Diqqət qarşıdakı vəzifələrə yönəldi

6 sentyabr 2018-ci il tarixdə İsmayıllı Rayon Təhsil işçilərinin konfransı keçirilib. Konfransda 118 nəfər nümayəndə iştirak edib. Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun “2017-2018-ci il dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib (Məruzənin xülasəsi qəzetdə dərc edilib).Diqqət qarşıdakı vəzifələrə yönəldi
Dəyirmi masa formasında keçirilən konfransda məruzə ətrafında keçirilən müzakirələrdə ictimaiyyət nümayəndəsi, təhsil veteranı Valeh Salehov, şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Qalib Bəşirov, Təzəkənd kənd tam orta məktəbinin direktor müavini Mənsurə Ələkbərova, şəhər 1 nömrəli tam orta məktəbinin musiqi müəllimi Surə Mehdiyeva, Buynuz kənd tam orta məktəbinə yeni təyin olunmuş gənc müəllim Aytac Ziyadxanlı, Diyallı kəndindən valideyn Altay Pənahov, Lahıc qəsəbə tam orta məktəbini qızıl medalla bitirmiş məzunu Niyalə Yarməmmədli, Topçu kənd tam orta məktəbinin müəllimi Gülər Babayeva, şəhər 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi İlknur Murad, İstisu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şahid Muradov çıxış ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova və Respublika Təhsil Nazirliyinin məsul işçisi Firidun Həmzəyev konfransda çıxış edərək rayon təhsilinin qarşısında duran vəzifələrdən danışıblar.
Sonda “Ən yaxşı pedaqoji mühazirə” Respublika müsabiqəsində yer tutmuş şəhər 6 nömrəli tam orta məktəbinin müəllimi Jalə Alıyevaya Respublika Təhsil Nazirliyinin Diplomu təqdim olunub.
Gülnarə Mirzəliyeva

Şərh Yaz