Bitişik binaların tarixçəsi (Sənədli hekayə)

Hər dəfə bura gələndə vaxt tapıb bu bitişik tikilmiş iki binaya baş çəkirəm. Hazırkı Tarix-Diyarşünaslıq Muzeyi və ona bitişik turizm mərkəzi binalarına. Onların bir-biri ilə bağlı, fikrimcə maraqlı tarixçəsi var. Hər ikisinin sahibəsi ata nənəm Humayın sevimli baldızı Mədinə olub. Həm də təkcə sahibəsi yox. Tarixçəni Humay nənəmdən eşitmişəm. Bəlkə danışım, siz də biləsiniz? Bitişik  binaların  tarixçəsi        (Sənədli hekayə)                                Məşədi Fərzi səfərdən qayıdanda Lahıca, həyətinə, evinə girərkən sağ-salamat qalmasına, ailəsinə gətirə bildiyi bərəkətə görə Allaha şükür eləyirdi. Bu dəfə də eləcə. O, əl-üzünü yudu, dəstəmaz aldı. Namaz qıldı. Arvadı Mədinə süfrə açdı, Lahıc mahalından uzaqlarda da dadına görə fərqliliyindən danışılan Lahıc dolması gətirdi. Dolmanın büküldüyü heyva yarpağının ətri Məşədiyə xoş gəlirdi. Süfrə bol idi, əsil tacir süfrəsi kimi. Məşədi Fərzi:
– Məşədi Əhmədin qızı, gəlsənə, –“ deyərək onsuz yeməyə başlamayacağına işarə vurdu. Bu tərəflərdə arvada adı ilə deyil, məhz bu cür müraciət olunması ona hörmət və sevgi əlaməti idi.
Mədinə süfrə arxasında oturub ərinin çörəyə əl uzatmasını gözlədi. Əri isə:
– Bəs Dadaş hanı, –“ soruşdu.
– Harada olacaq? Tay-tuşlarının yanında. Biz sənin bu gün gələcəyindən xəbərsiz idik. Xörəyini soyutma. Dolma isti yeyiləndə daha ləzzətli olur.
– Mən nə vaxtsa qayıdanda bu uşağı evimdə görəcəyəmmi?
Arvad ərini sakitləşdirməyə çalışdı:
– Gələr, darıxma. Bismillah elə, çörək götür, xörəyimizi soyutmayaq.
Ərindən sonra süfrəyə əl uzadan Mədinə onun üçün darıxdığından, son günlərdə isə lap səbirsizliklə gözləri yolda qaldığından söhbət saldı.
Mədinə süfrəni yığışdıranda əri gətirdiyi bağlamalardan bəzilərini açdı. Sevimli və gözəl arvadının payını çıxardı. Qızıl bəşək əşyaları, parçalar, baş örtükləri… Mədinə gördüklərindən hayıl-mayıl olmadı, əri həmişə ona fərqli şeylər gətirirdi. Arvadını sevindirəndən sonra Məşədi Fərzi tək uşağına, ərköyün oğluna seçdiklərini üzə qoydu.
Gecə yarısı evə qayıdan Dadaş atasını görəndə çaşqın halda onunla salamlaşıb görüşdü. Atasından mümkün qədər tez uzaqlaşmağa çalışdı. Anasını axtardı. Məqam tapıb mətbəxdə tək dayanmış qaşqabaqlı anasına yan aldı. Yalvar-yaxarla dil tökdü:
– Ana, demə, daha onlarla oturub-durmayacağam, qurban olum, and içirəm.
Dadaşın pıçıltısını anası güclə də olsa eşidirdi.
– Dəfələrlə and içmisən, –“ Mədinə sakitcə dedi, –“ amma andına sadiq çıxmamısan. Yox, daha sənə inanmıram. Bu dəfə deyəcəyəm. Dadaş, belə yaramaz, sən böyük oğlansan…
– Axırıncı dəfə sənə söz verirəm, ana, yalvarıram, bu dəfə də mənə inan.
Gecə yataqda ər arvadını oğlu haqda sorğu-suala tutdu.
– Cavanlıq eləyir, tay-tuşları ilə, atasının sayəsində. Allah atasına dəyməsin.
– Oxumağa göndərəcəkdim, həvəs göstərmədi. Özümlə aparmaq fikrim vardı, istəmədi. Evlənəsi vaxtdı. Ailəsini dolandırmağa pul qazanmağı öyrənməlidi, ya yox? Böyük oğlandı, bunun axırı necə olacaq?
Mədinə gülümsədi:
– Axırı yaxşı olacaq, atasının balasıdı, aciz qalmaz.
Dərhal söhbəti dəyişərək Mədinə ərini şirin dilə tutub, səfərindən danışdırdı.
Məşədi Lahıc ustalarının mallarını satmağa apardığı şəhərlərdən gətirdiklərini səhər dükanlara paylamağa başladı. Mədinə ərinin oğluna gətidiklərini ona göstərdi:
– Bax, gör, anla, atan səni nə qədər çox istəyir, əzizləyir. Sənsə kimlərə qoşulmusan. Sənin əvəzinə mən xəcalət çəkirəm.
– Ana, bəsdi. Yenə başladınmı? Dedim ki, onlarla qurtarmışam.
– Eh, ay oğul, neçə dəfə demisən, and içmisən? Əməl eləmirsən, axı. Heç bilmirəm atan eşitsə nə edəcək.
Dadaş təzə pal-paltarı, ayaqqabını geyindi. Papağı başına qoyub divardan asılmış bəzəkli iri güzgünün qarşısına keçdi. Əynindəkilərə, özünə baxdı. Könlündən bunları yoldaşlarına göstmək keçdi. Oğluna tamaşa edən anası onun fikrindən keçəni başa düşdü. And içdi ki, getsə hər şeyi ərinə söyləyəcək. Dadaş çölə çıxmadı.
Məşədi nahara evə qayıdanda oğrun baxışlarla oğlunu axtardı. Görəndə sakitləşdi. Ailəliklə nahar elədilər.
Növbəti səfərə hazırlaşan Məşədi satışa aparmağa yerli ustaların hazırladığı qızıl-gümüş bəşək əşyaları, silah, mis qab-qacaq, qız-qadınların toxuduğu naxışlı xalçalar aldı. Evində ailəsi ilə keçirdiyi bir ay nə qədər xoş olsa da qazanca çıxmalı idi. Arvadına iki para pul verdi. Birini sandıqdakıların üstünə qoymağı tapşırdı. Digəri xərclik idi.
Növbəti dəfə Məşədi evinə qayıdanda arvadının kefi yox idi. Ərini əvvəlki dəfələrdəki kimi meh-ribanlıqla qarşılamadı. Məşədi bunu hiss elədi. Səbəbini bilmək istədi. Mədinə illər boyu gizlətdiklərini bu dəfə açıb tökdü. Dadaş həyətə daxil olanda hündür boylu, gümrah bədənli Məşədinin bir şilləsindən yerə yıxıldı. Məşədi onu təpiyinin altına saldı.
– Mən min bir əziyyətlə pul qazanıram, sənsə onları qumara qoyurnsanmı?! Məndən olub, mənə oxşamayan, layiqsiz övlad!
Mədinə oğlunu ərinin əlindən almağa cəhd etmədi. Güçü çatmayacaqdı. Üstəlik də ərinin qəzəbinə tuş gələ bilərdi. Belə etsəydi həm də Dadaşın ayağı yer ala bilərdi. Məşədi yorulanda oğlundan əl çəkdi.
Gecə yarı olmuşdu, amma, nə Məşədinin, nə də Mədinənin gözü yuxuya gedirdi.
– Məşədi Əhmədin qızı, sən ağıllı adamsan. Dəfələrlə mənə ağlıma gəlməyən məsləhətlər vermisən. Bunu vaxtında xəbər eləsəydin, qabağını alardım. Niyə belə uzatdın?
– Mədinə təəssüf dolu səslə ərinə:
– İstəyirdim, –“ deyə səbəbini izah etməyə başladı, –“ özüm onu yola gətirim, sən heç bilməyəsən. Fikirli olmayasan, ürəyin də ağrımasım, əlin də işindən soyumasın. Düşündüm ki, öhdəsindən gələrəm.
Məşədi dinməzcə nə haqdasa düşünürdü.
– Eşidirsənmi, Məşədi, sən Allah adamı olduğundan bir məsələ ilə bağlı məsləhətləşmək istəyirəm.
Məşədidən səs çıxmadı.
– Ağolu məhəlləsinin yuxarı hissəsinin camaatı əziyyət çəkir, ibadətə gələndə. Gündə filan qədər yolu gəlib-getməli olur, pilləkənləri düşüb qalxır. Bəlkə orada Allah evi tikdirəsən? Savab yiyəsi olarsan. Sənə dua edərlər, rəhmət oxuyarlar. Uşaq tərgidənə, düzələnə oxşamır. Biz bu dünyadan köçənədək sən nə qədər qazanıb qoyub getsən də uşaq yox edəcək.
Mədinənin məsləhətləşmək adı ilə verdiyi təklif Məşədinin ağlına batdı. Yaxşı usta ilə danışdı, binanın memarılığını da ona həvalə elədi. Namaz otağı böyük və hündür olmalıdı, qabağında da üstü örtülü eyvan. Binanın arxasındakı həyəti iri, yastı çay daşları ilə döşənməlidi, dəstəmaz almağa suyu və güşəsi olmalıdı. Qonaq otağı da öz yerində. Allah evi sayılan məsciddə vacib sayılan hər şey olmalıdı, özü də gözəlindən.
Məşədi Lahıcda qaldığı hər gün tikintiyə baş çəkir, işləri nəzarətdə saxlayır, yeri gəldikcə məsləhətini verirdı. Qonaq otağının yerini müəyyənləşdirdi. Dəstəmaz almaq vacib olduğundan həyətdə su quyusu qazımağı tapşırdı.
O, işini də unutmamışdı. Alıb yığdığı malları götürüb yola düşdü. Fikri-zikri tikintidə qalmışdı. Mallarını ucuz qiymətə satıb tezliklə evə qayıtdı. Xoşxəbər oldu. Ümid az olduğu halda quyu su vermişdi. Sonralar məlum oldu ki, yodlu sudu. Lahıc mahalında, o tərəflərdə suyun yodlusu nə qədər vacib olsa da beləsi tapılmırdı. Dindarlar qəti fikrə gəldilər ki, yodlu su Allahın bu məscidə üz tutacaq mömin bəndələrinə mərhəmətinin nişanəsidi. Təzə məscidin ömrü uzun olacaq. Məşədi pəncərə, naxışlı qapı sifariş elədi, palıddan. Pəncərələrə çöldən vurulacaq şəbəkələr də. Qalın taxtadan döşənmiş və boya çəkilmiş döşəməyə yun xalçalar sərdirdi.
Bir min doqquz yüz ikinci il idi. Məscid ibadətə tam hazır oldu. Məscidə ad qoymaqda çətinlik çəkilmədi. Lahıcdakı əsrlər boyu sürən ənənəyə görə məscidə məhəllənin adı verilirdi. Ağolu məscidinə Məşədi Fərzi savadlı molla tapdı. Ağolu məhəlləsinin camaatı namaza dəvət olundu. Məscidi tikdirənə və tikənlərə dualar oxundu, onların ata-anasına Allahdan rəhmət diləndi.
Ərlə arvad üç gün ərzində birlikdə Ağolu məscidində namaz qıldılar. Şəhərciyin aşağı hissəsində yaşayan cütlük təzə məscidə həvəslə qalxır, ibadətdən sonra da həvəslə düşürdülər. Əvvəlki kimi evlərinin yanındakı məscidə getmədilər. Əri Lahıcda olmayanda da Mədinə hər gün, soyuqda da, istidə də təzə məsciddə namaz qılacağı haqda onun razılığını aldı.
Məşədi səfərə yollandı. İstər-istəməz təzə məscid tez-tez yadına düşür, camaata lazımi iş gördüyündən razı qalırdı. Bu dəfə evə tez qayıtdı. Arvadı ilə birgə hər gün pillələri qalxır, “Ağolu” məscidində namaz qılır və pillələri enib ikimərtəbəli dəbdəbəli evlərinə qayıdırdılar.
Beləcə illər ötdü. Yaş öz işini görürdü. Qalxıb-düşmək ağırlaşırdı.
– Ay kişi, bir təklifim var. Bir qulaq as, bəlkə ağlabatandı?
– Eşidirəm, Məşədi Əhmədin qızı, o nə təklifidi?
– Qalxıb-düşmək günü-gündən çətinləşir, ayaqlarımız sözümüzə baxmaq istəmir. Məscidin yanında yer var. Bəlkə oranı alıb xudmani ev tikdirəsən? Orada yaşayaq.
– Ağıllı təklifdi, Məşədi Əhmədin qızı, sənin ağlına quzu kəsərəm.
Mədinə sevincindən gülümsədi:
– Ömrün tikdirdiyin məscid qədər uzun olsun.
Məşədi məscidə bitişik iki mərtəbəli xudmani ev tikdirdi. Özlərinə gündəlik vacib olan əşyaları gə-tirdilər, təzə evə köçdülər. Ömürlərinin sonunu sakitcə başa vurmağa imkanları bəs edirdi. Camaat tərəfindən onlara olan diqqət, hörmət də öz yerində. Onları incidən bir məqam vardı, yeganə övladın fərsizliyi.
Rəsul Rəxşanlı,
iyun, 2018-ci il

Şərh Yaz