Azərbaycan dövlətçiliyinin xilaskarı

Dünya daimi dünyadır. Yaranmış bütün canlılar isə gəldi-gedərdir. Uca Allahın dünyaya bəxş etdiyi bizlər bir ömür yaşayırıq… Hər kəs bu ömrü bir cür yaşayır. Öz şəxsi həyatı üçün, cəmiyyət, xalq üçün və hər şeyə biganə yaşayanlar.  Qeyd etdiyimiz ikinci qrupa aid olan insanlar çox azlıq təşkil etdiyindən, onlar tarixə düşürlər. Dünyanın elə dövlət xadimləri, siyasətçiləri var ki,  onların adı tarixə həmişəlik həkk olunmuşdur. Zamanın heç bir tufanı, dalğası bu yazıları pozmağa qadir deyil. Yəqin ki, min illər ötsə belə Heydər Əliyevin xidmətləri nəsillər tərəfindən bir-birinə ötürüləcək və  onun əziz xatirəsi daim əziz tutulacaq. Cəmiyyət tarixi faciələrdən keçib fopmalaşmışdır. Bəlkə də dünya xalqları içərisində ən faciəli tale yaşamış Azərbaycan xalqı haqqında danışanda milli təəssübkeşliklə ağır düşüncələrdən keçmiş olursan.

Ən başlıcası Azərbaycanın dəhşətli olaylarına nəzər saldıqda nəticə insanı sarsıtmaya bilməz. Həqiqətləri öz zamanında danışmağın özü də çətindir. Ancaq danışmaqdan çox tarixin istiqamətini mənsub olduğun xalqın mənafeyinə yönəldərək, ona doğru yol getmək, böyük bir xalqı öz arxasınca çəkib aparmaq daha çətindir. Bu baxımdan Heydər Əliyev siyasi fenomen kimi  Azərbaycan tarixinin həqiqətidir.

Zamanın bir böyük həqiqəti də var. Bu da yaranan hər bir canlının haçansa əbədiyyətə qovuşması həqiqətidir. Bəzən insan mövcud reallıqla barışmaq istəmir və barışmır. Bu gün Azərbaycan xalqının barışa bilmədiyi bir reallıq var. Ümummilli liderimiz Heydər Əliyevin yoxluğu ilə… Bəli, təəssüflər olsun ki,  bu, alışa bilmədiyimiz acı bir həqiqətdir. Lakin illər ötəcək, əsrlər keçəcək Heydər Əliyev Azərbaycan xalqının qəlbində, əməlində həmişə yaşayacaq və bir müdrik şəxsiyyət olaraq qalacaqdır.

Şərəfli bir ömür yolu keçmiş Azərbaycan dövlətçiliyinin xilaskarı, uğurlu siyasətin memarı, daim yaddaşlarda qalacaq bu dahi insan xalqımızın möhtəşəm tarixinin son iyirminci yüzilliyini öz əməlləri ilə, dövlətçilikdə qazandığı uğurları ilə tarixin səhifələrinə qızıl hərflərlə yazdı. Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, haqqında günlərlə danışmaq olar. Onun həyatı cild-cild monoqrafiyaların, tədqiqat əsərlərinin mövzusudur.

Heydər Əliyevdən cismən ayrılmağımızdan 15 il ötür. Bu on beş ildə xalqımız bir tərəfdən kədərlənsə də, bir tərəfdən qürur hissi duyaraq yaşayıb.  Xalq kədərlənir ki, bu gün Ulu öndər aramızda yoxdur. Lakin sevinir ki, varisi estafeti uğurla davam etdirir, Azərbaycanı çiçəklənən dövlətə çevirir, nailiyyətlərinin sayını artırır.

Ulu öndərin layiqli davamçısı artıq 15 ildir ki, Heydər Əliyevin seçiminin doğru olduğunu, Azərbaycanın məhz Ümummilli liderin siyasətinə kökləndiyini öz əzəmətli quruculuq işləri ilə sübut edir. Ona görə də tam səmimi olaraq deyə bilərik:

Rahat uyu, əziz Öndər! Allah rəhmət eləsin!

Hacımməd Məmmədov,

ək veteranı

Şərh Yaz