Yaddas kitabcasi

Kənd təsərrüfatı işçilərinin peşə bayramı keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 9 oktyabr 2008-ci il tarixli sərəncamı ilə hər il noyabr ayının 1-i ölkəmizdə “Kənd Təsərrüfatı İşçiləri Günü” kimi qeyd olunur.
Artıq onbirinci ildir ki, İsmayıllı rayonunda da bu bayram müxtəlif istehsalat müəssisələrində təntənəli şəkildə qeyd olunur. Cari ildə isə bayram tədbiri yeni tikilmiş “Fermer evi”ndə keçirilib.
Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin, Respublika Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının işçilərinin və işgüzar fermerlərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə tər gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra iştirakçılar “Fermer evi”ndə yerli kənd təsərrüfatı məhsullarının sərgisinə baxış keçiriblər.

Tədbiri giriş sözü ilə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Həsən Həsənov açıb. O, 2018-ci ildə rayonda kənd təsərrüfatı işlərinin gedişi barədə hesabat xarakterli məlumat verib. Ölkə rəhbərinin 25-26 avqust 2018-ci il tarixlərində rayonumuza iki günlük səfəri zamanı kənd təsərrüfatı yönümlü istehsalat müəssisələrinin açılışının bu sahədə çalışanların hədsiz sevincinə səbəb olmasını vurğulayıb və görüləcək işlərdən söz açıb.
Sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev çıxış edərək RİH-nin başçısı Mirdaməd Sadıqovun adından kənd təsərrüfatı işçilərini təbrik edib və rayonumuzda təsərrüfat işlərinin gedişi, qazanılan uğurlar və gündən-günə inkişaf edən aqrar sahəsinin perspektiv inkişafı barədə öz fikirlərini söyləyib.
Daha sonra İsmayıllı DAİM-i yanında yeni yaradılan “Fermerlərin Koordinasiya Şurası”nın sədri İzzət Qubadov, N.Nikitin adına kolxozun sədri Vasiliy Novoseltsev, Əməkdar kənd təsərrüfatı işçisi Vasiliy Panfyorov, rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev çıxış edərək kənd təsərrüfatı sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, Respublika Kənd Təsərrüfatı Naziri İnam Kərimova, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova dərin minnətdarlıqlarını və yaradılan şəraitdən yararlanaraq daha böyük uğurlara imza atacaqlarını bildiriblər.
Bayram tədbirinin sonunda kənd təsərrüfatı sahəsində fərqlənmiş bir qrup qabaqcıl əməkçi rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub və xatirə şəkli çəkilib.
Şahin Hüseynov

Şərh Yaz