Vəzifəniz yaxşı oxumaq, bilikli olmaqdır

Dekabrın 26-da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin “Qala” şadlıq sarayında 31 Dekabr – Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik Günü və Yeni il şənliyi münasibəti ilə keçirdiyi bayram tədbirində iştirak ediblər.

Bayram şənliyini giriş sözü ilə açan kollec direktoru Kəmalə Süleymanlı prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gənc nəslə diqqət və qayğısından söz açıb.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada kollecin bədii özfəaliyyət kollektivi maraqlı proqramla çıxış edib.

Bayram şənliyində çıxış edən RİH başçısı Mirdaməd Sadıqov hamını qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib: “Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Arzulayıram ki, yeni ildə təhsil uğurlarınız daha bol olsun. Çünki hər bir insanın gələcəyini, gələcək taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə də sizin bugünkü vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır.

Arzum odur ki, bütün gənclərimiz, vətəndaşlarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər olsunlar. Azərbaycan kimi ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Azərbaycanın təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır. Bu xalqın davamçıları olmaqdan qürur duyun”.

Şənlikdə çıxış edən Sevil Əhmədova 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram edilməsinin əhəmiyyəti barədə danışıb. Tədbir iştirakçılarına və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza yeni ildə xoşbəxtlik, cansağlığı, uğurlar arzulayıb.

Şənliyin sonunda təhsildə, rayonun və kollecin ictimai həyatında fərqlənənlərə bayram hədiyyələri təqdim olunub.

Şənlik biri-birini əvəzləyən, xoş əhval bəxş edən mahnı və rəqslərlə davam edib.

Şahməmməd Soltanov

Şərh Yaz