Təhlükə zərərsizləşdirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti yerlərdə “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

Gürcüstan Respublikasında insanlar arasında sürətlə yayılan “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin ölkəmizə keçməsinin qarşısını almaq, təsərrüfatlarda epizootoloji sabitliyi təmin etmək məqsədi ilə donuzçuluq təsərrüfatlarına mütəmadi baytarlıq baxışı, sahibkarlarla görüşlər keçirilir və təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır. Belə tədbirlərdən biri də İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun İvanovka kəndində yerləşən Nikitin adına təsərrüfatda icra edilib. Baytarlıq mütəxəssisləri təsərrüfatda saxlanılan 198 baş donuza baxış keçirib, 3 aydan yuxarı donuzları qarayara xəstəliyinə qarşı peyvənd edərək 712 kvadratmetr sahədə dezinfeksiya aparıblar.

Baytar mütəxəssislər “donuz qripi” xəstəliyi barədə təsərrüfatda çalışanları bir daha məlumatlandıraraq bildiriblər ki, xəstəliyin inkubasiya dövrü 1 -2 gündür, nadir hallarda 6-7 gün də olur. Xəstəliyin ilkin dövründə heyvanlarda  temperatur kəskin şəkildə yüksəlir, iştah pozulur, 2-3 gündən sonra heyvanın vəziyyəti daha da pisləşir, depressiya, ümumi zəiflik baş verir.

Xəstəliyin ilkin əlaməti öskürək, burundan seliyin axması, çətin tənəffüs, əzələ və oynaqlarda ağrıların olmasıdır. İkincili infeksiyanın inkişafı ilə əlaqədar pnevmoniya, plevrit və perikardit inkişaf edir. Bu arada çoşqalar arasında ölüm 60-70 faizə çata bilir. Heyvandarlara xatırladılıb ki, xəstəliyin spesifik müalicəsi yoxdur, heyvanlarda yalnız simptomatik müalicə aparılır. Odur ki, hər hansı narahatlıq zamanı baytar həkimi ilə əlaqə saxlanılması vacibdir.

Sözügedən məsələ ilə bağlı Dövlət Baytarlıq Xidmətinin İsmayıllı rayon şöbəsinin baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarəsinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

Barat Şahalıyev,

Dövlət Baytarlıq Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi

 

Şərh Yaz