Uğurlarımız ildən-ilə artır

Ölkəmizdə xalqın rifah halının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi ilə bağlı bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri də respublikamızın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunan, Dövlətimizin və Dünya Bankının birgə maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihələridir.Uğurlarımız ildən-ilə artır
Uğurlarımız ildən-ilə artır                              Hər hansı bir ölkədə yerli istehsal istehlakı təmin etmədikdə, orada qıtlıq, bahaçılıq hökm sürür, dövlətin digər inkişaf etmiş ixrac dövlətlərindən asılılığı yaranır. Dövlətçiliyimizin əsasını təşkil edən bu məsələ ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bununla bağlı bir sıra iri miqyaslı layihələrə imza atılmışdır. Yeni şəraitdə hörmətli cənab Prezidentimiz İlham Əliyev tərəfindən bu strateji xətt davam və inkişaf etdirilir. Kənd adamıyam, bütün bunların canlı şahidiyəm. Bir neçə il bundan öncə fermerlər pay torpaqlarını lazımi şəkildə əkib-becərə bilmirdilər. Əkilməmiş, kol-kos basmış çoxlu boş torpaqlar qalırdı. Ölkə lazım olan kənd təsərrüfatı məhsullarını xaricdən alırdı. Bu boşluğu aradan qaldırmaq üçün şəxsi fermer təsərrüfatlarını inkişaf etdirmək üçün onlara nəzərəçarpacaq miqdarda subsidiyalar ayrıldı. Torpağı becərmək, məhsulu toplamaq, fermerləri lazımi gübrələrlə təmin etmək üçün tədbirlər həyata keçirildi. İndi torpaqlarımızın bir qarışı belə boş qalmamışdır. Bütün torpaqlardan təyinatı üzrə istifadə olunur. Kəndli-fermer təsərrüfatlarına torpağı becərmək üçün texnikanın alınmasına, kompleks servizlərin yaradılması məqsədi ilə Dövlət tərəfindən uzunmüddətli, güzəştli kreditlər verilir. Bu imkanlardan istifadə edən bir nəfər kənd sakinimiz müxtəlif növ maşın və mexanizmləri əldə etməklə serviz yaratmışdır. Torpağı becərmək istəyənlər əvvəlki kimi, başqa yerlərə müraciət etməli olmurlar.
Azərbaycan Kənd İnvestisiya Layihəsinin Sumağallı kəndi üzrə icma rəhbəri, məktəbin müəllimi Arzu Mirzəyeva seçilmişdir. İcma özündə 24 nəfər qadını birləşdirir. Qısa müddət ərzində icma bir sıra layihələrə imza atmışdır. Həmin layihə əsasında bu ilin aprel ayında kənddə eni 8, uzunluğu 22,6 metr olan inkubator sexinin binası tikilib və lazım olan avadanlıqlarla təmin olunub. Buradakı şərait il ərzində 50-55 min cücə çıxarılmasına imkan verir.
Arzu Mirzəyeva keçən ay üzvü olduğu ictimai qurumun təşəbbüsü və maliyyə dəstəyi ilə Belçikanın paytaxtı Brüssel şəhərində bir həftəlik təcrübə mübadiləsində olmuşdur. Orada müxtəlif istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olmuş, yekun müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri A.Mirzəyevanın ictimai qrupla bağlı fikirlərini açıqlamışdır. Dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr həmyerlimizin fəaliyyət proqramına yüksək dəyər vermişlər.
Sovetlər birliyi dövründə qonşu Qalacıq kəndində xalça fabriki fəaliyyət göstərirdi. Təkcə qonşu kəndlərin deyil, rayonun ən ucqar kəndlərindən olan xalçaçı qadınlar bu fabrikin işçiləri kimi çalışırdılar. Fabrikin toxuduğu xalçaların əksəriyyəti eksport məhsul kimi xarici ölkələrə ixrac olunurdu. Hazırda ətraf kəndlərimizdə az da olsa xalça ustalarımız qalmışdır. Bunu nəzərə alan icma üzvlərimiz Sumağallı kəndində xalçaçılıq sənətini bərpa etmək üçün layihə üzərində işləyirlər. Layihəyə görə əvvəlcə kiçik ölçülü xalçalar toxunacaq. İstehsal olunan nümunələr xarici bazarlarda bəyənilərsə, kənddə xalça fabrikinin tikintisi nəzərdə tutulmuşdur.
İcma üzvləri ayda bir dəfə olmaqla hesabat yığıncağı keçirir və qarşıda duran məsələlər müzakirə olunur. Bütün bunlar insanların rifah halının yaxşılaşdırılmasına və əlavə iş yerlərinin açılmasına səbəb olacaq.
Göstərilən qayğıya, ölkədə gedən inkişafa və yeniliklərə görə işgüzar insanlara, şəxsən cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.
Heydər Xəlilov,
Sumağallı kənd sakini

Şərh Yaz