2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr

İsmayıllı rayon təhsil işçilərinin 2018-ci il sentyabr konfrasında Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun məruzəsindən
    2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr
smayıllı rayon təhsil işçilərinin 2018-ci il sentyabr konfrasında Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun məruzəsindən
    2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr                      “Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsinə çox böyük diqqət yetirilir. Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin perspektivliyini müəyyən edəcəkdir”. Bu sözləri möhtərəm prezidentimiz cənab İlham Əliyev çox böyük inamla söyləmişdir.
Yola saldığımız 2017-2018-ci dərs ili “Təhsildə keyfiyyət ili” adı altında qazanılan nailiyyətləri ilə əlamətdar oldu. Tədris ili ərzində təhsildə aparılan islahatlar bir çox sahələr üzrə nəticəsini vermiş, keyfiyyət göstəricilərində əsaslı şəkildə inkişaf əldə edilmişdir. İcbari ümumi orta təhsil səviyyəsində fənlər üzrə minimum bilik və bacarıqlara yiyələnən şagirdlər üçün tam orta təhsilin marağa uyğun təmayüllər üzrə təşkili ümumi təhsil sistemində yeni mərhələnin əsasını qoymuşdur. 2017-2018-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 onuncu sinfinə 27005 nəfər şagird cəlb olunmuşdur.
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması da Azərbaycan təhsilində tətbiq olunan yeniliklərdəndir. Ötən müddət ərzində 142 mindən artıq müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi keçirilmişdir. Diaqnostik qiymətləndirmənin nəticəsi müəllimlər arasında dərs bölgüsü zamanı nəzərə alınmaqla daha bilikli və bacarıqlı müəllimlərin maddi rifahının yaxşılaşdırılmasına xidmət etməkdədir.
Respublika Təhsil Naziri cənab Ceyhun Bayramov 14 avqust 2018-ci il tarixdə “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs illinin prioritet fəaliyyət istiqamətləri barədə” əmr imzlamış “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönümlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsini məqsədəuyğun hesab etmişdir.
Əmrdə həmçinin şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyət məsələsinə mövcud qanunvericiliyə uyğun baxılması, ibtidai sinif müəllimlərinin tərkibinin peşəkarıq baxımından təhlil edilməsi, siniflərə təyinatda ictimai rəyi ciddi şəkildə nəzərə alınması tapşırılmışdır. Ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirlməsi, azərbaycançılıq ideologiyasının mahiyyətinin izah və təbliği, müstəqilliyimizin simvolu olan dövlət rəmzlərinin hər bir şagird tərəfindən dərindən dərk olunması istiqamətində məqsədyönlü işlərin davam etdirilməsi, ölkə prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, ölkəmizdə aparılan quruculuq işləri, o cümlədən ordu quruculuğu barədə şagirdlərin davamlı olaraq məlumatlandırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur.
Əmrdə bütün ümumtəhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyyəti tərəfindən Azərbaycanın Dövlət Himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilməsi təsbit edilmişdir.
Yola saldığımız 2017-2018-ci dərs ilində rayonumuzda digər sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksəliş davam etdirilmiş, əsaslı şəkildə kəmiyyət və keyfiyyət dəyişiklikləri əldə edilmişdir.
Təsərrüfatın bir çox sahələrində yüksəlişə nail olan rayonumuz respublikamızın ümumi inkişafına layiqli töhfəsini verməkdədir. Aparılan məqsədyönlü işlər nəticəsində şəhər və kəndlərimizin siması əsaslı şəkildə dəyişilmiş, bir çox sosial problemlər həllini tapmışdır. Yeni-yeni istehsal sahələrinin yaradılması, əhalinin məşğulluğunun genişlənməsi və həyat səviyyəsinin yüksəldilməsinə xidmət etməkdədir.
Respublika prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Lahıc qəsəbə tam orta məktəbi üçün 400 şagird yerlik müasir məktəb binası tikilmişdir. 26 avqust tarixində cənab Prezident rayonumuza səfəri zamanı binanın açılışını etmişdir.
Cənab İlham Əliyev 2 aprel 2018-ci il tarixdə “Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrosturukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncəmda rayonumuzun daha 3 məktəbi – Uştalqışlaq kənd tam orta, Gəndov və Girk ümumi orta məktəbləri üçün modul tipli yeni məktəb binalarının quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda Gəndov kənd ümumi orta məktəbi üçün modul tipli binanın quraşdırılması işləri başa çatmaq üzrədir. Qeyd edim ki, Tağlabiyan və Yenikənd kənd ümumi orta məktəbləri üçün quraşdırılmış modul tipli yeni məktəb binaları 2017-2018-ci dərs ilində istifadəyə verilmişdir.
Rayonun ümumtəhsil məktəblərinin İKT avadanlıqları ilə təmin olunması və innovasiyaların tətbiqi sahəsində əsaslı işlər görülmüşdür. Məktəblərdə 1224 ədəd kompyuter, 100-dən artıq proyektor, 46 ədəd elektron lövhə şagirdlərin istifadəsindədir. Məktəblərin əksəriyyətinin internetə çıxışı vardır.
Yola saldığımız 2017-2018-ci dərs ilində rayonda fəaliyyət göstərən 79 ümumtəhsil məktəbinin 46-sı tam orta, 21-i ümumi orta, 12-si ibtidai məktəb olmuşdur. Məktəblərin 77- sində təlim Azərbaycan dilində, 2-sində isə Azərbaycan və rus dillərində aparılmışdır. Məktəblərin 59-u bir növbədə, 20-si iki növbədə, 62-si 5 günlük, 17-si 6 günlük iş həftəsi ilə fəaliyyət göstərmişdir.
Rayon ümumtəhsil məktəblərində çalışan 1543 nəfər müəllimin 1268 nəfəri ali, 275 nəfəri orta ixtisas təhsillidir.
Rayonda şagirdlərin sayı 12056 nəfər olmuşdur. Tədris ili ərzində icbari ümumi orta təhsilin yerinə yetirilməsi diqqətdə saxlanılmış, uşaqların təhsildən yayınması hallarına yol verilməmişdir. Məktəbə hazırlıq quruplarına 874 nəfər 5 yaşlı, I siniflərə isə 1167 nəfər 6 yaşlı uşaq cəlb edilmişdir.
Dərs ilinin əvvəlində IX sinif şagirdlərinin sayı 980 olmuş, rayondan gedən uşaqların hesabına dərs ilinin sonunda 972 nəfərə enmişdir. IX sinfi bitirmiş 969 nəfər ümumi orta təhsil haqqında attestat, o cümlədən 30 nəfər fərqlənmə attestatı almışdır. IX sinif üzrə buraxılış imtahanlarında 1, 2, 3, 4 nömrəli şəhər, Lahıc qəsəbə, Talıstan, Aşıqbayram, Cülyan, Soltankənd kənd tam orta məktəblərinin nəticələri daha yüksək olmuşdur.
Rayon ümumtəhsil məktəblərinin XI siniflərində dərs ilinin əvvəllərində 761 nəfər şagird olmuş, köçüb gələnlərin hesabına 763 nəfərə çatmışdır. 752 nəfər məktəbi bitirmiş, buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək tam orta təhsil haqqında attestat almışdır. Təhsildə qazandıqları ən yüksək nəticələrə görə Lahıc qəsəbə tam orta məktəbinin məzunu Yarməmmədli Niyalə Xosrov qızı qızıl medalla, İvanovka kənd tam orta məktəbin məzunu Orlova Anna Viktorovna gümüş medalla təltif edilmişdir. 49 nəfər məzuna isə fərqlənmə attestatı verilmişdir.
Ümumilikdə, 2011-2018-ci illərdə rayon ümumtəhsil məktəblərinin 18 nəfər məzunu qızıl, 3 nəfər məzunu isə gümüş medalla təltif edilmişdir.
XI sinif üzrə buraxılış imtahanlarında 1, 3, 4, 5 nömrəli şəhər, Tircan, Sulut, Gəraybəyli, Sumağallı, Qubaxəlilli, Uştal, Buynuz kənd tam orta məktəblərin nəticələri daha yüksək olmuşdur.
Ali məktəblərə tələbə qəbulu imtahanlarında məzunlarımız bir qayda olaraq yüksək nəticə qazanırlar. 2017-ci ildə 777 məzunumuzun 495 nəfəri tələbə qəbulu imtahanlarında iştirak etmiş, 354 nəfəri tələbə adını qazanmışdır. İmtahanlarda 1 nəfər 700 bal, 26 nəfər 600-dən, 86 nəfər 500-dən yuxarı bal toplamışdır.
Ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix və coğrafiya fənləri üzrə rayonun göstəriciləri respublika üzrə orta göstəricilərdən yuxarıdır. Fizika və coğrafiya fənləri üzrə göstəricilərimiz respublika üzrə ən yüksək göstərici olmuşdur. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 305,5-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 16,5 faiz yuxarıdır.
Ümumilikdə ali məktəblərə tələbə qəbulu imtahanlarında məzunlarımızın topladıqları ümumi ballar rayonda təhsilin səviyyəsinin inkişafını təsdiq edir. Abituriyentlərimizin 2013-cü ildə topladıqları orta bal 246,7, 2014-cü ildə 248,8, 2015-ci ildə 264,2, 2016-cı ildə 268,6, 2017-ci ildə isə 305,5 olmuşdur. Göründüyü kimi məzunlarımızın biliyinin orta göstəricisi olan bu rəqəmlərdə dinamik artım vardır. Göstərilən bütün illər ərzində rayonun göstəriciləri Respublikanın orta göstəricilərindən yüksək olmuşdur.
Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov və şəhər 6 nömrəli tam orta məktəbinin məzunu Murad Ağazadə tələbə qəbulu imtahanlarında qazandıqları yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüşdür. Ümumilikdə, son illərdə Prezident təqaüdünə layiq görülmüş məzunlarımızın sayı 14 nəfərdir. Onların sırasında şəhər 5 nömrəli, Cülyan kənd tam orta məktəblərinin hər birinin 3, Lahıc qəsəbə, Təzəkənd kənd tam orta məktəblərinin 2, şəhər 1, 3, 4 və 6 nömrəli tam orta məktəblərinin 1 nəfər məzunu vardır.
Dövlət İmtahan Mərkəzi 2017-ci ilin göstəricilərinə görə Respublika üzrə yaxşı məktəblərin sırasına rayonun şəhər 5 və 6 nömrəli, Lahıc qəsəbə, Yeniyol, Sumağallı və Təzəkənd kənd tam orta məktəblərini daxil etmişdir.
Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatında 2017-ci ilin tələbə qəbulu imtahanlarında rayonumuzun nəticəsi respublikada rayonlar arasında ən yüksək nəticə olduğu göstərilmişdir. Məleykə xanım Abbaszadə rayonumuzda keçirdiyi müşavirədə bu faktı xüsusi vurğulamış, rayonumuzun təhsili haqqında xoş sözlər söyləmişdir.
    2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr                          2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr
2018-ci ilin tələbə qəbulunda rayonumuzun nəticələri daha sevindirici olmuşdur. Yola saldığımız dərs ilində rayon ümmtəhsil məktəblərini 752 nəfər bitirərək tam orta təhsil haqqında attestat almışdır. Rayonun 683 nəfər məzunu ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 360 nəfər tələbə adını qazanmışdır. İmtahanlarda şəhər 6 nömrəli tam orta məktəbinin məzunu Əsədov Vasif Hikmət oğlu ən yüksək 700 bal, 38 nəfər 600-dən, 87 nəfər 500-dən yuxarı bal toplamışdır.
Yüksək bal toplayanların sayına görə şəhər 5, 6 nömrəli, Talıstan, Diyallı kənd tam orta məktəbləri ön sıradadırlar. Şəhər 6 nömrəli tam orta məktəbin XIa sinfinin nəticəsi daha yüksək olmuşdur. Sinfin məzunlarının 7 nəfəri 600-dən yüksək bal toplamışdır. 700 bal toplayan Vasif Əsədov da həmin sinfin məzunlarındandır. Sinif rəhbəri Qumru Hacıyeva olmuşdur.
Ali məktəblərə tələbə qəbulu imtahanlarında yüksək nəticə qazanmış məzunların şərəfinə Rayon İcra Hakimiyyəti tərəfindən bu günlərdə təntənəli bayram tədbiri keçiriləcəkdir. Ümumilikdə, son 5 ildə rayon ümumtəhsil məktəblərinin 1594 nəfər məzunu ali məktəblərə qəbul olmuş, 359 nəfər 500-dən, 132 nəfər 600-dən yüksək, 3 nəfər isə 700 bal toplamışdır.
Ali məktəblərə qəbul olan məzunlarımızın çoxunun (62 nəfər) Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olması, rayonda müəllimlik sənətinə olan münasibətin yüksək olmasının nəticəsidir.
Rayonumuzun məktəbliləri beynəlxalq, respublika və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında və müsabiqələrdə bir qayda olaraq qaliblər sırasında yer tuturlar.
Fənn olimpiadalarının Respublika mərhələsində Lahıc qəsəbə tam orta məktəbin XI sinif şagirdi Niyalə Yarməmmədli və Sumağallı kənd tam orta məktəbin IX sinif şagirdi Rinat Hacıyev coğrafiya fənni üzrə, şəhər 1 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Samir Osmanlı, şəhər 6 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Əsmər Əliyeva, İvanovka kənd tam orta məktəbinin VII sinif şagirdləri Cavidan Əliyev, Anna Novoseltseva, Olesya Radayeva, VIII sinif şagirdləri Qalina Karpova və Cavidan Soltanov rus dili olimpiadasında qalib gəlmişlər. Ümumilikdə, son 5 ildə rayon ümumtəhsil məktəblərinin 31 nəfər şagirdi fənn olimpiadalarında qalib gəlmişlər.
Respublika Təhsil Nazirliyinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə hısr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində İvanovka kənd tam orta məktəbinin XI sinif şagirdi Anna Orlova II yer, şəhər 3 nömrəli məktəb-liseyin X sinif şagirdi İlknur Murad III yer tutmuşdur.
“Ədəbiyyat biliciləri” respublika müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Lalə Ağayeva, şəhər 3 nömrəli məktəb-liseyin IX sinif şagirdi Jalə Abdulrazaqova qalib gəlmişdir.
Azərpoçtla Təhsil Nazirliyinin birgə keçirdiyi inşa yazı müsabiqəsində şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Behbud Məmmədov I yer tutmuşdur.
Şəhər 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Cəlal İbrahimli, şəhər 2 nömrəli tam orta məktəbin V sinif şagirdləri Nuri Nuran, Səid Əsədov, Gooqle SKETCUP proqramında “Ən yaxşı üç ölçülü model” olimpiadasında, şəhər 3 nömrəli məktəb-liseyin IX sinif şagirdi Şaiq Süleymanlı, Cülyan kənd tam orta məktəbinin VIII sinif şagirdi Şahin Nuruzadə “ALPloqo-2018 proqramlaşdırma”olimpiadasında I-III yerlər tutmaqla qalib gəlmişlər.
Təhsil Nazirliyinin məktəblilər arasında keçirdiyi şeir müsabiqəsinin Respublika turunda şəhər 2 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Səidə Həsənova və Təzəkənd kənd tam orta məktəbin X sinif şagirdi Gülsüm Əsgərli qaliblər sırasında yer tutmuşlar.
Respublika Təhsil Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda keçirdiyi məktəblilərin II Respublika müsabiqəsində Topçu kənd tam orta məktəbin IX sinif şagirdi Elsevər Şirəliyev, XI sinif şagirdi Şahin Mərdanov yüksək hazırlıq nümayiş etdirərək qalib gəlmişlər.
Şəhər 1 nömrəli tam orta məktəbinin 21 nəfər, şəhər 5 nömrəli tam orta məktəbinin10 nəfər müxtəlif siniflər üzrə istedadlı şagirdləri eTwininq layihəsi çərçivəsində yüksək hazırlıq səviyyəsi nümayiş etdirməklə “Milli və Avropa keyfiyyət nişanına” layiq görülmüşlər.
Şəhər 5 nömrəli tam orta məktəbin V sinif şagirdi Könül Yaqubova, X sinif şagirdi Arifə Qarayeva Respublika Mədəniyyət Nazirliyinin Təhsil Nazirliyi ilə birgə keçirdiyi 20 yanvar faciəsinə həsr olunmuş sərgidə uğurlu nəticə qazanmışlar. Məktəbin VIII sinif şagirdi Fidan Məmmədli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan müasirliyi və gələcəyin qovuşuğunda” III Beynəlxalq şagird konfransında uğurlu nəticə qazanmışlar.
Fövqaladə Hallar Nazirliyinin keçirdiyi “Fövqaladə hallar uşaqların gözü ilə” VII Respublika uşaq yaradıcılıq müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbinin 5 nəfər və şəhər 2 nömrəli tam orta məktəbinin 1 nəfər şagirdi qaliblər sırasında yer tutmuşlar.
Tədris ili ərzində rayonun 70 nəfərədək məktəbli idmançısı Respublika səviyyəli idman yarışlarında qalib gəlmişlər. “Şahin” hərbi-idman oyunlarının zona mərhələsinin qalibi olmuş şəhər 3 nömrəli məktəb-liseyin komandası yarışların respublika mərhələsində, şəhər 6 nömrəli tam orta məktəbin komandası, “Gənc xilasedici və yanğınsöndürən”lərin V Ümumrespublika yarışlarında qaliblər sırasına çıxmışdır. Şəhər 1 nömrəli tam orta məktəbin komandası AFFA-nın Respublika Təhsil Nazirliyi ilə birgə keçirdiyi “Məktəblərdə futbol dərsi” layihəsi çərçivəsində keçirdiyi Respublika futbol çempionatında qalib gələrək II yerə çıxmışdır.
Şəhər 5 nömrəli tam orta məktəbinin II sinif şagirdi Gülşən Allahverdiyeva Respublika şahmat birinciliyində I yer, şəhər 2 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Maisə Adgözəlova II yeri tutmuşlar.
Respublika Təhsil Nazirliyinin keçirdiyi “Cüdo” və “Karate” yarışlarında şəhər 1 nömrəli tam orta məktəbinin 1 nəfər, şəhər 2 nömrəli tam orta məktəbinin 4 nəfər, şəhər 5 nömrəli tam orta məktəbinin 3 nəfər, şəhər 6 nömrəli tam orta məktəbin 3 nəfər, Mollaisaqlı kənd tam orta, Minkə və Göytəpə kənd ümumi orta məktəblərinin hər birinin 1 nəfər şagirdi qaliblər sırasında yer tutmuşlar.
Şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Nicat İsgəndərov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş qol güləşi üzrə Respublika çempionatında 60 kq çəki dərəcəsində I yer, Mücü kənd ümumi orta məktəbinin VII sinif şagirdi Selcan Qarayeva Qadınlar arasında keçirilən “Ağır atletika” üzrə Respublika birinciliyində I yer, şəhər 1 nömrəli tam orta məktəbinin II sinif şagirdi Sübhan Fərzəliyev “Kempo” universal döyüş növü üzrə respublika çempionatında III yer tutmuşdur.
Bədii gimnastika üzrə “Xəyala doğru bir addım” devizi altında keçirilən 5-ci “Zirvə” Respublika müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbinin 9 nəfər, şəhər 2 nömrəli tam orta məktəbinin 1 nəfər, şəhər 5 nömrəli tam orta məktəbin 3 nəfər, şəhər 6 nömrəli tam orta məktəbin 2 nəfər şagirdi qaliblər sırasında yer tutmuşlar.
Rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya”lar şagirdlərdə yaradıcılıq meyllərinin inkişafında əhəmiyyətli olmuşdur. Şəhər 1 nömrəli, Lahıc qəsəbə, Təzəkənd, Sumağallı kənd tam orta məktəblərində “Kiçik akademiya”ların fəaliyyəti daha diqqətə layiqdir.
Dərs ilinin sonunda rayonun istedadlı şagirdlərinin hesabat xarakterli toplantısı keçirilmiş, beynəlxalq və respublika səviyyəli yarış, müsabiqə və layihələrdə uğur qazanmış 140 nəfərdən artıq istedadlı şagird Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin Fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Keçən dərs ilində müəllimlərimiz də xeyli sayda müxtəlif beynəlxalq və respublka səviyyəli layihələrdə iştirak edərək uğurlu nəticələr qazanmışlar.
Müəllimlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılmasına xidmət edən Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsində müəllimlərimiz uğurlu nəticələr qazanmışlar. I Qrant müsabiqəsində rayonumuzun 4 nəfər müəllimi- şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri Pərvanə Piriyeva və Surə Mehdiyeva, Lahıc qəsəbə tam orta məktəbinin müəllimi Rövşən Əliyev, Topçu kənd tam orta məktəbin müəllimi Gülər Babayeva, II Qrant müsabiqəsində isə 5 nəfər müəllimi – şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri Surə Mehdiyeva, Təranə Yusifova, Lahıc qəsəbə tam orta məktəbin müəllimi Rövşən Əliyev, Topçu kənd tam orta məktəbin müəllimi Tünzalə Mustafayeva, Aşıqbayramlı kənd tam orta məktəbinin müəllimi Afaq Məmmədova qalib gəlmişlər. Surə Mehdiyeva və Rövşən Əliyev hər iki müsabiqədə qaliblər sırasında olmuşdur. Topçu kənd tam orta məktəbinin hər iki müsabiqədə qaliblərinin olması diqqətəlayiq nəticədir.
“Elektron təhsil” Respublika müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Bahar Abdullayeva I yer, Qoşakənd tam orta məktəbinin müəllimi Etibar Nurməmmədov və şəhər 6 nömrəli tam orta məktəbinin müəllimi Əsgər Manafov mükafata layiq yerlər tutmuşlar. Müəllimlərlə yanaşı Tircan kənd tam orta məktəbinin şagirdi Səid Kazımlı və şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Cavid Xaspoladov da qaliblər sırasında yerlər tutmuşlar.
Tədris ili ərzində rayonumuzun məktəbləri Ağsu rayonunun məktəbləri ilə əməkdaşlıq etmişlər. Təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlər təşkil edilmiş, qabaqcıl müəllimlərin dərsləri dinlənilmişdir. Bu sahədə şəhər 5 nömrəli və Qubaxəlilli tam orta məktəbləri daha çox fərqlənmişlər. Şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi Sevinc Mirzəyevanın, Qubaxəlilli kənd tam orta məktəbin müəllimləri Vüsalə Şirinova və Təranə İsmayılovanın dediyi açıq dərslər təcrübə mübadiləsi baxımından daha yüksək qiymətləndirilmişdir.
Rayon məktəblərinin beynəlxalq əlaqələri daha da inkişaf etmişdir. e-Twinniq layihəsi çərçivəsində şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Surə Mehdiyeva və ingilis dili müəllimi Şükufə Nəcəfova Gürcüstan Respublikasında, ingilis dili müəllimi Ruhiyyə Mahmudova isə İngiltərədə təlim kurslarına qatılmışdır.
Şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri Bahar Abdullayeva, Ruhiyyə Mahmudova, Şükufə Nəcəfova, Leyla Babayeva. Surə Mehdiyeva, şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi Ruhiyyə Cəmaləddinova “Avropa keyfiyyət nişanı”na layiq görülmüşdür.
Şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xatirə Nuriyeva BMT-nin Ərzaq Proqramı çərçivəsində “Vəhşi təbiətin nemətlərindən xalq kulinariyasında istifadə olunması” layihəsində qalib gələrək layihə çərçivəsində İtalyada keçiriləcək Beynəlxalq tədbirə dəvət olunmuşdur.
Rayonumuzla Yaponiyanın İto şəhəri arasında bağlanmış dostluq müqaviləsi çərçivəsində hər il məktəblərin qarşılıqlı dostluq səfərləri təşkil edilir. Bu ilin avqustunda şəhər 6 nömrəli tam orta məktəbin müəllimi 2 nəfər şagirdlə gündoğan ölkədə olmuş, ölkə ilə yaxından tanış olmaqla “İto yay festivalında” iştirak etmişlər. Yaponiyalı qonaqlar da rayonumuza səfər etmiş, ölkələrinə xoş təəssüratla qayıtmışlar.
Respublika Təhsil Nazirliyinin müəllimlərin seçib yerləşdirilməsi ilə bağlı son illərdə gördüyü işlər sayəsində məktəblər daha bilikli və bacarıqlı gənc kadrlarla təmin olunmaqdadır. Son 5 ildə rayon məktəblərinə Təhsil Nazirliyi tərəfindən 308 gənc müəllimin təyin olunması pedaqoji kollektivlərdə işgüzarlığı yüksəltmişdir. Cari tədris ili üçün Respublika Təhsil Nazirliyinə müxtəlif ixtisaslar üzrə 207 vakant yer verilmiş, hazırki vaxtadək 90 nəfərədək iş yerinə gələrək qeydiyyatdan keçmişdir.
Rayon Təhsil Şöbəsi yeni təyin olunmuş gənc müəllimlərə qayğı ilə yanaşmış, ilk növbədə onların sosial problemlərinin həllini diqqətdə saxlamışlar. RTŞ-da fəaliyyət göstərən “Gənc müəllimlər şurası”nın keçirdiyi tədbirlər gənc müəllimlərin pedaqoji, metodiki biliklərinin, təcrübələrinin artırılmasına xidmət etmişdir.
Müəllimlərin dioqnostik qiymətləndirilməsində rayonumuzun müəllimlərinin ümumi nəticəsi respublika üzrə ən yaxşı nəticələrdən olmuşdur. Diaqnostik qiymətlndirmədə iştirak edən 1482 nəfər rayon müəllimlərinin 250 nəfəri 50 baldan yuxarı nəticə göstərmişdir. Təəssüf ki, 59 nəfər müəllim 20 baldan aşağı nəticə göstərmişdir.
Diaqnostik qiymətləndirmədə şəhər 3 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Humay Əhmədova, 1 nömrəli tam orta məktəbinin ingils dili müəllimi Vəfa Babayeva və Gəraybəyli kənd tam orta məktəbinin tarix müəllimi İnci Səfərli 59, şəhər 5 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Dürdanə Ağayeva, ingilis dili müəllimi Arzu Məmmədova, şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Aytəkin Əhmədova, Göytəpə kənd ümumi orta məktəbinin ingilis dili müəllimi Aybəniz Mirzəyeva 58 bal toplamışdır. 20 nəfər isə 10-16 bal toplamaqla rayon üzrə ən zəif nəticə göstərmişlər. Yeni dərs ilində müəllimlər arasında aparılacaq dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədəki nəticələri nəzərə alınacaqdır.
Əməyi ilə seçilən qabaqcıl müəllimlərin rəğbətləndirilməsi dövlətimizin daim diqqətindədir. Hər il Beynəlxalq müəllimlər günündə şagirdlərin təlim-tərbiyəsi sahəsində uğurlu nəticə qazanmış xeyli sayda müəllim Respublika Təhsil Nazirliyi, Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Şöbəsi tərəfindən təltif edilir. Keçən tədris ilində cənab Prezidentin Sərəncamı ilə şəhər 5 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Dürdanə Ağayevaya Əməkdar müəllim adı verilmiş, şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Mahmudova “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Təhsildə qazanılan bütün bu uğurların əsasında dövlətin yüksək səviyyədə olan diqqət və qayğısı dayanır. Bu qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə, Təhsil Nazirliyinə, rayon İcra Hakimiyyətinə rayonun təhsil işçiləri adından minnətdarlığımı bildirirəm.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasın”da təhsilin məktəbəhazırlıq mərhələsinə xüsusi yer verilmiş, bu sahənin inkişaf etdirilməsi başlıca vəzifə kimi irəli sürülmüşdür. Rayonumuzda uşaqların məktəbəqədər təhsilə cəlbi faizi aşağı olduğundan məktəbə hazırlığa ciddi ehtiyac vardır. Rayonda bu vəzifənin yerinə yetirilməsinə məsuliyyətlə yanaşılmış, 35 məktəbdə 48 qrupda 874 nəfər 5 yaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb edilmişdir. Bu qruplarda tədrisin aparılması əsasən qabaqcıl və təcrübəli ibtidai sinif müəllimlərinə həvalə edilmişdir.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən rayonumuzda 100 uşaq yerlik yeni bağçanın tikilməsi haqqında Sərəncamın imzalanması sevincimizə səbəb olmuşdur. Yeni bağçanın açılması rayonda məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığında çox böyük əhəmiyyətə malik olacaqdır.
Təhsildə tətbiq olunan yeniliklərdən biri tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə aparılmasıdır. Keçən tədris ilində təmayülləşməni genişləndirmək üçün rayonda səmərəli işlər aparılmış, 8 tam orta məktəbdə – şəhər 1, 5, 6 nömrəli tam orta, Lahıc qəsəbə, Təzəkənd, Qalınçaq, Qubaxəlilli kənd tam orta, şəhər 3 nömrəli məktəb-liseydə X siniflərdə tədris təmayüllər üzrə təşkil edilmişdir. Yeni tədris ilində təmayülləşmənin miqyası daha da genişləndiriləcəkdir.
Rayonda sağlamlıq imkanları məhdud uşaqların təhsili, onların cəmiyyətə inteqrasiyası daim diqqətdə saxlanılmışdır. Belə uşaqların təhsilə cəlb edilməsi üçün evdə fərdi təhsillə yanaşı digər imkanlar da nəzərə alınmış, ilk dəfə olaraq əqli inkişafında gerilik olan uşaqlar üçün ümumtəhsil məktəblərinin nəzdində mövcud şagird sayı ilə xüsusi təhsil sinifləri, komplekt siniflər açılmışdır. Rayon ümumtəhsil məktəblərində açılmış belə siniflərdə əqli inkişafında gerilik olan 25 nəfər uşaq cəlb edilmişdir.
Tədrisdə mühüm vasitələrdən biri də dərsliklərdir. Bu gün innovasiyaların artdığı və nəticəyönümlü təhsil sisteminin formalaşdığı bir vaxtda dərsliyin statusu dəyişilməkdədir. Dərslik tədricən tədrisdə istifadə olunan və standartların reallaşmasına xidmət edən tədris resurslarından birinə çevrilməkdədir.
Yeni tədris ilinə aid I-XI siniflər üçün 121 adda 55884 ədəd dərslik və müəllim üçün metodik vəsait alınaraq dəqiq bölgü əsasında məktəblərə verilmişdir. XI sinif üçün buraxılan 17 adda dərsliklər yeni tədris planı və proqramları (kurikulumları) əsasında hazırlanmışdır.
Rayonda yaradıcılığı ilə tanınan müəllimlər də vardır. Onlar dərslik, metodik vəsait, test topluları ilə yanaşı xeyli sayda bədii əsərlər və şer kitabları çap etdirmişlər. Rövşən Əliyev, Rəna Mirzəliyeva, Əsgər Manafov, Oktay Fərzəliyev, Dadaş Əliyev, Surə Mehdiyeva, Hacıməmməd Məmmədov, Vüqar Hüseynov, Xalıq Xalıqov, Qumru Abdullayeva və başqaları belə müəllimlərdəndir.
Yeni dərs ili Respublikamızda Təhsil İslahatının, Respublika Prezidenti cənab İlham Əliyevin təhsilə aid təsdiq etdiyi sənədlərdən irəli gələn vəzifələrin həyata keçirilməsində, təhsilimizin dünya təhsilinə inteqrasiya olunmasında mühüm mərhələ olacaqdır. Yeni dərs ilində öz fəaliyyətimizi müasir tələblər nəzərə alınmaqla yenidən qurmağa diqqəti artıracaq, rayonda dövlətin təhsil siyasətinin həyata keçirilməsini təmin edəcəyik. Müasir idarəetmə mexanizminin, mütərəqqi təhsil modeli olan kurikulumların tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirməklə rayonda təhsilin səviyyəsini daha da yüksəltməyə nail olacağıq.

Şərh Yaz