Gənclər maarifləndirilib

11 iyun 2018-ci il tarixdə İsmayıllı rayonunun Tarix-Diyarşünaslıq Muzeyində “Sağlam Gəncliyə Doğru” ictimai birliyinin “Narkomaniya ilə bağlı regionlarda seminarların keçirilməsi” adlı layihəsi həyata keçirilib. Gənclər maarifləndirilib      Layihənin təqdimatında İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, “Sağlam Gəncliyə Doğru” ictimai birliyinin sədri Turqay Həsənəliyev, təşkilatın fəal üzvü Elmir Ələkbərov və məktəblilər iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Sağlam Gəncliyə Doğru” ictimai birliyinin sədri T.Həsənəliyev bəşəriyyət tarixinin ən böyük bəlalarından biri olan narkomaniyanın fəsadlarından və ona yoluxmanın qarşısının alınmasında maarifləndirmənin rolundan danışıb.
Daha sonra RİH-nin nümayəndəsi B.Xələfov çıxış edərək, gənclərdə sağlam həyat tərzinin formalaşması, onları zərərli vərdişlərə istiqamətləndirən səbəblərdən uzaqlaşma yollarından danışıb.
Narkomaniyanın yaranma səbəbləri və ona qarşı mübarizə metodlarından danışan RPŞ-nin nümayəndəsi R.Orucov gənclərin sağlam mühitdə böyüməsi üçün dövlətimizin hər cür şərait yaratdığını və bu istiqamətdə ciddi proflaktiki tədbirlərin görüldüyünü bildirib.
Təşkilatın üzvü E.Ələkbərov narkomaniya, boşanma və ölüm kimi halların ailələrə gətirdiyi fəsadlardan və onlardan xilas olunma yollarından söz açıb.
Tədbir işgüzar dialoq formasında müzakirələrlə yekunlaşıb.
M.Zeynalov

Şərh Yaz