Basqalın üzü gülməyə başlayıb

 

Basqalın üzü gülməyə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Cənab Prezidentin bu yaxınlarda İsmayıllı rayonuna səfəri də həmin faktı təsdiqləyir. Ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşayiət olunur. Bunu İsmayıllı rayonunun timsalında görmək mümkündür. Dövlət başçısı ucqar dağ kəndi qədim Lahıcın sosial-iqtisadi inkişafı ilə bağlı burada görülən işlərin şahidi olduqda bu prosesin davamlı olacağını bildirdi.Prezident İlham Əliyevin Sərəncamı qədim Basqal qəsəbəsinin sakinlərini sevindirdi

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Cənab Prezidentin bu yaxınlarda İsmayıllı rayonuna səfəri də həmin faktı təsdiqləyir. Ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşayiət olunur. Bunu İsmayıllı rayonunun timsalında görmək mümkündür. Dövlət başçısı ucqar dağ kəndi qədim Lahıcın sosial-iqtisadi inkişafı ilə bağlı burada görülən işlərin şahidi olduqda bu prosesin davamlı olacağını bildirdi.
Bu səfər Lahıc sakinlərinin uzun müddət yaddaşından çıxmayacaq. Ölkə rəhbəri Lahıc camaatının sevincinə şərik olan qədim Basqal qəsəbəsinin sakinlərini də paralel olaraq sevindirdi. Belə ki, oktyabrın 3-də “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Sərəncam imzaladı. Bu mühüm dövlət sənədində deyilir: “Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən biridir. Burada salınmış Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar və digər qədim məhəllələr, IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, su və kanalizasiya şəbəkələri, hamam, bulaqlar, mülklər və 300 ildən artıq yaşı olan çinar ağacı kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Basqalda ipəkçilik, dəmirçilik kimi sənətlər əhalinin əsas məşğuliyyəti olmuşdur. Burada hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində böyük maraq doğurmuşdur.
1989-cu ildə yaradılmış “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı ilə bağlı son dövrdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən qəsəbə təbii qazla təmin olunmuş, Basqal çayı üzərində yeni körpü tikilmiş, abadlıq işləri görülmüş, qədim küçələr qismən çay daşı ilə döşənmiş, bulaqlarda müəyyən bərpa işləri aparılmışdır.
Bununla belə, hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, mühəndis-kommunikasiya təminatı sistemlərinin və xətlərinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqətin yetirilməsi zərurəti yaranmışdır”.
Bu sərəncama əsasən Dövlət Turizm Agentliyinə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Örtən müddət ərzində Basqal diqqət mərkəzində olub. Belə ki, cənab Prezidentin tapşırığına əsasən qəsəbədə olan dövlət nümayəndələri yerli sakinlərlə görüşüb, burada görüləcək geniş işlərin siyahısı ilə tanış olub. İşin davamı olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Mirdaməd Sadıqov qəsəbədə yerli camaatla görüşüb, onları narahat edən məsələləri toplu şəklində dinləyib.
Bundan sonra rayon İcra Hakimiyyətində Basqal ziyalıları ilə görüşən Mirdaməd müəllim onları bir daha dinləyib, cənab Prezidentin məlum sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində görüləcək işlər müzakirə edilib. Maraqlı diskussiya ilə davam edən tədbirdə qəsəbənin sakinləri Nizami Məmmədov, Ağasəfər Qafarov, Kərbəlayi Abduləhəd Tağıyev, həmçinin Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarıverdiyev, Basqal kəlağayılarının dünya miqyasında tanıdılmasında böyük əziyyət çəkmiş Bakı Dövlət Universitetinin professoru, Basqal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyova və başqaları maraqlı çıxışları, təklifləri ilə diqqəti cəlb ediblər.
Mən özüm 30 ilə yaxındır ki, Basqal qəsəbəsindən köçüb Bakıda yaşayıram. Hər dəfə bu qədim məkana yolum düşəndə ürəyim ağrıyır, başqa yerlərdəki quruculuq, abadlıq işlərinin sorağını alanda istəyirdim ki, bu tədbirlər mənim də kəndimə yol açsın, camaatımız sevinsin, onların işləməsi təmin edilsin, bu qədim yurdun da çiçəklənməsi, turizm sahəsində tanınması istiqamətində işlər görülsün. Bu, illərlə ürəyimdə baş qaldırmış arzu olaraq qalırdı. Başqa regionlarda görülən işlərə içimdə hardasa qibtə edirdim.
Bəli, nəhayət, qədim Basqalın üzünə işıq salındı, camaatın üzü gülməyə başladı, mən də Basqalın yenidən canlanmasına ümid yarandı. Mən bəzilərindən fəqrli olaraq yeni düşüncəliyəm. Mirdaməd müəllimlə söhbətdən sonra bu inamdayam ki, Basqal və ətraf kəndlərdə başqa istiqamətlərlə yanaşı, turizm sahəsində də həyat canlanacaq, infrastruktur yeniləşəcək. Əslində RİH-də keçirilmiş görüşdə də bu fikirlər səslənib.
Qərara alınıb ki, Basqala gedən yolun sağında böyük istirahət mərkəzi tikilsin. Şəkidəki “Marxal”da olduğu kimi. Basqalı və ona bitişik kəndləri hərtərəfli inkişaf etdirmək məqsədilə maraqlı təkliflər səsləndirilib. Burada qədim hamam bərpa olunacaq, kəlağayı istehsalının bərpası üçün işlər görüləcək. 432 şagird yerlik məktəb tikiləcək.
Yeri gəlmişkən, qeyd edim ki, yeni məktəb binasının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir. Məhz bu məqsədlə cənab Prezident ilkin olaraq 1 milyon manat pulun ayrılması haqqında sərəncam imzaladı.
Köhnə məktəbin də təmir olunaraq digər vacib məqsədlər üçün istifadə olunması qərara alınıb. Bundan başqa qəsəbədə uşaq bağçası, peşə məktəbinin filialı açılması da nəzərdə tutulub.
Cənab Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı məqsədyönlü tədbirləri uğurla həyata keçirir, kənd əhalisinin məşğulluğunun təmin edilməsi, həmçinin gözəl təbiətə malik Basqal qəsəbəsinin bu sırada olması üçün imzaladığı sənədin həyata vəsiqə alması üçün uğurlu addımlar atır. Bu da səbəbsiz deyil. Cənab Prezident vaxtilə bu qəsəbədən müxtəlif səbəblərdən köçmüş insanlarının yurda qayıtmaları üçün Basqalı əvvəlki vəziyyətinə qaytarmaq istəyir. Basqala yeni nəfəs verilməsi, qəsəbənin yenidən canlanması üçün rayon İcra Hakimiyyətinin başçısı, görkəmli alim Mirdaməd Sadıqovun əvəzsiz zəhmətini də danmaq olmaz. Mirdaməd müəllimlə keçirlən görüşlərin bir çoxunda mən də iştirak etmişəm. Dəfələrlə Basqalın hərtərəfli inkişafı üçün çalışdığını camaatın nəzərinə çatdırıb. Onun təşəbbüsləri, təşkilatçılığı öz bəhrəsini, nəhayət, verdi. İnanıram ki, bu çalışmalar qədim və həmişə gözəl Basqalın inkişafına müsbət təsir göstərəcək, o cümlədən mühüm turizm potensialı olan və füsunkar təbiəti ilə seçilən Basqal qəsəbəsinin inkişafında əhəmiyyətli rol oynayacaq.
Daşdəmir Tağıyev

 

Şərh Yaz