“DAĞ ÇİÇƏKLƏRİ “

Təcnis

 

Payız mənə bənzəyir,
Dərd rəngi var sarıdan.
O, bugündən nigaran,
Mən sabahım sarıdan.

 

Saralmışam düzdən mən,
Sümbülümdə düz dən mən…
Keçim gedim düzdən mən,
Dönüm dağlar sarıdan.

 

Dərd bağrımı yaramı?
Yoxsa açım yaramı?
Bu payız da yaramı
Olmaz açan, sarıdan…

 

Könlümü sök, ilmədi…
Köhnədi, sökülmədi.
Bəlkə heç sökülmədi
Bir də mənə sarı dan.

Nazir Ziya Talıstanlı

Getdi Aşıq  Yanvar

 

Hər gün bir məclisə dəvət alardı,
Hər gün bir obaya işıq salardı.
Sehrli çıraq kimi
nura bürüyərdi hamını,
Sazıyla, sözüylə
çatdırardı bəndəyə
Allahın salamını.
Gəzərdi hər yeri
ayağında bərəkət,
dilində xeyir-dua,
kəlamında hikmət.
Bu da növbəti səfər …
Göylərdən gəldi sonuncu dəvət.
Mələklər təşnə idi onu görməyə,
Getdi Aşıq Yanvar
axirəti
toy evinə çevirməyə,
Tanrının rəhmətini
nəmər kimi almağa,
Nakam ölənlər üçün
“Yanıq Kərəmi” çalmağa.
Getdi Aşıq Yanvar
ruhunun əlində sədəfli saz,
Yerin sinəsi daraldı,
Göyün köksü genəldi bir az.
Axır ki, ulduzların da
bəxt ulduzu yandı …
Torpaq yoxsullaşdı,
Səma varlandı.
Getdi Aşıq Yanvar
əbədiyyət məclisinin
başında əyləşməyə.
Dostlar
ağ çiçək kimi göz yaşlarıyla
yola saldılar onu göyə.
Oqtay İsmayıllı

 

Qadınam

 

Mən öz şeirlərimə,

Səpələnən qadınam.

Fırtınalar qoynunda,

Ləpələnən qadınam.

 

Dodağının çatından,

Həzz alan dəli də mən.

Cəhənnəmində yanan,

Yeganə ölü də mən.

 

Səninçün sərhədləri

Sökdürə də bilərəm.

Səni dizlərin üstə

Çökdürə də bilərəm.

 

Səndən sonra doğuldum,

Səndən öncə ölərəm.

Bütün olmazları “Ol!” –

Edib, yenə gələrəm.

 

Mən öz ümidlərimi,

Boğan, qatil qadınam.

Günahının qoynundan,

Çıxan, batil qadınam.

 

Sussam, səsim Tanrının,

Qulaqlarına çatar.

Səni yerinə çəkər,

Məni göyündən atar!

 

Mən şeytanı aldadıb,

İblisi ram edərəm.

Ya səndən eşq düzəldib,

Ya da, adam edərəm.

Turac Hilal

 

Bax gö

 

Gözlərim bir aydın səma,

Yaxına gəl, bax, gözümə!

Məhəbbətin nuruna dön,

Baxışınla ax, gözümə!

 

Bir ocağam, isti, qaynar,

Damarında qanın oynar.

Bəlkə sonda vüsalı var,

Həsrətini sıx, gözümə!

 

Dəli sel ol, götür məni,

Öz dünyana ötür məni.

Arzulara yetir məni,

Səadəti yax, gözümə!

Xatın

 

Olmadı

 

Yad ellərin qulaq deşən nəğməsi

Mənə muğam olmadı ki, olmadı.

Süfrə dolu özgə bağın meyvəsi

Birində tam olmadı ki, olmadı.

 

Elə-belə görüntüdür toy-düyün,

Ömür yolu qəm yoludur büsbütün.

Taleyimdə, qismətimdə günlü gün,

Aylı axşam olmadı ki, olmadı.

 

Çox düşəndə şəkər ağı, duz ağı,

Payım ya şit oldu, ya da duzağı.

Dedim ömür əlli olar uzağı,

Ötdü zaman, olmadı ki, olmadı.

 

Ayaz, kim var dünyada sən ağılda,

Hamı kefdə, damaqda, çal-çağırda.

Düz olmaqla düzdə qaldın axırda,

Səndən adam olmadı ki, olmadı.

Ayaz Şəfaqətov

 

Dağlar Musa Yaqub sorağındadır

 

Yaman qəribsəyib çəməni, düzü,

Elə həsrət çəkib saralıb üzü.

Yollara baxmaqdan yorulub gözü,

Süzülüb göz yaşı, yanağındadır,

Təbiət şairin sorağındadır.

 

Elçi göndəriblər, tez durub gəlsin,

Elçini görəntək yola düzəlsin.

Səsin kəsmək olmur pipin, vələsin,

Günəşin şəfəqi otağındadır,

Təbiər şairin sorağındadır.

 

Əldə olanından payı ayrılıb,

Təzə bulaq coşub, suyu ayrılıb.

Gəlişə, görüşə ayı ayrılıb,

Sovqat  “M“ yolunun budağındadır,

Təbiət şairin sorağındadır.

 

Heykəli yonulub dağ arasında,

Çinarın, qovağın ön sırasında.

Qocaman palıdın saf qarasında,

Hamı bu heykəlin marağındadır,

Dağlar Musa Yaqub sorağındadır.

Nazilərova

 

rim

 

Sevimli kitabxanaçız Gür Bağırovaya

 

Adında  sevginin qızılı, varı,

Nərgiz güllərinin şeh damlaları,

Sevən ürəyimin yarısı, yarı,

Gözəl Gülərim!

 

Mən eşqinin, məhəbbətin xəstəsi,

Ətirli güllərin çiçək dəstəsi.

Sevgi nəğməsinin sənsən bəstəsi,

Gözəl Gülərim!

 

Vuran ürəyimin sevgi payısan,

Eşqimin çiçəkli ili, ayısan.

Sən gözəl bəxtimin yazı, yayısan,

Gözəl Gülərim!

 

Mən qatım sevginin gülünə səni,

Ləçəyinə səni, telinə səni.

Alım ürəyimin selinə səni.

Gözəl Gülərim!

 

Sən tər çiçək, tər gül, təzə baharsan,

Ömrümün yolunda noğullanarsan.

Sən mənim eşqimdə nağıllanarsan,

Gözəl Gülərim!

Surəbrayılova

 

lir ki, əlimdən

 

Dərdlərimi xurcunlara bölmüşəm,

Satmaq üçün bazarlarda qalıram.

Sevinc gəzib axtarıram özümə,

Baha, ucuz, satan varsa, alıram.

 

Başım üstə dumana bax, çənə bax,

Nə çəkilmir, nə sürünmür, nə itmir.

Təkcə ümid bir gümana qalıbdır,

Bu ümid də nə cücərmir, nə bitmir.

 

Dağ başına qartal qonub pərişan,

Qarğaların başı leşə qarışıb.

Qoca palıd caynağından asılıb,

Bir quzğun da quzğun göydən yapışıb.

 

Zər atıram, şeş fırlanır tək düşür,

Qoşanın da üzü dönüb, eh məndən.

Bağ salıram, gülü tağda yel vurur,

Şükür, başqa, nə gəlir ki, əlimdən.

stəm Məbudoğlu

 

Qanlı  20 Yanvar gecəsini düşürkən…

Yenə pərdəsini çəkir qaranlıq,
Zülmətin içinə çökür qaranlıq.
Möcüzə arayır yenə ürəyim,
Yumum gözlərimi yenə biranlıq.

 

Hardasa bir ümid çırağı yanır,
Ağappaq göyərçin zülmətə qonur.
Ağarır zülmətdən gecənin gözü,
Fikrim, xəyalımdı, gündüzü anır.

 

Yarıb zülmət dolu gecədən keçir,
Fikrim dünya boyda cənnəti seçir.
Qaranlıq olmasın dünyanın özü,
Dünyam qaranlığın özündən qaçır.

 

Günəşdən yoğrulmuş arzum, muradım,
Günəş zərrəsidir qolum, qanadım.
Ey Tanrım, zülmətdən qoru dünyanı,
Ürəkdə qalmasın ahım, fəryadım.

 

Göyərçin arzumun ağını göndər,
Mələklər ruhunu möcüzə endir.
Yer üzü qurtarsın dərddən, bəladan,
Zülmətli dünyanı cənnətə döndər.
Mehriban  İbrahimova

 

Çıb getmə

 

Musa Yaqubun “Çım gedim” şeirinə

 

Sən əvvəlsən, həm indisən,

Xaqaninin sələfisən.
Tapılmayan bir incisən,

Şairlikdə birincisən.

Son keçidi keçib getmə,

Vida suyun içib getmə.

Bilmirəm nə həvəsdəsən,

Çox da səksən içindəsən.

Hələ tezdir, çıxıb getmə.

Gizli sutək axıb getmə.

Qarlı dağlar sənsiz qalar,

Buz bulaqlar sənsiz qalar.

Darıxacaq bu dağ, meşə,

Nərgiz, süsən, tər bənövşə.

Sənsiz qalar, vallah, sənsiz,

O Şahdağı, Babadağı,

Sərt Girdiman, Göyçay çayı.

“Ağcabərə”, “Güllüsiyar”,

Zarat, Buynuz – gözəl diyar.

Bu diyardan çıxıb getmə,

Bizi sənsiz qoyub getmə.

Dünya özü pəncərədir,

Bir oyuncaq, əyləncədir.

Pəncərədən baxıb getmə,

Ürəkləri yaxıb getmə.

Neynəyirsən urvalığı?

Dəyirmanı götür, apar.

Günahımı burda saxla,

Savabımı götür, apar.

Orda sənə nəzər dəyər,

Dağdağanı qopart, apar.

Deyirsən ki, çıxım gedim,

Səslə məni, mən də gəlim.

Bu gedişə yoldaş olum,

Orda sənə sirdaş olum.

Necə qalım burda sənsiz,

Orda dönüm bir daş olum.

Əz Küskün,

Buynuz kəndi

 

Sarıl qələm-kağıza

 

Şəhid qızı, həyat yoldaşını gənc yaşında itirmiş qələm dostum Nargilə Əhədlinin “Cehizim” şeirinə

 

Sarıl qələm-kağıza,

Unut qəmi, kədəri.

Hər şeyin qədəri var,

Yox qədərin qədəri.

 

Atanın əziz yolu

Sənə duaçı olsun.

Onun şəhid məzarı

Hər gün nur ilə dolsun.

 

Qayıdan cehizinə

Qəm eləmə, bir dənəm.

Taleydən qaçmaq olmaz,

Gözünü görməyim nəm.

 

Sən təzə-tər çiçəksən,

Ömrün-günün öndədir.

Tumurcuq ümidlərin

Haqqa çatan ündədir.

 

Sarıl qələm-kağıza,

Vəsf elə sabahları.

Bir daha eşitməyək

Sən çəkdiyin ahları.

 

Təsəlli tapmaq üçün,

Bax, bacın Şərqiyyəyə.

Dözümünə dözüm qat,

Həyat, sevgi var deyə.

Şərqiyyə Balacanlı

 

Çıxasan

 

Getmisən, çox istəyirəm,

Daha canımdan çıxasan.

Üç-dörd ucuz xatirədən

Baha canımdan çıxasan.

 

Ay getməyə, il dayana.

Yanam, yerdə kül də yana.

Tamaşaya el dayana,

Baxa, canımdan çıxasan.

 

Zaman axır hər tərəfdən,

Yaman sıxır hər tərəfdən.

Həsrətin də bir tərəfdən

Sıxa, canımdan çıxasan.

 

Görəsən halımı  bəlkə,

Alasan canımı bəlkə.

Kəs, axıt qanımı, bəlkə,

Axa, canımdan çıxasan.

 

Neynim, sevgin yaxın candan,

Çıxmaz dərdim, ahım candan.

Bircə yol var, ruhum candan

Çıxa, canımdan çıxasan.

qar Vaqifoğlu

 

hmət adamı

 

Axşamlar tez yatıb, tezdən oyanıb,

Zəhmətin oduna alışıb, yanıb.

Həyat yollarında məğrur dayanıb,

Əlləri qabarlı zəhmət adamı.

 

Dəmiri əridib, yolları salıb,

İşindən-gücündən hey fərəh alıb.

Zəhmətilə zirvələrə ucalıb,

Əlləri qabarlı zəhmət adamı.

 

Çətinsə də hər an çəkdiyi zəhmət,

Zəhməti gətirir elə məhəbbət.

Niyyəti deyildir nə var, nə dövlət…

Əlləri qabarlı zəhmət adamı.

 

Alnına çəkilib illərdən qırış,

Nə isti yay bilib, nə qar, nə yağış.

Aşıb neçə dərə, neçə yal, yoxuş,

Əlləri qabarlı zəhmət adamı.

 

…Başın uca olsun sənin, ey insan,

Köməyində olsun hər vaxt Yaradan.

Həyatın  üzünə gülsün  hər zaman…

Əlləri qabarlı zəhmət adamı.

Xuraman Baxış

 

Bu yola

 

Şəhidlərin ildö

 

Şəhidlər uyuyan yerə –  xiyabana tərəfdi yol,

Qanla, canla başa gəlib, işlənməyib daş bu yola.

Özümüzünkülər qoyub azadlığın təməlini,

Bizim kimi heç bir kimsə işlədəmməz baş bu yola.

 

Kaman bizi əvəz edib, yerimizə tar ağlayıb,

Torpaq çalıb laylasını, şəhidə məzar ağlayıb.

İllərdi ki, aylardı ki, qurudan quru saxlayıb,

Düşmənlərin acığına axıtmırıq yaş bu yola.

 

Könül verib torpağına, olmaq üçün Vətənə yar,

Kimsələr vadar etməyib, özü buna verib qərar.

Başlanğıcında güc, hünər, sonunda da dəyanət var,

Nadan çəkir intizarın, qalıb həsrət,  çaş bu yola.

 

Yarıb çıxır buludları, dumana da göstərir üz,

Ay nurunu calayanda tapmayırsan deməyə söz.

Günəş gəlir öhdəsindən, qoymur qala, əridir tez,

Belə yerə çox yağıb qar, bələd olub qış bu yola.

 

Ölümsüzlüyü qazanıb, daim yaşayır, ölməyir,

Yazıldığından qan ilə, pozulmayır, silinməyir.

Bu yol elə bir yoldu ki, tükənmək, bitmək bilməyir,

Ömrüm yetirə özünü, Tamam, çata yaş bu yola.

Tamam Nur Tağlabiyanlı

 

QANLI  20 YANVAR

 

Namərdlər tanklar ilə

Əzdilər insanları.

Küçə və meydanlara

Axıtdılar qanları.

 

Xiyabanı bürüdü,

Qırmızı  qərənfillər.

Məzarların üstündə

Qan ağladı o güllər.

 

Hələ qulaqlardadır,

Hay-haray, güllə səsi.

Bəşərin yarasıdır,

Qanlı Yanvar  gecəsi.

Ləman Bədəlli,

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin III “B”  sinif  şagirdi 

 

Şərh Yaz