Biz susmadıq…

20-ci əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 29-cu ildönümü ərəfəsindəyik. 20 Yanvar faciəsi Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, lakin, o, təkcə faciə deyil. Bu tarix həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Məhz həmin gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri dönməyəcəyini və bu müqəddəs amal uğrunda canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Əsrlər boyu torpaqlarımız öz mühüm strateji-coğrafi mövqeyi və zəngin sərvətləri səbəbindən yadelli basqınlarına məruz qalıb. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o, eyni vaxtda həm faciə, həm də əsl qəhrəmanlıq nümunəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Nəticədə, insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinin tələbləri kobudcasına pozulub.

Bakıda 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn ümümmilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquq və demokratiyaya insanlığa zidd aksiya adlandırıb. O, bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb edib. Ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəşətli cinayət hadisəsinə obyektiv qiymət verildi. Məhz Ulu öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.  Müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar” qəbul edilib. 20 Yanvarda Azərbaycan xalqı çoxlu şəhid verdi. Ancaq vətən yolunda şəhidlik əsl qeyrət,  hünər, şərəf və ləyaqət zirvəsidir. Azərbaycanın bugünkü nəsli də gələcək nəsilləri də öz azadlığını vətən uğrunda həlak olan ləyaqətli, şərəfli vətən övladlarına borcludur. Azərbaycan torpağı belə ləyaqətli oğullar böyütdükcə heç bir dövlət bizi alçalda və azadlığımızı əlimizdən ala bilməz. Ümummilli liderimiz demişdir: “Bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa,

nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi, bizim milli sərvətimiz, milli iftixarımızdır”.

Dilək bir çək də bitirə bilməz,

Bu gündən sabaha körpü olmasa.

Azadlıq ağacı bar verə bilməz,

Şəhidlər qanıyla suvarılmasa.

1990-cı ilin qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu bizim qürur mənbəyimizdir və Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir. 20 Yanvar faciəsi istiqlaliyyətə can atan xalqımızın mübarizliyini, qorxmazlığını, cəsarətini nümayiş etdirdi. Xalqın qanı bahasına qazanılmış müstəqillik isə əbədi və daimidir.

ksünə dağ üstdən dağ çəkilən xalq,

Bir gün dağ çəkəcək dağın köksünə.

Məftil çəpərləri qıra bilən xalq,

Bir il gec, bir il tez qıracaq yenə.                                                                                                                                                   Şəhidlərimizin qanı yerdə qalmayacaq. Haqq və ədalət isə gec ya tez öz layiqli yerini tapacaqdır. Övlad dünyaya gətirib, onu min bir zülm və əziyyətlə boya-başa çatdıran heç bir şəhid anasının ahı yerdə qalmaz. Heç bir dövlət isə öz qəhrəmanlığı ilə tarix yazmış, igidliyi ilə dillərə dastan türkün, Azərbaycan xalqının səsini boğa, ədaləti susdura bilməz. Biz susmadıq. Başda ümummilli liderimiz Heydər Əliyev olmaqla bütün Azərbaycan xalqı öz günahsızlığını dünyaya tanıtdı və tanıtmağa da davam edir. 20 Yanvarı unutmadıq. Unutmayacağıq. Səbəbkarlar isə layiq olduqları cəzanı bir gün mütləq alacaqlar. Mən buna bütün mənliyimlə inanıram.

Kamalə Mehdiyeva,

3 nömrəli məktəb-liseyin XI sinif şagirdi

Şərh Yaz