Prezidentin misgər dostu

Daha bir təqvim ilini arxada qoyuruq. Kiminəsə 2018-ci il tamamilə məxsusi, heç zaman unudulmayacaq, şəcərəsinin yaddaşında yer alacaq bir tarix kimi əlamətdar oldu və taleyinə möhürünü vurdu. Bu ilin xoş anlarının daha çox müşahidə edildiyi, insanları üçün rahatlıq, sevincli günlər yaşanan məkanlarından biri də tarixin dərinliklərində binə qurub bu günədək dimdik dayanan, söykəndiyi dağlardan güc alan Lahıc və lahıclılar oldu.

Bir il ərzində dövlət başçısı İlham Əliyevin verdiyi 3 sərəncam və onların operativ şəkildə icrası lahıclıların həyatını tamamilə dəyişdi. Yeni məktəbin tikilib istifadəyə verilməsi, mənzillərin mavi yanacaqla təchiz olunması, Şamaxı rayonunun qədim kəndlərindən olan Dəmirçi ilə Lahıc arasında yolun çəkilməsi insanların sosial vəziyyətləri ilə yanaşı, eyni zamanda maddiyyatlarının daha da yaxşılaşmasına stimul verdi. Qeyd etmək lazımdır ki, Dəmirçi-Lahıc yolu dairəvi turizm marşrutunun formalaşdırılmasını şərtləndirdi. Bu da həmin əraziyə turist axınının daha da çoxalması və ətraf kəndlərin maddi imkanlarının yaxşılaşması ilə müşayiət ediləcək.

Bu il Lahıcda ziyalılığı ilə seçilən Əliyevlər ailəsi üçün xüsusən toy-bayrama çevrildi. Prezident

İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onların həyətlərinə daxil olması, bir süfrədə çay içməsi, sözün əsl mənasında, ailəni xeyli duyğulandırdı.

İxtisasca tarix müəllimi olsa da, daha çox misgərliyə üstünlük verən, dolanışığını zəhmətlə yoğuran Nəzər Əliyev Prezidentlə olan tanışlığı və dostluğunun bir neçə il əvvələ təsadüf etdiyini deyir. 26 avqust 2018-ci il isə onun üçün unudulmaz tarixlərdən oldu. Dediyinə görə, 56 illik ömründə onun üçün heç bir tarix bu qədər yaddaqalan olmayıb. Belə ki, bunu Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Lahıca gəlişini və onlarla görüşünü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsiyyətinə və onun ailəsinə, ailə üzvlərinə uzun illər pərəstişinin mükafatı kimi qəbul edir.

Xatirələr Nəzər müəllimi çox-çox uzaqlara aparır. Düşüncələrini öz dilindən eşidək: “Hələ orta məktəbdə oxuyurdum. O zamanlar dövlət rəhbərinin ailələri haqqında indiki kimi geniş informasiya yayılmırdı. Belə bir dövrdə Heydər Əliyevin bizimlə yaşıd İlham adlı oğlunun olmasını haradansa öyrənmişdim. 1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olduğum vaxt ümummilli lider Heydər Əliyevin Moskvaya işə getməzdən əvvəl Dzerjinski adına klubdan çıxarkən insan kütləsi arasından onu seyr edib yola salmağım, 1990-cı ildə “Arqumentı i faktı” qəzetində Heydər Əliyevin kommunist partiyası sıralarından çıxması haqqında xəbəri oxuyarkən dünyanın sonunun çatmasını zənn etməyim, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra keçirdiyi mətbuat konfransının materiallarını oxuyarkən, Azərbaycanın xilas olmasına əmin olmağım, 1996-cı ildə S.Bəhlulzadə adına sərgi salonunda təşkil olunmuş əl işləri sərgisində Ulu öndərin mənim düzəltdiyim əşyalarla tanış olmağını seyr etməyim və s. bir daha yadıma düşür”.

Nəhayət, 2005-ci ildə birinci dəfə İlham Əliyev İsmayıllıya səfəri zamanı Nəzər Əliyevin əl işlərindən ibarət sərgidə onunla həmsöhbət olub və onun misgərlik sənəti haqqında çox məlumatlı olmasına heyran qalıb.

2009-cu ilin oktyabr ayında İlham Əliyevin İsmayıllıya növbəti səfəri zamanı N.Əliyevin bir neçə həmkarı ilə birgə əl işləri sərgisi nümayiş etdirilib. Nəzər Əliyev həmin sərgidə ekspozisiyalarla tanış olan dövlət başçısından həmkarlarının məhsullarının gömrükdən keçirilməsinin çətinliyi ilə bağlı köməklik xahiş edib. Bu hadisədən 6 ay sonra 2010-cu ilin mart ayında Bakıda, dənizkənarı bulvarda təşkil olunmuş Novruz şənliklərində yenə əl işləri sərgisində iştirak edib. İlham Əliyevin onu tanıması və gömrük çətinliyi xahişi ilə bağlı söhbəti Nəzər Əliyevi onun yaddaşına heyran edib. Ondan sonra hər il Novruz şənliklərində, turizm sərgilərində, mədəniyyətlərarası forumlarda iştirak edib və hər dəfə də Prezidentin onu və hər bir iştirakçını diqqətdən kənarda qoymamasını təkrar-təkrar müşahidə edib.

Hər dəfə tədbirlərdə Prezident İlham Əliyev və onun ailə üzvləri ilə həmsöhbət olduqda ən böyük mükafatını aldığını düşünür və Lahıca qayıtdıqda xatirələrini yaxınları ilə həvəslə bölüşür.

N.Əliyev fikirlərini davam etdirir: “İlham Əliyevlə söhbətlərin şirin və fəxredici xatirələri çoxdur. Tale qismət elədi ki, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə 2011-ci ildə Avstriyanın paytaxtı Vyanada təşkil olunmuş Nar festivalında, 2014, 2015, 2016-cı illərdə Fransanın paytaxtı Paris şəhərində açılmış “Azərbaycan Şəhərciyi”nin tədbirlərində əl işləri sərgisi ilə iştirak etdim. Hər dəfə Mehriban xanımla həmsöhbət oldum. Parisdə onun nə dərəcədə yüksək hörmətə malik olduğunun şahidinə çevriləndə fəxr edirdim. 2016-cı ildə Mehriban xanımın şəxsi hörməti sayəsində “Lahıc misgərlik sənəti”nin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi isə min illər boyu Lahıclı misgər sənətkarların (mənim nəslimin) zəhmətinə və əməyinə verilən ən yüksək qiymət idi”.

2017-ci il aprel ayında “Bakı Ekspo Mərkəzi”ndə keçirilən növbəti turizm sərgisində İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı yenə Lahıca, dükanına və evinə gəlməyə dəvət edir. Və inanılmaz! İlham Əliyev cənabları: “Mütləq gələcəyəm” deyə vəd verir. Nəhayət, 26 avqust 2018-ci il. Prezident misgəri onun səfəri münasibətilə “Lahıc icma evi”ndə təşkil etdiyimiz sərgi yerində görən kimi: “Mən söz vermişdim, gəlmişəm, dükanına da, evinə də gedəcəyəm” deyəndə Nəzər müəllimin hansı halda olmağını və nə hisslər keçirdiyini sözlə ifadə etmək olmur. Məsələ heç də bununla bitmir. Prezident Lahıc küçələri boyunca keçərkən və qəsəbə sakinləri ilə səmimi görüşərkən: “Məni bu usta dəvət edib, gəlmişəm və əli boş gəlməmişəm” sözlərini dəfələrlə təkrar etdi.

Nəzər Əliyev fikirlərini davam etdirir: “Ölkə Prezidentinin sadə bir vətəndaşın, bir misgərin dəvətini qəbul edib onun evinə gəlməsi görünməmiş bir hadisədir. Bunun sevincini bütün Yer kürəsində yaşayan insanlarla bölüşsən qurtarmaz! Bu dəvətin qəbulu möhtərəm Prezidentin və onun ailəsinin sadəliyindən, səmimiliyindən, ucalıqlarının, insansevərliklərinin nə qədər yüksək olmasından qaynaqlanır. Mənə elə gəlir ki, möhtərəm Prezidentin və onun xanımının mənim həyətimə gəlməsi, qapımı açması həyatımda sənətimlə, fəaliyyətimlə qazana biləcəyim və qazandığım ən yüksək nailiyyətdir. Bu hadisə mənə sevinc, iftixar hissi, mənəvi fəxarət verib ki, mən bunu digər hadisədən – heç bir təltifdən, fəxri addan və s. ala bilməzdim”.

Nəzər Əliyevin anası Hacıxanım Püstə Əliyeva da söhbətə qoşulur. Deyir ki, zamanında Lahıc camaatı çox çətin günlər keçirib. Odun sobası yandırılıb və neft pilətələri ilə həyatlarını çətin vəziyyətdə sürüblər. Yollar bərbad halda olub. Kənar bir məkana çıxmalı olanda at ilə gedib Girdiman çayını keçiblər.

Püstə xanım söhbətini davam etdirir: “Bizə, Lahıc əhalisinə birinci rahatlığı ümummilli lider Heydər Əliyev gətirdi. O nur üzlü rəhbər Lahıc qəsəbəsinə körpü saldırdı. Həmin körpüdən keçənlər mütləq ulu öndərə rəhmət oxuyurlar. Onun yetirməsi İlham Əliyev Lahıc və onun əhalisini unutmadı. Oğluma söz verdi və ən əziz qonağımız olmaqla sözünün üstündə dayandı”.

İsmayıllı rayon Lahıc bələdiyyəsinin sədri, qəsəbə orta məktəbinin fizika və informatika müəllimi, əməkdar müəllim Rövşən Əliyev isə ölkə rəhbərini və xanımını həyətlərində gördükdə əsla təəccüblənməyib. Səbəb isə onsuz da Prezidentin və Birinci vitse-prezidentin həmişə xalqın arasında olmasıdır. O düşünür ki, ölkə rəhbəri onların timsalında Lahıcdakı bütün evlərdə olub. Çünki Prezident sərəncamı əsasında çəkilən mavi yanacaq bütün evləri isidir, təzə məktəbdə tədris olunan biliklər hər ailə üçün yeni ümid, gələcəyə inam yaradır. Yeni inşa olunan yoldan isə hər kəs bu və ya digər formada bəhrələnir.

Azərbaycanın dünyaya açılan pəncərəsi olan Lahıcın və lahıclıların ocaqlarının daim gur, zehinlərinin iti və yollarının isə açıq olmasını arzulayırıq.

Əli SƏLİMOV,

“Azərbaycan”

Şərh Yaz