Məndədir, səndədir müəllim ömrü

Məndədir, səndədir müəllim ömrü                                          Ay çıxar, batar gedər,
Durnalar qatar gedər.
Dünya bir pəncərədir,
Hər gələn baxar gedər.

İnsan istəsə də, istəməsə də bir gün göz açdığı işıqlı dünyanı tərk etməli olur. Dünyanı tərk edənlərin içində el üçün yananlar, el-obaya xeyir verənlər hər zaman hörmətlə xatırlanır, yad edilir. Əbəs yerə deyilməyib ki,
”… El yadda saxlamaz evdən gedəni,
İnsan əzizlənər eldən gedəndə…”

Neçə vaxtdır ki, el üçün əziz olan yüzlərlə şagirdinin qəlbində hələ sağlığında böyük bir hörmət, istək və ehtiram məbədi qurmuş, şəxsən mənim ustad sandığım bu insan haqqında, onun xatirəsinə hörmət əlaməti olaraq bir yazı yazmaq istəyirdim.Ay çıxar, batar gedər,
Durnalar qatar gedər.
Dünya bir pəncərədir,
Hər gələn baxar gedər.
İnsan istəsə də, istəməsə də bir gün göz açdığı işıqlı dünyanı tərk etməli olur. Dünyanı tərk edənlərin içində el üçün yananlar, el-obaya xeyir verənlər hər zaman hörmətlə xatırlanır, yad edilir. Əbəs yerə deyilməyib ki,
”… El yadda saxlamaz evdən gedəni,
İnsan əzizlənər eldən gedəndə…”
Neçə vaxtdır ki, el üçün əziz olan yüzlərlə şagirdinin qəlbində hələ sağlığında böyük bir hörmət, istək və ehtiram məbədi qurmuş, şəxsən mənim ustad sandığım bu insan haqqında, onun xatirəsinə hörmət əlaməti olaraq bir yazı yazmaq istəyirdim. Məni tanıyan hər kəs bilir ki, çox duyğusal bir insanam. Elə buna görə də əlimə qələm alıb fikirlərimi sətirlərə köçürmək istəyərkən göz yaşlarım imkan vermirdi. Göz yaşlarıma səbəb sevimli, dəyərli müəllimimin keşməkeşli həyatı, onun tükənməyən yaşamaq və öyrətmək eşqinin amansız ölümün vaxtsız əlindən alması idi.
Haqqında söz açdığım bu dəyırli insan Talıstan məktəbində çoxları kimi mənim də riyaziyyat müəllimim olmuş Fərzi Bağırovdur.
Bağırov Fərzi Orucalı oğlu 1939-cu il avqust ayının 14-də İsmayıllı rayonunun Kənəə kəndində anadan olub. Atası 1941-ci ildə Böyük Vətən müharibəsinə gedib və geri qayıtmayıb. Balaca Fərzi anasının himayəsində böyüyüb. Bu kiçik, yarımçıq ailə ağır illərin çətinliklərinə, sınaqlarına mətinliklə dözüb. Kiçik yaşlı Fərziyə hamı bir ümidlə baxırdı. O, uşaqlıqdan zirəkliyi, çevikliyi, öyrənməyə, oxumağa həvəsi ilə seçilirdi. 1956-cı ildə Gülüstan ana balaca Fərzisini götürüb Talıstan kəndinə gəlir. Bu kənd rayon mərkəzinə yaxın idi. O, burada təhsil ala bilərdi. Gülüstan ana yurd-yuva düzəltdi. O, çox işgüzar idi. Müharibədən sonra ölkədəki ağır vəziyyət, kişilərin müharibədən geri dönməməsi qadınları bütün sahələrdə işləməyə vadar edirdi. Övladının gələcəyi üçün o dayanmadan çalışırdı.
Talıstan kənd məktəbində təhsil alan Fərzi orta təhsilini İsmayıllı şəhərində bitirir. Г‡alışqanlığı, dərin zəkası ona çoxlu dostlar qazandırır. Təhsilini davam etdirmək həvəsi onu Bakıya gətirir.
1965-ci ildə o, V.İ.Lenin adına APİ-nin Riyaziyyat fakültəsinin axşam şöbəsinə daxil olur. Həm işləyir, həm oxuyur. Həmin ildə ailə də qurur.
1969-cu ildə ali təhsilli riyaziyyat müəllimi kimi Talıstan kənd orta məktəbinə qayıdır. Ömrünün sonuna qədər bu məktəbdə çalışır. Kəndin ziyalı təbəqəsinin formalaşmasında böyük rol oynayır.
“Qabaqcıl təhsil işçisi“ fəxri adına layiq görülür.
2003-cü ilin avqust ayında dünyasını dəyişib. 4 övladı var.
Əsl insan və əsl müəllim olan Fərzi müəllimdən biz təkcə riyaziyyat elminin sirlərini deyil, həm də insanlıq, ədəb, zəhmətsevərlik və s. insanı dəyərli edən keyfiyyətlər öyrəndik. Tək mən yox, onun bütün şagirdləri bu gün də yeri gələndə etiraf edir ki, Fərzi müəllim böyük bir məktəb idi. Belə bir müdrik fikir var:
“Heç bir şey böyüklük qədər sadə deyildir. Sadə olmaq böyüklükdür”.
Bax, mənim əvəzsiz müəllimim Fərzi müəllim də belə böyük idi, ağlı, kamalı və sadəliyi ilə. Kəndimizin çox ziyalılarının müəllimi olmuş Fərzi müəllimi xatırlayanda məşhur ”Nəsimi“ filmindən şairin müəllimi Nəiminin ölümə gedərkən söylədiyi bu sözlər yada düşür.
”…Gedən cismimdir, ruhum sizdədir…”
Fərzi müəllimin özü bu gün aramızda yoxdursa da, yüzlərlə yetirmələrinin qəlbində yaşayır. Adına layiq övladları, nəvələri onu yaşadır. Onun Gülnar ana kimi vəfalı ömür-gün yoldaşı həmişə ondan kövrələ-kövrələ ürəkdolusu danışanda Fərzi müəllimin nə qədər dəyərli olduğunu bir daha anlayırsan. Övladları və nəvələri Fərzi müəllimin yaratdığı ziyalı ocağının işığını sönməyə qoymurlar. Gələcəyin savadlı müəllimi, həkimi, mühəndisi bu ailədə yetişir. Övladları kənd camaatının bu ailəyə olan böyük hörmətini saxlayırlar, hər zaman atalarının adına layiq olacaqlarını bildirirlər.
Mənə elə gəlir ki, o həyatdan və sevimli peşəsindən doymadan getdi:
Həyat, çox qəribəsən sən
Kim səndən doydu getdi?
Gedənlər də qəlbini
Dünyada qoydu getdi.
Bir vaxt çalışdığı məktəbdə bu gün də onun adı böyük hörmətlə çəkilir. Hər kəs onu yaxşı insan, əsl ziyalı kimi xatırlayır.
Məktəbin direktoru Aydın Əzizov: Fərzi müəllim kimi ziyalılar bu gün cəmiyyətə çox lazımdır. O, həm böyük ziyalı idi, həm də gözəl insan. O, bir məktəb idi: həm insanlıq, həm də elm öyrənənlər üçün.
Məktəbin riyaziyyat müəllimi Səbirə Cəbrayılova: İşlədiyim müddətdə qazandığım bütün uğurlara görə Fərzi müəllimə borcluyam. Mən ondan hər zaman öyrənirdim və bununla qürur duyurdum.
Məktəbin riyaziyyat müəllimi Xəyalə Mürşüdova: Bir zamanlar parta arxasında əyləşib onu həvəslə dinləyərdim. Artıq neçə ildir riyaziyyat fənnini tədris edirəm. Mən hər zaman ona Allahdan rəhmət diləyirəm. Mənə bu elmi o sevdirdi.
Fərzi müəllim ədəbiyyatın, poeziyanın vurğunu idi. Özü də şeirlər yazardı. Yaxşı yadımdadır, şagirdlərini qəmli görəndə Bəxtiyar Vahabzadənin məşhur misralarını söyləyərdi.
…Həyat səni güldürəndə gülmüsən,
Hünərin var, ağladanda gül, görüm…
Ruhun şad, məkanın cənnət olsun, Ustad. Sən sağlığında əbədiyaşarlıq qazandın. Hər birimizdə sənin ömründən pay var. Onu unutsaq Tanrı bizi bağışlamaz. Unutmayaq ki, unudulmayaq…
İnsanla həmyaşdır, ölməz, yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verir ömründən bir az,
Məndədir, səndədir müəllim ömrü.
İradə Hüseynova,
Talıstan kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz