabxanada oxuyurlar. Bu kitablar evdə oxumaq üçün verilmir. Şagirdlər evə apara bilməyəcəyi kitabların lazımi səhifələrinin surətini kitabxanadakı kserokopiya aparatında çıxarırlar.

Şairlərin yubiley tədbirləri, bədii gecələr olan zaman hər şagirdə eyni kitabdan verə bilmədikdə lazımi şeirlərin surəti çıxarılıb onlara paylanır. Bir qayda olaraq, kitablar geri alınarkən oxunmuş əsər və ya əsərlər  haqqında şagirdlərlə sual-cavab aparılır. Bununla oxucularımızın fəallığını artırır, kitabxana ilə əlaqəsinin ciddiliyinə əmin oluruq.
– Kitabxananın iş planı keçiriləcək tədbirlərin toplusudur. Bu barədə nə deyərdiniz?

– Hər rüb ərzində burada çalışan əməkdaşların, şəhər məktəblərinin, uşaq bağçalarının hazırladığı müxtəlif mövzu və məzmunlu tədbirlər kitabxanada keçirilir. Məsələn, bədii qiraət müsabiqələri təşkil olunur, bir sıra tarixi günlərə həsr olunmuş kompozisiyaların nümayişi kitabxananın gündəlik işinə çevrilir. Bu kimi tədbirlər həm də istedadlı şagirdlərin aşkarlanmasını təmin edir. Fərqlənən şagirdlər Diplomlar, Fəxri fərmanlarla təltif edilirlər.

Ölkə prezidenti cənab İlham Əliyev  650 illik yubileyi münasibəti ilə 2019-cu ili Azərbaycanda “Nəsimi ili”  elan edib. Görüləcək işlər müəyyənləşdirilibmi?

–  Əlbəttə, sərəncamın icrası fəaliyyət planımızın ön bəndi olacaq. Ötən ildə – ölümünün 500 illiyində şairin yaradıcılığına müraciətimiz bu istiqamətdə görəcək işlərimizi xeyli asanlaşdıracaq.

Ötən il Məmməd Arazın 85 illik yubileyi ilə əlaqədar bədii qiraət, şeir müsabiqəsi keçirmişik. Yekun tədbirdə şairin ailə üzvləri iştirak etdilər. Bu kimi hadisələr şagirdlərin yaddaşında dərin iz buraxır, unudulmayacaq xatirəyə dönür. Bundan başqa, Nəsiminin şeirlərindən ibarət qiraət müsabiqəsi təşkil etmişik. Əvvəlcədən hər sinfin divarında müsabiqənin elanları haqqında lövhələr yapışdırırıq. Azyaşlı uşaqlara “Nağıl dünyası”, ibtidai siniflərdə oxuyanlara “Ucadan oxu” təşkil edirik, 7-ci sinifdən yuxarı məktəblilərlə əsərlərin müzakirəsi ilə bağlı tədbirlər keçiririk. Müsabiqələr uşaqlarda bədii ədəbiyyata, şeirə olan həvəsi də artırır. Şagirdlər şeir müsabiqələrinin keçirilməsini həvəslə gözləyirlər. Balaca oxucularımız nağıllara, hekayələrə daha çox üstünlük verirlər. Bununla belə, xarici dramaturqları da şagirdlərə sevdirməyə çalışırıq.

– Kitabxananızın sevimli oxucularını yəqin ki, tanıyırsız. Kimləri fərqləndirmək istərdiniz?

– Əslində bizim üçün oxucularımızın hamısı, hər biri əzizdir. Belə oxucularımız çoxdur. Amma fikrinizə qüvvət üçün XI “C” sinif şagirdi Azər Salehlinin, VII “A” sinif şagirdi Lamiyə Lazımovanın, VII “B” sinif şagirdi Nərmin Məmmədovanın adını xüsusilə çəkərdim. Bu şagirdlər bir növ həm də məktəbli dostlarının mütaliə təbliğatçılarıdırlar. Onların fikrincə, təhsilə meyilli şagird həm də mütləq fəal mütaliəçi olmalıdır.

Mütaliəçi şagirdlərimiz həmyaşıdlarından təkcə çoxlu kitab oxumaları ilə fərqlənmirlər. Kitab mütaliəsi  onların düşüncəsi ilə yanaşı davranışlarına, bir sözlə, mükəmməl vətəndaş kimi formalaşmalarına da müsbət təsir göstərir. Elə bu səbəbdən oxucularımızın sayının artmasına ciddi fikir veririk.

Şahməmməd Soltanov

 

Şərh Yaz