Rahatlığı gördüyü işdə tapır

Eldar Əliyev… Məncə, onu xüsusi ifadələrlə təqdim etməyə ehtiyac yoxdur. İsmayıllıdan olan oxucular onu yaxşı tanıyır və kimliyinə bələddirlər. Xüsusilə də rayonun seçki məntəqələrində çalışanlar. Ona görə də haqqında yazdığım yazını ibarəli fikirlər, obrazlı ifadələrdən uzaq, bəzək-düzəksiz cümlələrlə başladım.

E.Əliyevi 40 ilə yaxındır ki, tanıyıram. Son on ildə əmək fəaliyyətinə, ictimai-siyası baxışlarına, həyata keçirdiyi işlərə belə şahidəm. Onu da bilirəm ki,  qazandığı nə varsa, halal zəhməti və sabit xarakterinin nəticəsidir.

Eldar Əliyevlə istənilən mövzuda danışmaq, hər hansı məsələni müzakirə etmək və qənaətbəxş qərar qəbul etmək insana zövq verir. Savadı, dünyagörüşü,  eləcə də siyası baxışı bugünlə həmahəngdir. Dövrün nəbzini tutmaq, ona uyğun davranmaq və günün tələblərini ələkdən keçirərək düzgün, uğurlu addım atmaq bacarığı var.  O, elə bir insandır ki,  gündəlik fəaliyyətində hansısa müsbət bir iz qoymaqdan rahatlıq tapır.  Dövlətə və dövlətçiliyə sadiq, Vətənə qəlbən bağlıdır.

Eldar Abdulla oğlu Əliyev enişli-yoxuşlu yollardan uğurla  keçərək, ömrünün mənalı illərini yaşayıb-yaratmaqda davam edir. Qüdrətli Yaradanın ona bəxş etdiyi qəlb işığından ətrafında olanlara səxavətlə paylaya-paylaya kamil insanların sırasında inamla addımlayır. Ağlı, savadı, mədəniyyəti, ünsiyyəti ilə təmasda olduğu, oturub-durduğu insanları da kamilliyə, müdrikliyə çağırır və onlarla bərabər irəliləyir.

Haqqında söz açdığımız insan 1958-ci ildə  dekabr ayının 16-da gözəlliklər məkanı olan Dvoryan kəndində dünyaya göz açıb. Uşaqlığı güllərin, çiçəklərin arasında, Böyük Qafqaz sıra dağlarının ətəklərində, Baba dağına yaxın yerlərdə keçib. Anası laylalarına ara verəndə qıjıltıyla axan Girdiman çayının səsini dinləyib, səhərləri bülbüllərin, digər quşların xoş avazı ilə açıb. İlkin təhsilini  kəndin ibtidai məktəbində alıb. Həftəsov kənd məktəbində 8-ci sinfi bitirib. Orta təhsilini 1976-cı ildə Lahıc qəsəbəsindəki orta məktəbdə bitirib. Sonrakı illərdə Bakı Yüngül Sənaye Texnikumunda,  Daşkənd Kadrlar Məktəbinin Aşqabad şəhərindəki filialında təhsil alıb.

Əmək fəaliyyətinə Türkmənistanın Marı şəhərindəki Gön-Dəri və Qalanteriya zavodunda texniki nəzarət şöbəsinin mühəndisi kimi başlayıb. Vətənə qayıtdıqdan sonra 1982-1983-cü illərdə  İsmayıllı Məişət Xidməti Kombinatında sex rəisi, 63 saylı  MSD-də briqadir, komsomol təşkilatı katibi vəzifələrində çalışıb. Onun ömür kitabını vərəqlədikcə, məna dolu bir həyat görürsən. Elə bir həyat ki,  başqalarının səadəti, xoşbəxtliyi və  dövlətçiliyimizin inkişafına  xərclənib.  Onun taleyinə işlədiyi vaxtda həmişə məsuliyyətli, çətin və şərəfli işlər düşüb.

E.Əliyev 1992-1996-cı illərdə “Aqrokoop” Rayon Birliyində kommersiya ticarəti üzrə əmtəəşünas vəzifəsində işləyib. 1994-cü ildə “Babadağ” Xeyriyyə Cəmiyyətini təsis edib və 2002-ci ilədək QHT sahəsində fəaliyyət göstərib. Həmin ildən 2006-cı ilədək İsmayıllı Kommunal Müəssisələr Kombinatının rəisi vəzifəsində çalışıb.

“Dvoryan kəndinin içməli su probleminin həlli” layihəsinin (BMT-nin İnkişaf Proqramı), “Dağlıq Şirvan ərazisində minadan zərər çəkmiş şəxslərin aşkarlanması” layihəsinin (ANAMA),  “Zarat kəndinin içməli su  probleminin  həlli” layihəsinin (Prezident  yanında QHT Forumu) rəhbəri və icraçısı olmuş, İsmayıllı şəhidlərinə həsr olunmuş “Əbədi yaşayanlar”, şəhid polkovnik leytenant Ağahüseyn Aslanova həsr olunmuş “Eldən gedən oğul” kitabının təsisçisidir. Şəhər 3 nömrəli məktəb-liseyin “Şəhidlər” memorialının yaradıcılarından biridir.

Eldar Əliyevin malik olduğu gözəl, heç də hamıya nəsib olmayan bir xüsusiyyəti də ədalətsizliyə qarşı barışmazlığı, cəsarətli olması, haqq sözü üzə deməkdən çəkinməməsidir.  Az danışmağı, daha çox qulaq asmağı sevəndir. Özünəməxsus hazırcavablığı var. Müstəqil düşüncəyə, sərbəst qərar verməyə malik maraqlı insandır. Bənzərsiz fərdi üslubu, yazı və danışıq tərzi var. Bir qədər də çılğındır. Səliqəsizliyi sevməyən, təmizkarlığa, gül-çiçəyə çox həssasdır.

Eldar Əliyev 2003-cü ildən 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasının üzvü və 2007-ci ildən DSK-nın baş məsləhətçisidir. O, Azərbaycanın beynəlxalq aləmdə formalaşmış demokratik imicini qorumaq üçün Mərkəzi Seçki Komissiyasının bütün tapşırıq və tövsiyələrinə məsuliyyətlə əməl edir. Dairə üzrə seçki siyahılarının dəqiqləşdirilməsinə, ilk dəfə səs verəcək gənc seçicilərlə, DSK və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsi işinin aparılmasını daim diqqət mərkəzində saxlayır. Odur ki, görülən işlər nəticəsində DSK-da seçki prossesləri həmişə uğurla həyata keçirilir.

60 yaş… Bir həmyerlimiz də özünün 60 yaşını qeyd edir. Daha doğrusu, 60 yaşdan sonrakı qapını açıb içəri keçir. Keçdiyi ömür yolundan bəlli olur ki, Eldar Abdulla oğlu Əliyev üçün illər hədər keçməyib. O, bu illərdən  bacardığı qədər səmərəli istifadə edib. Sevib, seçilib, dost da qazanıb, hörmət də.

Yerini-yurdunu ürəkdən sevən və bu sevgi ilə yaşayanlara hörmətlə yanaşan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov Eldar Əliyevin doğum günü ərəfəsində onu dostları, iş yoldaşları və ictimaiyyət nümayəndələri ilə bərabər qəbul edib. Qəbul zamanı ünvanına kifayət qədər xoş söz eşidən yubilyar razılığını bildirib və vətəndaşlıq mövqeyini yüksək tutacağını, dövlətçiliyimiz üçün var qüvvəsi ilə çalışacağını bildirib. RİH başçısının Təşəkkürnaməsini fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edib.

Yubileyi rayon rəhbərliyinin diqqət və qayğısı ilə qeyd olunan 60 yaşlı Eldar Əliyev 3 nəvənin babasıdır. Canında gənclik eşqi var.  O, bu eşqlə hər gün iş başına gəlir və üzərinə düşən vəzifəni, bununla bərabər vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə can atır. Və demək olar ki, bu məqsədinə hər gün nail olur.

Yekunda işinizlə, rəftarınızla sevgiyə və diqqətə layiq olduğunuzu  bir daha qeyd etmək istərdim.

Ömrün 60 illik dayanacağında xoş arzularla əlinizi sıxıb, 70 illiyinizin qapısında görüşmək ümidi ilə var olun deyirəm.

H.Məmmədov

86 saylı DSK-nın üzvü

Şərh Yaz