Dəyərlərə məhəbbət aşılanır

İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Ağsu rayonlarının iştirakı ilə “İstedad sorağında – 2018” müsabiqəsi keçirilib.

Müsabiqənin əsas məqsədi Azərbaycanın milli musiqi  dəyərlərini təbliğ  etmək və yetişən gənc nəsildə bu dəyərlərə dərin məhəbbət hissi aşılamaqdan ibarət olub. Müsabiqə iştirakçılarından 20 nəfər müxtəlif nominasiyalar üzrə qaliblər sırasında olub.
Dekabr ayının 24-də İsmayıllıda müsabiqə  yekunlaşdırılıb, qaliblərin çıxışlarından ibarət konsert proqramı təşkil olunub.
Müsabiqənin yekun mərhələsinə toplaşanlar əvvəlcə rayonun Mədəniyyət mərkəzində təşkil olunmuş əl işlərindən ibarət sərgiyə baxıblar.
300 nəfərdən çox müsiqisevərin toplaşdığı  İsmayıllı Mədəniyyət Mərkəzinin zalında tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov açıb.
İsmayıllı RİH-nin başçısı, professor Mirdaməd Sadıqov qonaqları və tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyəti barədə danışıb. O, Ümummilli liderimizin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mədəniyyətimizə, musiqimizə verdiyi dəyərdən və göstərdikləri diqqət və qayğıdan, onun inkişafı sahəsində həyata keçirdikləri tədbirlərdən söz açıb. Muğamımızın dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətini diqqətə çatdırıb.
Sonra qaliblərin ifasında geniş konsert proqramı təqdim olunub. Rövşən Teyyubov, Sahibə Abdullayeva, Nicat Cəbrayılov, Rəqsanə Ağayeva, Natiq Cəfərov, Əvəzxan Əzizov, Tarverdizadə Xəyalə və Tarverdizadə Fatimə, Vasif Cavadov və başqalarının oxuduğu muğam və mahnılar könüllərə yol tapıb. I, II və III yer tutan müsabiqə qalibləri mükafatlandırılıb, Fəxri fərmanlarla təltif olunublar.
İsmayıllıda xoş ovqatlı bir gün yaşanıb.

Şərh Yaz