İnkişaf insanların rahatlığıdır

26 avqust 2018-ci il tarixdə cənab Prezident İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə Lahıca etdiyi tarixi səfərin sevincini yaşamaqda davam edən sakinlərlə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüş-qəbul keçirib. Tədbir həmin tarixdə ölkə rəhbərinin açılışını etdiyi 400 yerlik məktəbin akt zalında keçirilib.
Görüş-qəbulu giriş nitqi ilə açan RİH-nin başçısı M.Sadıqov qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti, qayğısı və yeni-yeni sərəncamları ilə yüksək inkişaf səviyyəsinə çatan İsmayıllı, onun ən qədim yaşayış məkanı olan Lahıc qəsəbəsi və ətrafındakı kəndlər tamamilə fərqli bir istiqamətə yönəlib. Dövlət səviyyəli problemlərimiz dövlət rəhbərinin sərəncamları ilə öz həllini tapıb. Qalanlar isə məişət xarakterli kiçik və yerli imkanlar hesabına həll olunası məsələlərdir. Hər birimiz, bütövlükdə İsmayıllı sakinləri Prezidentimizin qayğısına fədakar əməyimiz, ədalətli mövqeyimiz, dövlətə sədaqətimizlə cavab verməliyik.
İclas salonuna toplaşan 150 nəfərdən çox sakinin fikirlərini ifadə edən müəllim Rəfiqə İsmayılova və xəstəxananın baş həkimi Sədrəddin İsgəndərov cənab Prezident İlham Əliyevə Lahıca bəxş etdiyi təminatlı həyata görə minnətdarlıq ediblər, bildiriblər ki, yeni layihələrin icrası Lahıca uzun illərin inkişafını gətirib, insanların həyatı rahatlıq tapıb, təhsil şəraiti təəccüb doğuracaq səviyyədə yaxşılaşıb, qədimliyi, sənətkarlığı, məşğuliyyəti ilə oxşar olan Dəmirçi  Lahıca asfalt yolla birləşib. Baş həkim onu da diqqətə çatdırıb ki, 15 çarpayılıq müasir xəstəxana bir növ həkimsiz qalıb. Səhiyyə Nazirliyi kadr problemini həll etməsə, Lahıc qəsəbə xəstəxanası öz funksiyasını yerinə yetirməkdə çətinlik çəkəcək.
Pensiyaçı müəllim Tahir Babayev deyib ki, övladları, nəvələri ilə birgə boş qalmış Qərçə kəndinə köçüb və burada heyvandarlıq üzrə böyük təsərrüfat yaradıb. Xahişi də odur ki, buraya işıq çəkilsin, yol bərpa edilsin. Belə olarsa, təsərrüfatı daha da genişləndirmək, yeni iş yerləri açmaq olar.
İcra Hakimiyyətinin başçısı T.Babayevin işini təqdir edib, qaldırılan məsələ ilə əlaqədar aid təşkilatlara tapşırıq verib.
İştirakçılar bir sıra hüquqi problemlərin həllinə, iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun artırılmasına, həyətyanı torpaq sahəsi verilməsinə, Qarabağ müharibəsi əlili üçün fərdi ev tikilməsinə, ünvanlı sosial yardım alınmasına və özünəməşğulluğun təşkilinə köməklik göstərilməsinə köməklik göstərməyi xahiş ediblər. Hüquq-mühafizə orqanlarının və bütün aid xidmət təşkilatlarının iştirak etdiyi tədbir konkret tapşırıqlar verilməsi ilə yekunlaşıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov görüş-qəbulda iştirak edib.

Şərh Yaz