Bitməmiş söhbət

Gəncliklə görüşə gedirəm. Ömrün payızında, qara-qara saçları kövrək duyğular oyadır. Əfsus, çoxları kimi mənim də dünyanı gəzmək arzularım çoxdan öz yerini adi həyat qayğılarına, problemlərə verib. Ancaq görüşəcəyim gənc doğrudan çox yerləri gəzib, dolanıb. O, ağır atletika üzrə Polşanın Zamots şəhərində keçirilən, yaşı 20 və 23-ə qədər  olan gənclər arasında Avropa birinciliyində 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə 62 kiloqram çəki dərəcəsi üzrə birincilik uğrunda  mübarizəyə qoşularaq tarixi qələbəyə imza atıb. Üçrəngli Azərbaycan bayrağını yüksəkliklərə qaldırıb. Xoşbəxtdirmi? Əlbəttə xoşbəxtdir, çünki gəncliyin ən gözəl, təkrarsız aylarını, illərini yaşayan bu ərən oğlan həm də çoxlarının əli çatmayan şöhrət çələngini çox erkən yaşlarında göylərədən qopara bilib. Həmişə belə olmur axı, zirvə də, şöhrət də, çox zaman şərait və zaman axarında xeyli ləngiyir, gecikir, bəzən də ilğım kimi yox olur.

Heç də təsadüfi deyil. Onunla – Məhəmməd Etibar oğlu Məmmədli ilə Heydər Əliyev mərkəzinin yaxınlığında möhtəşəm Azərbaycan bayrağının altında görüşdük. Yox, təsadüfi hec nə yoxdur, onu da, məni də bu bayraq altına çəkib gətirən torpağa, dövlətə, yurda olan sevgidir, sayğıdır.Onu da fikirləşirdim ki, bu Azərbaycan bayrağını Məhəmməd neçə dəfə ən yüksəyə qaldırıb. Dostlarımızı sevindirib, düşmənlərimizin gözünə od basıb. Neçə dəfə böyük-böyük idman saraylarındakı insanları Azərbaycan himninin sədaları altında ayağa qalxmağa məcbur edib. Qürrələndim, sevindim, etiraf etdim ki, fərəhdən əməlli kövrəldim də.

Məhəmməd Məmmədli elə idman köynəyində görüşə gəlmişdi. Hal-əhval tutmamış əzəmətlə dalğalanan Azərbaycan bayrağına baxır. Nə fikirləşir görəsən?  Hələ lap cavandır, idmançı bədəni ilə idman geyimində bir az da lap uşağa bənzəyir Məhəmməd. Nüfuzlu baxışları onu biraz ciddi göstərsə də, üz-gözündə ilıq bir təbəssüm var.

Ağırlıqqaldırma üzrə dünya çempionu, “Şərəf” ordenli Asif Məlikovun davamçısı, bu idman növü üzrə Azərbaycan Respublikasının baş məşqçisi Asif Məmmədovun yetirməsi onun haqqında dediklərini xatırlayıram: O, beş-altı yaşlarından bu idman növü ilə məşğul olur. Mübarizliyi, inadkarlığı, gündəlik məşqləri nəticəsində qısa vaxtda çox şeyə nail oldu. Heç vaxt ruhdan düşməzdi, nəfəsi kəsilənə qədər məşq edər, bütün tapşırıqları da sözsüz yerinə yetirərdi. Onda ağır atletikaya xas bütün keyfiyyətlərlə bərabər, duymaq, onların zəif və yaxşı cəhətlərini ilk andaca bilmək qabiliyyəti var. Sağ olsun, zəhmətimiz hədər getmədi. Azərbaycanda öz ənənəsi, yeri olan İsmayıllı ağır atletika məktəbinin şərəfini layiqincə qorudu. Elimizin, obamızın başını ucaltdı, Azərbaycanımızı çox ləyaqətlə təmsil etdi.

Danışmağa, söhbətə meyilli olmamasına baxmayaraq onunla ayaq-üstü söhbətim xeyli maraqlı və səmimi alındı.                                                                                                                                                          – Məncə, evdə  də görüşə bilərdik. Niyə buranı seçmisiniz? İndi anladım ki, siz çox gözəl etmisiniz. Bayraq meydanını seçməklə. Gündə 2-3 dəfə gərgin məşqlərimiz olur. Azərbaycan yığma komandasının üzvüyəm. Ölkəmizdə məni sevir, mənə böyük ümidlər bəsləyirlər. İdman nazirimiz komandamızı dəfələrlə qəbul edib, bizlərlə görüşüb, haqqımızda xoş sözlər deyib. Bütün bunlar çox böyük məsuliyyətdir axı. Məşqçinin, sənə etibar edənlərin etimadını doğrultmaq üçün çox gərgin işləmək lazımdır. Ən ali məqsədim dünya çempionatında iştirak edərək yüksək yer tutmaq və olimpiya oyunlarına lisenziya əldə etməkdir. Allah qoysa, elə bilirəm ki, bacaracam. Bir neçə gündən sonra Misirə yollanacam. Gənclər arasında görüşümüz olacaq. Məhəmməd düz deyir, çünki  bütün qələbələrin bünövrəsi özünə inamdan keçir.

Mənim qəhrəmanım Azərbaycanda, hətta dünyanın çox yerlərində artıq tanınır. Cəmi 21 yaşı olmasına baxmayaraq çox zirvələrin pik nöqtəsinə uzun, əziyyətli bir yolla gəlib…

Məhəmməd Etibar oğlu Məmmədli 1997-ci ildə Azərbaycanımızın mirvarisi olan İsmayıllıda,çox sadə bir ailədə anadan olub. İlk günlərdən İsmayıllı rayon “Zirvə” idman klubunda ilk məşqlərini keçib. Mübarizliyi, əzmkarlığı onu kiçik yaşlarından daha böyük uğurlara kökləyib. Təhsilini İsmayıllı rayon 5 nömrəli tam orta məktəbində alıb. Rayon zona yarışlarında çoxlu uğurlara imza atan Məhəmməd dəfələrlə Azərbaycan çempionu olub. 2013-cü ildə ildə ilk beynəlxalq uğur qazanıb. Avropada iki gümüş, bir qızıl medal qazanıb. Məhəmməd Məmmədli hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının IV kursunda təhsilini davam etdirir. İdman ustasıdır. 19 yaşında Yaponiyada III yerə çıxıb.

– Məmməd onun idman dünyasına marağı başa düşüb öxsus cavab verdi:

– Məşqlərimizə daha çox vaxt ayırmaq lazım gəlir, yoxsa formadan düşər, qələbələri əldən verərsən. Həyatda qazandıqlarıma, qələbələrimə görə daim inandığım, pənah apardığım Allahıma borcluyam. Havasını udduğum, hələ borclarının yüzdə birini verə bilmədiyim yurduma, torpağıma borcluyam. Məni dünyaya gətirən, gecələr sübhə kimi beşiyimin başında mənim keşiyimi çəkən, layla deyən, hər qələbəmdə hamıdan öncə məni telefonla təbrik edən anama borcluyam. Nəhayət atama, əmim  – Dünya çempionu Asifə borcluyam. Borclarım çoxdur. Mənə bəxtəvərlik verənlər də kifayət qədərdir, ancaq bu xoşbəxtliyim, bəxtəvərliyim tam, bütöv deyil axı. Ən yüksək kürsüdə fikirləşəndə ki, ən ucada dayanan bayrağım Şuşada dalğalanmır içim sızlayır, özüm-özümdən utanıram. Biz hamılıqla o vaxt şax, bütöv ölkəm olacağıq ki, yer-yurdumuzu məkrli düşməndən təmizlənmiş olaq.

İnsanı düşündürən musiqilərin janrından asılı olmayaraq hamsını sevirəm. Ancaq saz havalarını eşidəndə ürəyim tel-tel olur, niyəsini bilmirəm. Muğama qulaq asanda ismətlərini qorumaq üçün Qarabağda özünü qayalardan atan qızlarımızı xatırlayıram. Ermənistandan qədim yurd yerlərimizdən qovulan soydaşlarımız xəyalımdan keçir. Neyləyim mən gözümü açdım bunları gördüm və bütün bunlar uşaq yaddaşıma əbədi həkk olundu.

Qüssələndiyi üçün səsi titrədi, üzünü dalğalanan bayrağa çevirib xeyli danışmadı.

– Ağır atletika üzrə Azərbaycan Respublikasının baş məşisi Asif Məmmədovun da Məmməd haqqında söylədikləri maraqlır:

– Bu gəncin mübarizliyi xeyli güclüdür. O, üzərinə düşən məsuliyyəti çox gözəl dərk edir. Soyuqqanlılığı, psixoloji hazırlığı Məhəmmədi yersiz hərəkətlərdən qoruyur, baxmayaraq ki, o hələ çox gəncdir.

Həmsöhbətim onun özəl həyatından daha maraqlı məqamları öyrənmək istəyimdən yayına bilmir. Tələssə də, suallarıma çox səmimi cavab verir:  Ən yadda qalan an elə son günlər Polşanın Zamota şəhərində iki hərəkət üzrə toplamda  271 kiloqram  (121+150) nəticə ilə yekun sıralamada Avropa birinciliyinin qalibi adını  qazanmağım olub. Xoşuma gələn şəhər idi. Çox sakit, həm də çiçək kimi təmiz, bizim Bakı kimi. Yaşımın az olmasına baxmayaraq çalışıram ki, heç kimin haqqını taptalamayım, heç kimin könlünə dəyməyim. Könlümdə də hələ heç kəs yoxdur. Bir şey də deyim ki, hələ heçbir jurnalistlə bu qədər söhbət etməmişdim, necə oldu bilmədim.

Məhəmməd düz deyirdi, söhbətimizin ayaqüstü olmasına baxmayaraq hər şey gözəl alınmışdı. Ancaq Məhəmməd də, mən də hiss elədik ki, söhbətimiz hələ bitməmiş qalır. Çünki özü demiş,hələ daha böyük uğurları yəqin ki, qabaqdadır. Olimpiya, dünya çempionu olmaq arzusu da reallaşmalıdır.

Görüşəcəyik, əminəm ki, Məhəmməd Olimpiya, dünya çempionu da olacaq, bayrağımızı yenə dəfələrlə ən yüksəyə qaldırıb, yenə sevincdən, fərəhdən qəhərlənəcək. Biz yenidən görüşəcəyik, söhbətimiz də yenidən bitməmiş yerdən başlanacaq.

Yazı çapa hazırlanan ərəfədə  bir xəbərin də sevincini yaşadıq – Məhəmməd ağırlıqqaldıranların Ölkə kubokuna sahib olub.

Sənə yeni uğurlar arzulayırıq, Məhəmməd!

Hacımməd Məmmədov

 

Şərh Yaz