Çexiya Respublikasının nümayəndə heyəti İsmayıllıda olub

Cənubi Çexiya regionu ilə İsmayıllı rayonu arasında bağlanmış əməkdaşlıq xartiyası çərçivəsində Çexiya nümayəndə heyəti 4 noyabr 2018-ci il tarixdə İsmayıllıya səfər edib.
Qonaqlar həmən gün Lahıc qəsəbəsinə gedib, bu qədim yaşayış məkanının zəngin tarixi, keçmişi və yeniliklərlə dolu müasirliyi ilə tanış olublar. Xalq sənətkarları və onların yaratdığı əl işləri, şəhərsalma mədəniyyəti, orijinal memarlıq üslubu onların diqqətini daha çox cəlb edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov növbəti gün – noyabrın 5-də RİH-nin konfrans zalında nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan icra başçısı deyib ki, Çexiyada Qluboko Na Vitavu şəhərində nümayəndə heyətimizin səmimi qarşılanmasının xoş təəssüratları xatirəmdə möhkəm qalıb. Bizim imzaladığımız əməkdaşlıq xartiyası hər iki tərəfin inkişafına böyük təsir göstərir. Azərbaycanın, onun hər bir regionunun sürətli inkişafı imkan verir ki, biz başqa ölkələrin qabaqcıl təcrübəsini öyrənək, işdə tətbiq edək. İqtisadiyyatının neftdən asılılığına son qoyulandan sonra Azərbaycanın inkişaf miqyası daha da genişlənib, sürəti daha da artıb. Aparıcı mövqedə qərarlaşan İsmayıllının timsalında da bunu aydın görmək olur. Rayonumuzda kənd təsərrüfatı ilə yanaşı, sənaye də inkişaf edir. Xalçaçılıq və tikinti materialları istehsalı sənayedə əsas gəlirgətirən sahəyə çevrilib. İsmayıllının büdcəsi üçüncü ildir ki, özünümaliyyələşdirmə əsasında formalaşır. İsmayıllı müxtəlif mədəniyyətlərin, dinlərin, dillərin qovşağı olan bir tolerant rayondur. Siz də yerlərə getdikcə bu keyfiyyətlərin şahidi olacaqsınız.
Çexiya Respublikasının senatoru, Cənubi Çexiya Qluboko Na Vitavu şəhərinin meri Tomaş Jirsa nümayəndə heyətinin rəhbəri olaraq cavab nitqi söyləyib. Azərbaycanda, İsmayıllıda olmağından şərəf duyduğunu, səmimi görüş və mehriban qonaqlama üçün yaratdığı şəraitə görə icra başçısı Mirdaməd Sadıqova təşəkkürünü bildirib. Deyib ki, mən 1990-cı illərdə Bakıda olmuşam. Bakını onda dağılmış, problemlər içində çabalayan, unudulmuş bir şəhər halında görmüşdüm. Bakı inkişafda Nyu-York şəhərini də ötüb keçib. Bu sürətli inkişafa mən tələsik də olsa, yalnız belə qiymət verə bilərdim. İsmayıllı əyalət şəhəri olsa da, mərkəzin inkişafına uyğun səviyyəyə çatıb. Çox məmnunam ki, Azərbaycanın, İsmayıllının yüksəliş yolunda belə inamla addımlamasını dostcasına sevinərək görə bilirəm. Arzusundayıq ki, Qarabağ problemi tezliklə həll olunsun. Ondan sonrakı inkişafınız isə dünya miqyasında təəccüb doğuracaq.
Görüşdən sonra nümayəndə heyəti RİH-nin başçısı Mirdaməd Sadıqov və İcra Hakimiyyəti başçısının müavinləri, ictimaiyyət nümayəndələri ilə birgə Heydər Əliyev Mərkəzinə və Mədəniyyət Mərkəzinə gedib. Mərkəzin möhtəşəmliyi qonaqların diqqətini çəkib. İvanovka və Lahıc folklor qruplarının çıxışı, Mədəniyyət Mərkəzinin konserti maraqla qarşılanıb.
Ruhiyyə Süleymanovanın sahibkarlığı ilə fəaliyyət göstərən xalça sexində olan qonaqlara Çexiya Respublikasının dövlət bayrağını əks etdirən xalça hədiyyə olunub.
Nümayəndə heyəti xalçaçılığa olan maraqları səbəbindən “Azərxalça”nın İsmayıllı rayon filialında da olublar.
Çexiyalı qonaqlar “Qala divarları” önündə ayrılmış ərazidə ağac əkiblər. Xatirə lövhəsində yeni bağın salınma tarixi və məqsədi öz əksini tapıb.
Nahardan sonra nümayəndə heyətinin üzvləri Heydər Əliyev adına Parkda, “Yapon bağı”nda, “Aznar” MMC-də, İvanovka kəndində olublar.
Çexiya Respublikasından İsmayıllıya gələn nümayəndə heyəti 6 noyabr 2018-ci il tarixdə səfərini başa çatdırıb və Bakı şəhərinə yola düşüb.
Azər Bədəlov

Şərh Yaz