Yaddas kitabcasi

2018-ci ilin doqquz ayında sənayenin inkişafına dair

 

Bütövlükdə sənaye sahəsində 2018-ci ilin ilk doqquz ayı ərzində faktiki qiymətlərlə 6112,9 min manatlıq mal, iş və xidmətlərin buraxılışının cəmi olmuşdur. Bu göstərici əvvəlki ilin müvafiq dövründən 2091,9 min manat çoxdur. Sabit qiymətlərlə bu göstərici (fiziki həcm indeksi) keçən ilə nisbətən 115,5 faiz təşkil edir.
Sənaye sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işinin qiymətləndirilməsi də nəzərə alınmaqla emal istehsal sahəsində 2084,7 min manatlıq mal, iş və xidmətlərin buraxılışının cəmi olmuşdur. Keçən ilin müvafiq dövründə isə bu göstərici 974,3 min manat təşkil etmişdir. Emal istehsal sahəsində keçən ilin müvafiq dövründən 1110,4 min manat çox sənaye məhsulu istehsal edilmişdir. Sabit qiymətlərlə 37,1 faiz artım müşahidə olunmuşdur.
Sənaye sahəsində istehsalın şaxələndirilməsi prosesi bu ilin doqquz ayında da davam etdirilmişdir. Rayonda dekorativ və tikinti üzlük daşların istehsalı müəssisəsi, pivə istehsalı sexi, kərpic istehsalı müəssisəsi, velosiped istehsalı müəssisəsi və İvanovka kəndində müasir tipli yeni çörək zavodu fəaliyyətə başlamışdır. Cari ilin doqquz ayında həmin müəssisələr tərəfindən 205,6 min manatlıq çörək, 19,6 min manatlıq pivə, 93,6 min manatlıq dekorativ və tikinti üzlük daşları, 607,4 min manatlıq spirt istehsal olunmuşdur.
Sənayenin digər sahəsi olan elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində iş və xidmətlərin dəyəri ötən ilin müvafiq dövründən 672,7 min manat artaraq 2975,9 min manat təşkil etmişdir. Bu dövrdə İsmayıllı KSES tərəfindən 611,0 min manatlıq 4920,5 MVT saat elektrik enerjisi istehsal olunmuşdur.
Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahəsində 1023,1 min manatlıq, yəni əvvəlki ilin müvafiq dövründən 279,6 min manatlıq çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Rayonda sənaye məhsulu istehsalında dövlət mülkiyyəti xüsusi mülkiyyəti qabaqlamışdır. 2018-ci ilin hesabat dövrü ərzində xüsusi mülkiyyət bölməsi üzrə 2116,7 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə çox təşkil edir. Dövlət mülkiyyəti üzrə məhsul istehsalı və xidmətlər göstərilməsinin həcmi isə 3996,2 min manat, yəni əvvəlki ilin müvafiq dövründən 955,7 min manat çox olmuşdur. Dövlət mülkiyyətinin bütün sənaye istehsalında xüsusi çəkisi 65,3 faiz (əvvəlki ilin müvafiq dövründə isə 75,6 faiz), qeyri-dövlət mülkiyyətininki isə 34,7 faiz (əvvəlki ilin müvafiq dövründə isə 24,4 faiz) təşkil etmişdir.
Hesabat dövründə rayonun sənaye müəssisələrində 730 nəfər işçi çalışmışdır ki, onun da 117 nəfəri emal sənayesində, 182 nəfəri elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 430 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda, mədənçıxarma sənayesində isə 1 nəfər olmuşdur. Sənayedə çalışanların 2018-ci ilin hesabat dövründə orta aylıq əmək haqqı 295,2 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə senayenin dövlət sektorunda 275,5 manat, qeyri-dövlət sektorunda isə 396,3 manat təşkil etmişdir. Dövlət sektoru üzrə orta aylıq əmək haqqı 7,0 faiz azalmış, qeyri-dövlət sektorunda isə 39,0 faiz artım qeydə alınmışdır.
Hafiz Bayramov,
İsmayıllı Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi

Şərh Yaz