Payızlıq taxılların səpini optimal müddətdə başa çatdırılmalıdır

Taxılçılıq rayonumuzda kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan təlabatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan təlabatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur.Payızlıq taxılların səpini optimal müddətdə başa çatdırılmalıdır                        Başqa bitkilərin əkin sahəsi hesabına taxıl əkini sahələrinin həddən artıq genişləndirilməsi fermer təsərrüfatlarında monokulturaya gətirib çıxarır ki, bu da tarlada bitkilərin rotasiya qaydası ilə yerləşdirilməsinin pozulmasına səbəb olur.
Bunun qarşısını almaq məqsədilə vahid əkin sahəsindən yüksək məhsul götürülməsi və taxılçılıqda elmi-texniki tərəqqidən geniş istifadə olunması ön plana çəkilməlidir. Hesablamalar göstərir ki, rayonumuzda yalnız məhsuldarlığın yüksəldilməsi hesabına illik taxıl istehsalını 120-130 min tona çatdırmaq üçün real imkanlar vardır. Bunun üçün əkin sahəsini 26-27 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan 4.5 -5 tona çatdırmaq kifayətdir.
Taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin təlabatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir.
Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması məhsulun yarısı deməkdir.
Dəmyə şəraitində payızlıq taxıllar əsasən bostan, tərəvəz, qarğıdalı, tütün, yonca və s. bitkilərdən sonra səpilir.
Cərgəarası becərilən sələflərin (qarğıdalı, tütün) məhsulu yığıldıqdan sonra sahə bitki qalıqlarından təmizlənərək 20-25 sm dərinlikdə şumlanır. Təsərrüfatlarda bitki qalıqlarını xırdalayan alət varsa, həmin qalıqların xırdalanaraq sahədə saxlanması məsləhət bilinir ki, bu da torpaq münbitliyinin yüksəlməsinə səbəb olur.
Şumdan sonra sahə ağır diskli mala ilə diskləndikdən sonra səpin aparılır.
Cərgə arası becərilən bitkilərdən sonra sahə alaqlardan təmiz və yumşaq vəziyyətdə qalmışdırsa, onda belə sahələrdə torpağı payızlıq buğda üçün üzdən minimal becərmək daha yaxşı nəticə verir. Nəmliklə təmin olunmuş dəmyə şəraitində taxılların səpini oktyabrın 15-dən başlayaraq noyabrın 5-nə qədər başa çatdırılmalıdır.
Səpin adi cərgəvi üsulla aparılmaqla hektara səpin norması buğda üçün 4.0-4.5 milyon ədəd, arpa üçün isə 3.5-4.0 milyon ədəd cücərən dən hesab olunur.
Rayonumuzda az yağmurlu quraq dəmyə zonalarında payızlıq taxılların məhsuldarlığını məhdudlaşdıran amillərdən ən başlıcası yağmurların az olmasıdır. Ona görə də bu şəraitdə taxılın səpini payız yağmurları başlayana qədər başa çatdırılmalıdır.
Quraq dəmyə şəraitində payızlıq taxıllar əsasən taxıldan, qara, faraş və bitkili heriklərdən sonra səpilir. Payızda sentyabr ayında qara və faraş herik sistemi ilə becərilmiş sahələr malalanaraq səpinə hazırlanır.
Əgər sələf bitkiləri payızlıq taxıl və dən üçün noxuddursa, onda bu sələflərdən sonra torpağı taxıl üçün üzdən (səthi) becərmək lazımdır. Bu zaman sahə diskili mala ilə 10-12 sm dərinlikdə bir-birinin əksi istiqamətində 2 dəfə becərilir və bir başa səpin aparılır.
Quraq dəmyə şəraitində payızlıq taxılların səpini sentyabrın 25-dən oktyabrın 10-na qədər olan müddət ərzində başa çatmalıdır.
Hektara səpin norması buğda üçün 4.0-4.5 milyon, arpa üçün isə 3.0-3.5 milyon ədəd cücərən dən götürülür.
Səpin adi, cərgəvi üsullarla (cərgəarası 7.5 və 15 sm.) aparılır.
Quraq dəmyə şəraitdə taxıl səpininin şırım üsulu ilə aparılması bitkilərin nəmliklə təmin olunması baxımından yaxşı nəticə verir. Bu səpin üsulunda toxumlar şırımın dibinə səpilir. Yağış yağan zaman şırımın kənarına düşən yağmurlar axaraq şırımın dibinə tökülməklə orada nəmliyin miqdarını artırır. Nəticədə şırımın dibinə səpilmiş toxumlar normal nəmlənməklə vaxtında cücərir və sonrakı mərhələlərdə bitkilər yaxşı böyüyüb inkişaf edirlər.
Beləliklə, fermerlər taxıl səpinini vaxtında və göstərilən aqrotexniki qaydalarda aparmaqla yüksək məhsul üçün zəmin yarada bilərlər.
A.Əsədov,
İsmayıllı rayon BMM-nin rəisi

Şərh Yaz