Beynəlxalq ərzaq sərgisi

Beynəlxalq ərzaq sərgisi                          Əhalinin ərzaq məhsulları ilə davamlı təmin olunması məqsədilə BMT müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də iki ildən bir İtaliyanın Torino şəhərində keçirilən ərzaq sərgisidir. Sərgidə dünyanın əksər dövlətləri, o cümlədən Azərbaycan da iştirak edir. Azərbaycan Respublikasından sərgidə iştirak etmək üçün 15 nəfər dəvət olunmuşdu. Sevindirici hal idi ki, 15 nəfərdən iki nəfəri İsmayıllı rayonunu təmsil edirdi. İvanovkadan arıçı, İsmayıllı Rayon Arıçılar Birliyinin sədri Andrey Antifeyev və mən – bu sətirlərin müəllifi İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xatirə Nuriyeva sərgidə iştirak etdik. A.Antifeyev arıçılıq məhsullarını sərgiyə aparmışdı. Mən isə vəhşi təbiətin nemətlərini və onlardan hazırlanmış məhsulları sərgidə nümayiş etdirdim.
Əhalinin ərzaq məhsulları ilə davamlı təmin olunması məqsədilə BMT müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də iki ildən bir İtaliyanın Torino şəhərində keçirilən ərzaq sərgisidir. Sərgidə dünyanın əksər dövlətləri, o cümlədən Azərbaycan da iştirak edir. Azərbaycan Respublikasından sərgidə iştirak etmək üçün 15 nəfər dəvət olunmuşdu. Sevindirici hal idi ki, 15 nəfərdən iki nəfəri İsmayıllı rayonunu təmsil edirdi. İvanovkadan arıçı, İsmayıllı Rayon Arıçılar Birliyinin sədri Andrey Antifeyev və mən – bu sətirlərin müəllifi İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xatirə Nuriyeva sərgidə iştirak etdik. A.Antifeyev arıçılıq məhsullarını sərgiyə aparmışdı. Mən isə vəhşi təbiətin nemətlərini və onlardan hazırlanmış məhsulları sərgidə nümayiş etdirdim.
Ölkələr arasında ilk təqdimat Azərbaycan nümayəndələri tərəfindən keçirildi. Təqdimat iştirakçıları bizim məhsullara qonaq oldular. Onların diqqətini vəhşi təbiətin nemətləri, xüsusilə sumaq, zirinc, yemişan, zoğal, qoz, fındıq, çaytikanı, alça, gavalı qurusu, lavaş daha çox cəlb etdi. Zoğal mürəbbəsi, əzgil, alça, itburnu mətindən və cır nardan hazırlanmış narşərab, yemişan, böyürtkən kompotu, alça lavaşı, qozlu paxlavadan dadan sərgi iştirakçıları Azərbaycanın nemətlərindən ləzzətlə istifadə edirdilər. Onların əksəriyyəti qozlu paxlavanın hazırlanma qaydası və meşə nemətlərinin müalicəvi əhəmiyyəti ilə daha çox maraqlanırdılar.
Sərginin keçirilməsində məqsəd ekoloji cəhətdən təmiz, məhsuldar sortların əldə olunması üçün təcrübə mübadiləsi aparmaqdan və vəhşi təbiətin nemətlərinin səmərəli və davamlı istifadəsinə nail olmaqdan ibarət idi.
Vəhşi təbiətin nemətləri rayonumuzun meşə və kolluqlarında çoxdur. Meşə əzgili, zoğal, zirinc, yemişan, sumaq, çaytikanı, göyəm, cır nar, böyürtkən, meşə fındığı, qoz rayonumuzun əhalisi tərəfindən toplanaraq ərzaq məhsulu kimi və müxtəlif xəstəliklərdən müalicə məqsədi ilə istifadə olunur. Narahatedici səbəb odur ki, nemətlərindən bol-bol istifadə etdiyimiz təbiətin bizə bəxş etdiyi bu bitkiləri artırmaq, çoxaltmaq üçün qayğı göstərmirik. Meşə ətrafı kolluqlarda, talalarda, yol kənarlarında yuxarıda qeyd etdiyim bitkilərin xüsusilə qoz, fındıq, əzgil, yemişan ağaclarının çoxaldılması ərzaq məhsullarının artırılması üçün faydalı olar. Məktəblilər, təqaüddə olan yaşlı nəslin nümayəndələri meşə və kolluqlarda bitən cır alça, alma, armud, əzgil, zoğal və yemişan kimi meyvə ağaclarını calaq etməklə əhalinin ərzaq məhsullarına olan tələbatını qismən ödəyəcək səviyyədə məhsul əldə etmək olar. Meşə və kolluqlarda boş qalan yerlərdə qoz, fındıq toxumlarının əkilməsi faydalı olar. Belə etsək vəhşi təbiətin nemətlərindən davamlı istifadə edə bilərik.
İtaliyanın Torino şəhərində olarkən diqqətimi cəlb edən bir məsələ ilə maraqlandım. Bütün meyvə bağlarının üstü dəmir torla örtülmüşdü. Öyrəndim ki, burada tez-tez iri dolu yağır. Meyvələri və ağacları qorumaq məqsədilə bağların üstünə dəmir tor çəkilir. Torino şəhərində zibil qablarının dolub yerə töküldüyünün şahidi olmadım. Əhali atılacaq tullantıları evdə çeşidləyir müvafiq zibil qablarına atırlar. Zibillər hər gün iki dəfə daşınır. Küçələr təmiz və səliqəlidir. Əhali özü şəhərin təmiz saxlanması üçün ciddi səy göstərir.
Biz təbiətə necə münasibət bəsləsək o da əvəzini bizə o cür qaytaracaqdır. Gəlin hamılıqla təbiətdən, onun nemətlərindən davamlı, səmərəli bəhrələnmək üçün onun qayğısına qalaq və qoruyaq.
Fikirlərimi Azərbaycan şairi Osman Sarıvəllinin misraları ilə tamamlayıram:
Gəlin təbiətin qədrini bilək,
Bizim qədrimizi o bilən kimi”.
Xatirə Nuriyeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz