“Ağolu” məscidi 1902 – 1914-cü illər

İnventar nömrəsi 4393 olan tarixi abidə – “Ağolu” məscidi 1902-ci ildə tikilmişdir. Məscidə bitişik yardımçı otağı ilə birlikdə sahəsi 300 kvadratmetrdir. Məscid yerli tikinti materialları ilə yerli arxitektura üslubuna əsasən ictimai bina olaraq inşa edilmiş və bu işdə Lahıc əhalisinin böyük dəstəyi olmuşdur.

“Ağolu” məscidinin ilk görkəmi demək olar ki, nisbətən qalmışdır. Başqa məscidlərdən fərqli olaraq o öz minarəsini qoruyub saxlamışdır. Ona məscid görkəmini verən də indiyənə kimi qorunub saxlanmış minarəsidir. Məsciddə biri ortadan, digəri yan hissədən olmaqla ikilaylı 2 qapı mövcuddur. Qapılar ağac materialındandır. Üstündə ağacdan müxtəlif ornamentlər mövcuddur. Əsas 2 ədəd pəncərə giriş qapısının sağ və solunda, əlavə olaraq nisbətən kiçik 3 ədəd pəncərə üst hissəsində, 1 ədədi yan hissəsindədir. Məscidin giriş qapısının üstündə ərəb hərfləri ilə həkk olunmuş daş kitabə yerləşir. Həmin kitabədə “Quran”dan kitabından ayələr, “Hədisi-Şərif” və məscidin inşa tarixi (1332 Hicri tarix) qeyd edilmişdir. Kitabə üzərində qeyd edilmiş tarix binanın istifadəyə verilmə tarixini göstərir. İçindəki 4 sütun ağac materialındandır. Sol tərəfdə eyvanda minarəyə çıxmaq üçün pilləkən mövcuddur. Məscidə bitişik yardımçı otaqlardan məscidin hücrə hissəsinə və məscidin özünə giriş qapıları vardır. Bu onu göstərir ki, yardımçı otaqlar sırf məscidə aiddir. Tikinti işi aparılmamışdır.

Binada ilk bərpa işi, bina qoruğun ərazisinə daxil ediləndən sonra aparılmağa başlanılmışdır. Bina Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 18 may 1981-ci il tarixli qərarına əsasən Lahıc Dövlət Tarix Mədəniyyət qoruğunun ərazisinə daxil edilmişdir. “Ağolu” məscidi Mədəniyyət Nazirliyinin Xüsusi Elmi-İstehsalat müəssisəsi tərəfindən aparılmış əsaslı bərpadan sonra 1985-ci ildə Lahıc Dövlət Tarix-Mədəniyyət qoruğunun nəzdində ictimai əsalarla Lahıc Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlamışdır. Muzey 1992-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət statusu alaraq hal-hazıra kimi Lahıc Tarix-Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. Tarixi abidə İsmayıllı rayon Lahıc qəsəbəsi Ə.Əliyev 22 ünvanında yerləşir.

Muzeyin fondunda 1340 ədəd eksponat mühafizə edilir. Bina 10 ekspozisiya, müxtəlif şöbələrdən ibarətdir və müxtəlif mövzulara aid guşələr yaradılmışdır. Eksponatların ən qədimləri 2000 il (b.e.ə III-II əsrlər) tarixə malik olan saxsı əşyalardır. Hal-hazırda da muzeyə əşya cəlb edilməsi məqsədi ilə təbliğatı söhbətlər aparılır və bunun sayəsində yeni-yeni tarixi əhəmiyyət kəsb edən eksponatlar muzey fonduna daxil edilir.

Hər il muzeyi minlərlə yerli və xarici turistlər ziyarət edir, onlara lazımi mədəni xidmət göstərilir. Muzeydə ali məktəb tələbələri və orta məktəb şagirdləri üçün Lahıc və Azərbaycançılıq mövzusunda tarixi dərslər təşkil olunur.

Kamal Əliyev,

Lahıc Dövlət Tarix-Məniyyət Qoruğunun direktoru

 

Şərh Yaz