AXC Parlamenti və Azərbaycan təhsili

Tarixin yenə bir göl çağında,                                                                    

Qaranlıq qış keçib, bahar gək.

r hansı bir ilin aydın gündə,

Azərbaycan istiqlala girək.

M.Ə.Rəsulzadə

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyəti fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlər təmsil olunmalıdır.  Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar-80, ermənilər-21, ruslar-10 nümayəndə göndərməlidirlər. Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Qanunda Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Bakıdakı rus əhalisindən Rus Milli Şurası 10, alman əhalisi milli təşkilatından 1, yəhudi Milli Şurasından 1, gürcü komitəsindən 1 və polyak komitəsindən 1 nəfər nümayəndə göndərilməli idi. Bundan əlavə, qanunda Azərbaycan Cümhuriyyəti Parlamentinə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı sənaye-ticarət tərəfindən isə 2 nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu. Parlamentin üzvlərinin deputat toxunulmazlığı var idi. Hər bir millətin nümayəndəsinin Parlamentdə iştirak etmə hüququ “İstiqlal Bəyannaməsi”nin  5-ci maddəsinə əsaslanırdı.

Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il  dekabrın 3-də başa çatdırılmalı idi.

Göründüyü kimi, 1918-ci ilin mart soyqırımından hələ vur-tut yarım il keçməsinə baxmayaraq, Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına yol açılırdı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.

1918-ci il dekabrın 7-də gündüz saat 1-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi.

“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə onun birinci müavini seçildi.

Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət dərslərindən biri də budur ki, Cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar Parlamentin açılışında iştirak etmədilər .

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndizadə) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə  ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada Vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün cəmiyyətin müxtəlif  təbəqələrindən seçilmiş  təxminən 100 tələbə xaricə göndərilmiş, Təhsil Nazirliyinə isə buna görə 7 milyon rubl təsis edilmişdi.

1919-cu ilin sonunda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirirdi. İbtidai və orta məktəblər üçün dərslik nəşr edilmişdi, ölkənin müxtəlif bölgələrində seminariyalar açılmışdı,  Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qanun qəbul olunmuşdu.  Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti, milli kadrlar hazırlamaq üçün yollar axtarırdı. Çətin hərbi-siyasi vəziyyətə baxmayaraq, azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar verilmişdi. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın nailiyyətlər siyahısını sayanda, qeyd edirdi: “Müxtəlif sahələrdə ali təhsil üçün — memarlıq və etnologiyadan tutmuş təyyarə və gəmiqayırmaçılığa qədər dövlət hesabına 100-ə yaxın azərbaycanlı tələbə Avropanın ən yaxşı məktəblərinə  göndərilib.”

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri də Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan Hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu.

Cümhuriyyət Hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, Qırmızı Ordunun ölkəyə girişi nəticəsində ölkənin sovetləşməsinə baxmayaraq, tələbələr təhsilini davam etdirmişdir. Təhsilini bitirdikdən sonra, tələbələrin əksəriyyəti Azərbaycana dönmüş, zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli uğurlar əldə etmişlər.

AXC-nin təhsilimiz üçün gördüyü bütün işlər bu gün ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı olan Prezidentimiz cənab İlham Əliyevin səyi nəticəsində dünya səviyyəsinə yüksəlib  və belə də davam edəcək.

lyanaq Əliyeva,

İsmayıllı rayonu Musa Piriyev adına Tircan kənd tam orta məktəbinin coğrafiya-tarix müəllimi

Şərh Yaz