“Dağ çiçəkləri”

“Dağ çiçəkləri”      Təcnis

Qaldım dağdağantək daş çatdağında,
Gülmədi taleyim, baxtım, dayandım.
Sonu bilinməyən yollara düşdüm,
Gördüm uçurumdu, baxdım, dayandım.

Təcnis

Qaldım dağdağantək daş çatdağında,
Gülmədi taleyim, baxtım, dayandım.
Sonu bilinməyən yollara düşdüm,
Gördüm uçurumdu, baxdım, dayandım.

Haqqın dərgahında, Haqqın çatında,
Daşlar bitdi ürəyimin çatında.
Dedim: “Fələk, boğma məni çatında,
Mən özüm kor olan baxtımda yandım”.

… Min yol desən: “Az qoru sən, az izlə“,
Ata sevər, ana oxşar, əzizlər.
Siz gedən yollara, can, ay əzizlər,
Darıxdım… baxdıqca baxdım da yandım…
Nazir Ziya Talıstanlı

Mey içən könlüm

Havalanıb uçdu ərşə
Vəhdət meyi içən könlüm.
Yarı burda qonaq qaldı,
Yarı qeybə köçən könlüm.

Kordu, açdı eşq gözünü,
Gördü Rəbbin nur üzünü.
Min bir yoldan ən düzünü,
Məhəbbətlə seçən könlüm.

İşıq kimi yerə endi,
Bülbül kimi şirin dindi.
Göy əhliydi, göyə döndü
Gəlib məndən keçən könlüm.
Oqtay İsmayıllı

Sayılmaz

Görmədim yardan ziyanlıq,
Hamı mənə yar sayılmaz.
Gül bitirər qəbirstanlıq,
Amma laləzar sayılmaz.

Düz yol tutan baxmaz arda,
Tin daşıyam daş divarda.
Bu dünyada hamı darda,
Fani dünya dar sayılmaz.

Dərdin böyük, Azərbaycan,
Yerdə qaldı o qan, bu qan.
Haqq yolunda verərəm can
Bu da bir ilqar sayılmaz.

Ha çalışdım olum mətin,
Mətinləşmək əzab, çətin.
Bazarı yox mərifətin
Ədəb-ərkan var sayılmaz.

Oynamadım qaçdı-tutdu,
Gəncliyimi illər uddu.
Ömür ki var, kal armuddu,
Yetişməsə, bar sayılmaz.
Şahməmməd Dağlaroğlu

Sənsiz
Sənsiz otağım qaranlıq,
Nə fərqi var məzarından?
Həsrətin qaya yüküdü,
Qurtarmıram azarından.

Köz-köz olmuş ürəyimin,
Yarasından qan fışqırır.
Gözümə kabus görünür,
Divarlar mənə qışqırır.

Gözümdə yuxu yoxdu ki,
Xəyalını çağırmışam.
Gəlmədi, qanım soyudu,
Ah, necə də ağırmışam.

Məhəbbətin günəş idi,
Söndün də, mən də solacam.
Sən mənsiz məzar içisən,
Mən sənsiz dəli olacam.
Xatın

İsmayıllının

Gözəl yaradıbdı ana təbiət,
Uca dağları var İsmayıllının.
Həzin zümzüməli şəlalələri,
Buz bulaqları var İsmayıllının.

Təbiət sınayıb rəssam əlini,
Burda yaradıbdı hər gözəlini.
Abırlı, ismətli qızı-gəlini,
Mərd oğulları var İsmayıllının.

Payız qızıl donu taxıb əyninə,
Gözəllik bəxş edib gözəlliyinə.
Cənnət ətri çöküb hər çiçəyinə,
Barlı bağları var İsmayıllının.

Yoxdu, ay Südabə, bu yurdun tayı,
Г‡ox verib bu yurda İlahi payı.
Gəlhagəlli olur on iki ayı,
Bol qonaqları var İsmayıllının.
Südabə İrəvanlı

Qadınam

Mən öz şeirlərimə,
Səpələnən qadınam.
Fırtınalar qoynunda,
Ləpələnən qadınam.

Dodağının çatından,
Həzz alan dəli də mən.
Cəhənnəmində yanan
Yeganə ölü də mən.

Səninçün sərhədləri
Sökdürə də bilərəm.
Səni dizlərin üstə
Г‡ökdürə də bilərəm.

Səndən sonra doğuldum,
Səndən öncə ölərəm.
Bütün olmazları “Ol!”-
Edib, yenə gələrəm.

Mən öz ümidlərimi,
Boğan qatil qadınam.
Günahının qoynundan,
Г‡ıxan batil qadınam.

Sussam, səsim Tanrının,
Qulaqlarına çatar.
Səni yerinə çəkər,
Məni göyündən atar!

Mən Şeytanı aldadıb,
İblisi ram edərəm.
Ya səndən eşq düzəldib,
Ya da adam edərəm.
Turac Hilal

Dərman deyərəm

Sən mənə can desən, bil ki, can ollam,
Yer ollam, göy ollam, asiman ollam,
Səndən uzaqlarda sis-duman ollam,
Bir “Can!” kəlməsinə min “Can!” – deyərəm!

Axtarsan, arasan, hey əzizləsən,
İllərlə gözlərəm, desən “gözlə” sən,
Arxamca dolanıb məni izləsən,
Yoluna, izinə qurban deyərəm!

Sən mənim qeydimə qalası olsan,
Qəmlərin əlindən alası olsan,
Könlümün rübabın çalası olsan,
Həm sübhün şəfəqi, həm dan deyərəm!

Sən mənim eşqimlə çay tək çağlasan,
Fikrini-zikrini mənə bağlasan,
Mənimlə bir gülüb, birgə ağlasan,
Könlümə şölə saç, həm yan deyərəm!

Gəlsən, yollarına güllər səpərəm,
O gül qədəmindən vallah öpərəm,
Bil ki, gül bağında tikan-çəpərəm,
Sənsiz ötən günə zindan deyərəm!

Sənin xəyalınla ötür hər anım,
Gəl, al bu canımı, halaldır qanım.
Sənsiz yaşamaqdan bezibdir canım,
Ver bir ölüm hökmü, fərman deyərəm!

Solmazam, eşqinlə coşan-çağlayan,
Həsrəti-hicranda hər gün ağlayan,
Ölürəm, gözümü sən ol bağlayan,
Bil ki, əllərinə dərman deyərəm!
Solmaz Şirvanlı

Edə

Onu dardan, çətindən pul, imkan xilas etdi,
Mənisə belə yerdən doğru, haqq azad edə.
Uçub çıxmaqdan ötrü çərçivə arasından
Ümidlərim özünü mənə qol, qanad edə.

Fərəhlənəm, sevinəm gəlişinə ən azı,
Şeiri bitirmiş olam, tamamlana hər yazı.
Elə cürə gələ ki, gələndə fəslin yazı
Evimi şənləndirə, mülkümü abad edə.

Ləl, cəvahir tökülə ağızdan, dil içindən,
Məni qane edəcək yol tapam yol içindən.
Ağlıma gəlməzdi ki, çıxarıb kül içindən
Tanrı məni püskürən, alovlanan od edə.
Tamam Nur Tağlabiyanlı

Vaxtıdı

Payız gəlib, küləyin,
Yelin əsən vaxtıdı.
Bu dağlarda qar, yağış,
Duman, çisən vaxtıdı.

Gözlərimdə bu duman,
Qocalıqmış, ay aman.
Dost-tanışın qapımdan
Ayaq kəsən vaxtıdır.

Bu dünyanın özü nə,
Bir yolu yox düzünə
Durub onun üzünə
Hər nə desən, vaxtıdı.

Ötürüb ömrün yazın,
İtirib çoxun, azın.
İndi daha Ayazın
Uman, küsən vaxtıdı.
Ayaz Şəfaqətov

Yasəmən

Vaxtsız açan yasəmən çiçəyinə

Taleyinə yazılıbmış bu qismət,
Gəlib payızda da açdın, yasəmən.
Əldə dəstə-dəstə nübar pay kimi
O yana, bu yana qaçdın, yasəmən.

Payız sığalladı yarpaqlarını,
Şeh düşüb üşütdü yanaqlarını.
Kəpənək dişlədi dodaqlarını,
Yenə də xoş ətir saçdın, yasəmən.

Təbiət saraldıb solanda gəldin,
Qəzəbdən kükrəyib dolanda gəldin.
Küləklər telini yolanda gəldin,
Bir isti nəfəsə açdın, yasəmən.
Nazilə Səfərova

Qaldım

Г‡ox açdım dərdimi, sənə, a dünya,
Qınandım, qovruldum, arada qaldım.
Dedim baş götürüb mən gedim hara,
Ağrımla, acımla sırada qaldım.

Г‡ırpıldım daşlara yağışlar kimi,
Yoruldum həsrətli baxışlar kimi.
Pozulmaz, silinməz naxışlar kimi,
Toz-duman içində, qarada qaldım.

–¦Varam, hər əzabım, dərdim özümlə,
Sellənən göz yaşım, solan üzümlə.
Küllənən, soyuyan odum, közümlə,
Diriykən ölüyəm, yarada qaldım.
Gülxar Cəbiqızı

Gözəlim

Gözəlim, bağa girib bülbülə etmə belə naz,
Nazına mən dözərəm, bir də çəmən, dözsə bir az…

Zülfünü tök üzünə, şanə çəkim, mən darayım,
Səni güldən soruşum, həm də çiçəkdə arayım.

Sinəmin üstündə gəz, sanma küsüb inciyərəm,
Nə sənə yox deyərəm, nə də küs, inci deyərəm.

Nazını çox-çox elə, qoy dolanım başına mən,
Sən gəzən torpağın da qurban olum daşına mən.

Rüstəmin qədrini bil, salma onu dağa-daşa,
O da qoy naza dözüb, vursun sənlə ömrü başa.
Rüstəm Məbudoğlu

Qaralanar

Nanəcibə könül vermə,
Sınar qəlbin, yaralanar.
Yad bağında çiçək dərmə,
Dərdin artıb sıralanar.

Qubar bağlar sinən üstü,
Coşar, çağlar sinən üstü.
Ağlar, ağlar sinən üstü,
Parça-parça paralanar.

Arif olan qanar bunu,
Dar ayaqda sınar bunu.
Sonsuz eşqin yoxdu sonu,
İçin yanıb qaralanar.
Naiə Yırğançaylı

Özündən düşən adam

Yalanı nəzmə çəkər,
Sözündən düşən adam.
İtirər etiqadın
Dizindən düşən adam.

Xeyrə açmaz qucağı,
Əlində şər bıçağı.
Yandırmaz ki, ocağın,
Közündən düşən adam.

Hər işində əyri var,
Yaşadı, nə xeyri var?
Könüllərdən sıyrılar,
Özündən düşən adam.

Duyulmaz ki, həsrəti,
Saflığı, sədaqəti.
Sevginin, məhəbbətin
Gözündən düşən adam.
Cəbrayıl Hüseyn

Dost demə

Dost deyib söylədiyin,
Yola yoldaş eylədiyin.
Hər sirrini söylədiyin,
Dərdinə dərman kimidi.

Hər naxələfə dost demə,
Duzla çörəyini yemə.
Qəddini yanında əymə,
Qətlinə fərman kimidi.

Bir kəlmədən küsəni var,
Külək olub əsəni var.
Ümidləri kəsəni var,
Biçilmiş orman kimidir.
Mehriban İbrahimova

İçindədir

Xəzər göldə gümüş ləpə,
Ləpələr neçə mərtəbə.
Mavi gözlüm, keç mətləbə,
Tor insanın içindədir.

Saz deyənə naz gətirən,
Durna bilib, qaz gətirən.
Г‡ox dilənib az gətirən,
Kor insanın içindədir.

Torpağımın boz tikəsi,
Cinayətin ağ ləkəsi,
Bərəkətin təhlükəsi,
Şor insanın içindədir.

Qəlbə şəfəq saçan da biz,
Zülmə könül açan da biz.
Qoca da biz, cavan da biz,
Zor insanın içindədir.

Sevincindən cəbrinədək,
Qəzəbindən səbrinədək,
Beşiyindən qəbrinədək,
Gor insanın içindədir.
Vüqar Vaqifoğlu

İsmayıllı

Bəzəyisən Şirvanın,
Yayılıb şöhrət-şanın.
Doğma Azərbaycanın
Cənnəti İsmayıllı.

Cavanşirin vətəni,
Ellər tanıyır səni.
Şairin söz gülşəni,
Söhbəti İsmayıllı.

Qalacığa salın iz,
Dosta açıq süfrəmiz.
Qonaqlara edək biz,
Hörməti, İsmayıllı.

Hara baxsan, mənzərə,
Bu yerdə Şirvandərə.
Haqq verib gözəllərə
İsməti, İsmayıllı.

Oğulları igid, ər,
Xoş həyatçün tər tökər.
Ramiz hər an vəsf edər,
Dövləti, İsmayıllı.
Ramiz Ramazanov,
Qalacıq kəndi

Şərh Yaz