Bədəlov Yanvar Piralı oğlu

Azərbaycanın mədəniyyət aləminə ağır itki üz vermişdir.

Şirvan ifaçılıq ənənəsinin XX yüzillikdə və çağdaş dövrümüzdə ən tanınmış nümayəndələrindən biri – ustad saz-söz sənətkarımız Aşıq Yanvar Bədəlov uzun sürən xəstəlikdən sonra 27 dekabr 2018-ci il tarixdə dünyasını dəyişmişdir.

Azərbaycan saz-söz sənətinin yaradıcısı kimi Aşıq Yanvar sənəti sərhəd tanımır. O, təkcə Şirvan bölgəsində deyil, Qarabağda, Mildə, Muğanda, eləcə də ölkəmizin hüdudlarından kənarda sevilən el sənətkarı idi.

Meydangir təbiəti, dastançılıq qabiliyyəti, ürəkləri ovsunlayan gözəl və məlahətli səsi, təbiətindəki səmimilik, doğmalıq və istiqanlılıq onu el-obanın sevimlisi etmişdi.

Aşıq Yanvar Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində anadan olmuşdu. Yanvar orta məktəbdə oxuyarkən qonşu Tağlabiyan kəndində yaşayan Aşıq Şamildən aşıq sənətinin sirlərinə yiyələnmişdi. Orta təhsili başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirmişdi. 1963-cü ildə Respublika festivalının iştirakçısı olmuş və II dərəcəli diplomla təltif olunmuşdu.

1970-ci ildən Tircan kəndində açılmış mədəniyyət evinin müdiri vəzifəsinə təyin edilmişdi.  İşinin öhdəsindən layiqincə gələn, kütləvi tədbirlərin yaraşığı olan mahir sənətkar həm də müxtəlif baxış və müsabiqələrdə iştirak edərək, bir sıra Diplom və Fəxri fərmanlara, 2004-cü ildə isə “Respublika aşıqları” müsabiqəsinin “Şirvan aşıq sənətkarları” nominasiyasının qızıl medalına layiq görülmüşdür.

El ağsaqqal, həm də güclü ustad sənətkar kimi tanınan Aşıq Yanvar bilik və bacarığını gənclərə öyrətməkdə də bir nümunə olmuşdur. Sənətkarın zil səsi, incə saz ifaçılığı, çevik aşıq rəqsi tamaşaçılar tərəfindən rəğbətlə, alqışlarla qarşılanırdı.

2016-cı il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi Sərəncamla Bədəlov Yanvar Piralı oğluna Azərbaycan Respublikasının Əməkdar mədəniyyet işçisi fəxri adı verilmişdir.

Ustadın – Aşıq Yanvar Bədəlovun əziz xatirəsi yaxınlarının, doğmalarının, sənət dostlarının və bütün sənətsevərlərin xatirəsində daim yaşayacaqdır.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

 İsmayıllı Rayon İcra Hakimiyyəti

 

Şərh Yaz