El sevgisi qazanmış eloğlumuz

Deyirlər, Ramizin 55 yaşı tamam olur. Şəxsi tanışlığımızın tarixçəsi on beş ildən artıq olmaz. Ancaq, mənə elə gəlir ki, onu elə 55 ildir ki tanıyıram. Elə bilirəm ki, gözəl İsmayıllımızın bu gözəl guşələrində birgə ayaqyalın-başıaçıq gəzib, birgə oynayıb, bu ulu dağlarımızın yamaclarını bərabər seyr etmişik, uşaqlığımızı, gəncliyimizi bir yerdə keçirmişik.

Düşünürəm ki, Ramizin səmimiyyəti, mehribanlığı, istiqanlılığı, mərdliyi və mübarizliyi də elə o dağlardan, suyunu içdiyi saf bulaqlardan, döşündən gül dərdiyi dağ yamaclarından gəlir. Onunla 5 dəqiqə bərabər olmaq kifayət edər ki, ayrılanda dost, uzun illərin doğması kimi ayrılasan.

Ramiz Səmid oğlu Səfərov Tanrının layiqli bəndələrindəndir. Qəlbi də çöhrəsi qədər nurlu adamdır. Əbəs yerə deməyiblər ki, könlü nurlu olmayanın sifətində nur tapılmaz.

Ulu Yaradan Ramizin geniş və saf qəlbinə öz nurunu yetərincə bəxş edib. Onun zahiri cazibəsini daxili zənginliyi tamamlayır və insana daxili bir rahatlıq verir. Onunla tanışlığı hamı xəzinə tapmış qədər sevinclə qarşılayır. Ümumiyyətlə, yaxşı insanda cəmləşə biləcək gözəl xüsusiyyətlər onun varlığında vəhdət tapır və haqqında istənilən qədər, mübaliğəsiz, ürək dolusu xoş sözlər demək olar. O, elinin, obasının xeyrinə-şərinə yarayan, insanların sevincinə, eləcə də kədərinə şərik olmağı bacaran bir eloğludur. O, 55 yaşında ağsaqqaldır, ətrafında olanlara bir dayaq olmağı ilə seçilir, bir sözlə el sevgisi qazanmış insandır.

O insanlar ki, öz zəhmətləri hesabına yüksəlirlər, onlar həyatda elin sevimlisinə çevrilirlər.

Belə soydaşlarımızdan biri,  çoxlarına nümunə ola biləcək fəaliyyəti. ömür yolu ilə diqqəti cəlb edən Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsində, pensiya və müavinətlərin təyinatı bölməsinin müdiri vəzifəsində çalışan işgüzar insan Ramiz Səfərovdur.

R.Səfərov 1963-cü ilin dekabr ayının 15-də İsmayıllı rayonunda dünyaya göz açıb. 1981-ci ildə İsmayıllı şəhər  1 nömrəli orta məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra  rəhmətlik atasından – rayonda usta Səmid kimi tanınan zəhmət adamından, atasından öyrəndiyi sənətlə, bənnalıqla bir müddət rayondakı 14 nömrəli tikinti təşkilatında çalışıb. 1982-1984-cü illərdə Sovet ordusu sıralarında xidmət edib. Ordudan tərxis olunduqdan sonra D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1992-ci ildə institiutu bitirərək iqtisadçı ixtisasına yiyələnir.

R.Səfərov ali təhsil aldıqdan sonra əmək fəaliyyətinə  İsmayıllı Rayon Sosial Təminat Söbəsində pensiyaçılar üzrə müfəttiş vəzifəsi ilə başlamışdır. 1993-cü ilin  may ayından İsmayıllı rayon ƏSMM-də pensiya və müavinətlər şöbəsinin müdiri, mərkəz direktorunun müavini vəzifəsinə təyin olunub.

Qarabağ səmsını qara buludlar alanda digər qeyrətli oğullarımız kimi Ramiz də silaha sarılıb doğma torpaqlarımızın müdafiəsinə qoşulub. 1993-cü ilin iyul ayından könüllü olaraq Milli Ordu sıralarına, cəbhə xəttinin ön sıralarına yollanır. Bir çox ağır döyüşlərdə iştirak edir, hərbi hazırlığı, qorxmazlığı ilə qəhrəmanlıqlar göstərir. 1994-cü ilin yanvar ayında Füzuli rayonu istiqamətində aparılan döyüş əməliyyatlarında, Horadiz qəsəbəsi və digər yaşayış məntəqələrinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edir.

Leytenant  Vahid Məhərrəmovun “Ulduz” jurnalının 1995-ci il 323-325-ci nömrələrində “Yarımçıq qalmış gündəlik” başlıqlı yazını oxuduqca, Ramizin vətənpərvərliyini, qorxmaz və cəsur olduğunu, Vətəni necə sevməsini görür,  bu yurdsevən insanı alqışlayırsan.

V.Məhərrəmov qeyd edir ki, gündəliyi Füzulidəki hərbi-səhra hospitalından tapıb. Orada olanda həkimlərdən biri həmin dəftəri mənə uzatdı və yaralı əsgərimizin yadından çıxıb, burada qalıb dedi. Yazının müəllifi qeyd edir ki, gündəliyin sahibini axtardım. Nə yaxşı ki, dəftərin üz qabığının iç tərəfində kiçik bir qeyd vardı: “Bu gündəlik ötən cəbhə günlərini xatırlamaq üçün yazılır. Əgər hər hansı bir səbəbdən itərsə, onu tapandan xahiş edirəm ki, aşağıdakı ünvana göndərsin. İsmayıllı şəhəri, Təbriz küçəsi, 8. Gözəl Səfərovaya”.

Ramiz Səfərov məhz bu gündəliyi yazmaqla iştirakçısı olduğu hadisələr, eləcə də qanlı döyüşlər barəsində fikirlərini səliqə ilə gündəliyə qeyd edib. Bu gündəliyi yazıb ki,  şahidi olduğu tarixi olduğu kimi gələcək nəsillərə ötürsün. Azərbaycan əsgərinin döyüş əməliyyatlarından hamının xəbəri olsun. Gündəlikdəki qeydlər ordumuzun cəbhədəki ötən uğursuzluqlarını öyrənmək baxımından da maraq doğurur.

Ramiz 1995-ci ilin sentyabr ayından  ordudan tərxis olunaraq İsmayıllı rayon ƏSMM-də əvvəlki işinə başlayır.

Azərbaycan Respublikası Prezidentinin 908 saylı Fərmanına uyğun olaraq 1 sentyabr  2003-cü il tarixindən İsmayıllı rayon ƏSMM-dən işdən azad olunaraq,  2003-2016-cı illərdə DSMF-nin İsmayıllı rayon şöbəsində pensiya təyinatı bölməsinin müdiri vəzifəsini icra edir.

O, fəaliyyətində operativliyə, şəffaflığa, qanunların  mütləq icrasına ciddi əməl edir. Əməli işində insanlığı, insanlara mərhəmət və nəzakətlə yanaşması, zəngin təcrübəsi, işinin bilicisi olması onu el gözündə yüksəltmiş, nüfuz sahibi etmişdir.

Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin müdiri Kamran Muradovun dediklərindən:

– Ramizi çoxdan tanıyıram, özünə və iş qabiliyyətinə yaxşı bələdəm.  Ramiz öhdəsində olan işin icrası üçün bütün bacarığını səfərbər edən insandır. O, elinə, Vətəninə sədaqət nümayiş etdirməkdə nümunə olan insanlardandır. Ondan məsləhət, kömək gözləyən insanlar həmişə razılıq ediblər. Ümumiyyətlə, Ramiz başqalarının səadəti üçün zəhmətə qatlaşmağı ağırlıq saymayan yorulmaz insandır. O, sadə, savadlı, məntiqi düşüncəsi dərin olan işçilərdəndir. Belələri xalqın hörmətini qazanmaqla çalışdığı təşkilatın barəsində də xoş fikirlər qazanır. Özünə və işinə qarşı tələbkar olan Ramiz həm də bildiklərini gənc həmkarlarına həvəslə öyrədəndir. Səmimiyyəti ilə kollektivin, bizə müraciət edənlərin hörmətini qazanıb. Belə yoldaşları sevməli, qorumalı və təbliğ etməliyik.

Yekunda qeyd etmək istərdim ki,  hamının tanıdığı və sevdiyi bir insan barəsində çox yazmaq və danışmaq olar. Bu yazını qələmə almaqda isə məqsəd Ramiz Səfərov haqqında qısa açıqlamadan sonra onu 55 yaşına çatması münasibəti ilə sevdiyi insanlar adından təbrik etmək oldu.

Elin sevən sevimli insan, 55 yaşın mübarək!

Hacımməd Məmmədov

Şərh Yaz