İsmayıllının Xankəndi kəndində görüş-qəbul

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun yerlərdə keçirdiyi ardıcıl, sistemli görüş-qəbulların növbətisi Xankəndi kənd sakinləri ilə olub.  İsmayıllının Xankəndi kəndində görüş-qəbul
 İsmayıllının Xankəndi kəndində görüş-qəbul                  Tədbir Xankəndi tam orta məktəbinin foyesində keçirilib. Görüş-qəbulu giriş nitqi ilə açan Mirdaməd Sadıqov rayonda görülən işlər, həyata keçirilən yeni layihələr, xüsusilə prezident İlham Əliyevin şəhər ərazisində Xalça fabriki, Lahıcda məktəb tikintisi, Dəmirçi-Lahıc yolunun və qəsəbəyə qaz kəmərinin çəkilişi barədə sərəncamlarının ən yüksək səviyyədə, müəyyən edilmiş zamanda icrası barədə ətraflı məlumat verib.
Kəndin problemlərinin ona dəqiq bəlli olduğunu deyən RİH-nin başçısı diqqətə çatdırıb ki, kəndin bir sıra məsələləri bələdiyyə tərəfindən öz həllini tapmalıdır. Bunun üçün də vergi ödəyicisi kimi kənd sakinlərinin fəallığı tələb olunur.
İştirakçılar Mirdaməd Sadıqov tərəfindən səsləndirilən problemləri bir daha diqqətə çatdırıblar. Kənddaxili 25 ədəd elektrik dirəyinin və transformatorun dəyişdirilməsi, kəndə qaz çəkilişi, Basqal-Xankəndi yolunun təmiri, perspektiv inkişaf üçün torpaq sahəsinin ayrılması, sürüşmə zonasında yerləşən 13 fərdi yaşayış evi ilə əlaqədar səlahiyyətli qurumun qərar verməsi, “Mücüçay”ın bəzi evlər və həyətyanı sahələr üçün yaratdığı təhlükənin aradan qaldırılması üçün sahilbərkitmə işlərinin aparılması bu sırada olan məsələlərdən olub.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müəyyən nazirlik, komitə və baş idarələrə aid məsələlərlə əlaqədar müraciətlər edəcəyini, RİH-nin səlahiyyəti daxilində olan çatışmazlıqların vaxtında aradan qaldırılacağını bildirib.

Şərh Yaz