Gəraybəyli kəndində görüş-qəbul

Əməksevərliyi, ictimai fəallığı və sosial-iqtisadi inkişafla bağlı qarşıya qoyulan vəzifələrin aktiv icrasında daha çox fərqlənən Gəraybəyli kənd sakinləri ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüş-qəbul keçirib.
Giriş nitqi ilə tədbiri açan Mirdaməd Sadıqov öncə iştirakçıları salamlayıb, sonra qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya səfərlərinin yüksək nəticələri, yeni layihələrin həyata keçirilməsi ilə əlaqədar qəbul etdiyi sərəncamlar rayonun simasını başdan-başa dəyişir. Problemlər ardıcıllıqla həllini tapır. Şəhər, qəsəbə və kəndlərimiz abadlaşmaqda davam edir. Əhaliyə hərtərəfli və dayanıqlı xidmət göstərilir, kənd təsərrüfatının inkişafı yeni istehsal və emal istiqaməti götürür. Vacibdir ki, Gəraybəylinin torpaq payçıları birgə, kooperativ təsərrüfat yaratmaq istəyində olsunlar. Torpağın strukturuna və iqlimə uyğun yeni istehsal sahələri yaradılsın.
RİH-nin başçısı bunlardan sonra onu da dedi ki, mən sizin problemlərinizlə, yaşam tərzinizlə yaxından tanışam. Bilirəm ki, azı 240 yerlik yeni məktəbə burada  ciddi ehtiyac var. Kəndin köhnə klubunda yerləşən uşaq bağçasının yeni binaya köçürülməsi zərurəti mövcuddur. Tam orta məktəbin binasına texniki şərtlərə əməl etməklə qaz çəkilməsi məsələsi gündəlikdə durur.
Mirdaməd Sadıqov çıxışını yekunlaşdırdıqdan sonra iştirakçılara müraciət etdi, kimin nə sözü, təklifi olduğunu soruşdu. İki sakin özünəməşğulluq proqramına cəlb olunması üçün kömək edilməsini, bir qadın sosial yardım göstərilməsini, arıçılıqla məşğul olan başqa bir sakin arı pətəklərinin kompensasiya almaq üçün qeydiyyata götürülməsini xahiş etdi.
İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sonda qaldırılan məsələlərin icrasını aid təşkilatların rəhbərlərinə tapşırdı.

Şərh Yaz