Yaddas kitabcasi

Məşəl kimi yanan ürək

Tarixdə elə şəxsiyyətlər, elə liderlər olub ki, onlar bir xalqın, bir millətin taleyində xüsusi rol oynamış, sanki  Tanrı tərəfindən seçilmişdir. Bu seçilmişlər ya mənsub olduqları xalqın rifahına, inkişafına, ya da tənəzzül və məhvinə səbəb olmuşdur. Azərbaycan xalqının taleyində, onun inkişafında  müstəsna xidməti olan bir lider olmuşdur. Bu lider bütün ömrünü xalqın və dövlətin tərəqqisinə, dövlətçiliyin inkişafına həsr etmiş ulu öndər Heydər Əliyev olmuşdur.

1923-cü il 10 may tarixində, gözəl bir yaz günündə anadan olan Heydər Əliyev qış dövrünü yaşayan bir Azərbaycanda göz açdı. Sövet İmperiyası tərkibində əsir həyatı yaşayan bir Azərbaycanda. Çətinliklər, zorluqlar çox olsa da oxudu, savadlı bir gənc oldu. Əzmi sayəsində həyat və vəzifə pillələrində daim yüksəklərə qalxdı.

1944-cü ildə Dövlət Təhlükəsizlik Komitəsində işə başlayan H.Əliyev 1967-ci ildə artıq bu qurumun sədri oldu. Lakin bu vəzifədə belə xalqın rifahına xidmət edən Heydər Əliyevin seçilmişlik missiyası hələ bu deyildi.

1969-1982-ci  illər ərzində Azərbaycan dövlətinə Heydər Əliyevin ilk rəhbərlik dövrü başlandı. Tanrı onu əsarət zəncirində inləyən bir xalq üçün nicat yolu seçmişdir. Heydər Əliyevin ilk rəhbərliyi dövründə 250-dən çox zavod və fabriklər istifadəyə verilmiş, neçə-neçə yollar, körpülər işə salınmışdı.

Belə bir deyim vardır ki, bir milləti məhv etmək istəyirsənsə onun dilini əlindən al. Bəli, Azərbaycan SSR-də heç bir idarə və müəssisədə Azərbaycan dilində danışılmır, bütün sənədləşmələr rus dilində aparılırdı. Lakin Heydər Əliyevin əzmkarlığı sayəsində 1978-ci ildə Azərbaycan SSR-in yeni  konstitutiyası  qəbul olundu və burada Azərbaycan dilinin dövlət dili olması ilk  dəfə öz əksini tapdı. 1982-ci ildə H.Cavidin nəşinin Rusiyanın İrkutsk şəhərindən Azərbaycana gətirilməsi, yüzlərlə muzeylərin, musiqi və elm mərkəzlərinin yaradılması Ulu öndərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə göstərdiyi qayğının təzahürü idi.

Heydər Əliyevin saymaqla bitməyən xidmətləri, onun Azərbaycana ikinci rəhbərliyi dövrü də xalqın rifah halının yüksəlməsinə öz töhfəsini vermişdir. 1993-cü il xaos, müharibə, səfalətin hökm sürdüyü Azərbaycanın bir xilaskarı var idi. O da ulu öndər Heydər Əliyev idi. Onun hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyunu xalqın “Qurtuluş günü” kimi bayram etdiyi tarixi gün oldu. Heydər Əliyev bu dəfə daha güclü bir Azərbaycanı qurdu. Daha güclü iqtisadiyyat, daha varlı bir ölkə yaratdı. İflas həddində olan, heç kimin tanımayıb saymadığı bir dövləti müstəqil, sayılıb-seçilmiş, hərbi gücü, iqtisadi-siyasi əlaqələri möhkəm olan bir dövlətə çevirdi.

Bəli, Tanrının Azərbaycan xalqı üçün seçdiyi bu lider, bu dahi insan bütün ömrünü xalqına həsr etdi. Lakin 2003-cü ilin soyuq qış günü, 12 dekabrda ulu  öndər Heydər Əliyev vəfat etdi. Onun xalqı üçün məşəl kimi yanan qəlbi dayandı. Lakin cismən aramızdan gedən bu dahi insan, xalqının qəlbində daim yaşamaqdadır. Hər yerdə, hər müəssisədə, hər sahədə onun xatirəsi vardır.

Çünki, bu güclü, müstəqil Azərbaycan Heydər Əliyevin bizə qoyduğu mirasdır. Bu miras isə indi əmin və etibarlı siyasətçilərin əllərindədir.

Aygül Nəsirova,

Talıstan kənd tam orta məktəbinin tarix müəllimi 

Şərh Yaz