Oğul arxadırsa, qız yaraşıqdır

Xəlilli İsmayıllı rayonunun 105 kəndindən biridir, o biri kəndlərdən elə bir fərqi, elə bir özəlliyi olmayan, sadə, mehriban, zəhmətkeş insanların yaşadığı adi bir kənd. Bu gün bizi bu kəndə gətirən, bu kəndi qeyri-adi edən səbəbi isə nəniki İsmayıllının, bəlkə də Respublikamızın heç bir yerində axtarmaq gərəkməz, faydasız olar.  Oğul arxadırsa, qız yaraşıqdır     Deyirlər ki, 3 qız övladı böyüdüb, tərbiyə etmiş valideynin yeri cənnətdir. Bu gün biz 3 yox, 10 qız övlad böyüdüb, gözəl tərbiyə vermiş, hamısını ev-eşik, ailə sahibi etmiş, cənnətlik bir ailənin evindəyik – Əlimövsüm kişi ilə Kimya xanımın ailəsində. Əlimövsüm kişinin bu il 80, Kimya xanımın isə 70 yaşı olacaq. Sevib-seçib evləniblər və 50 ildir ki, bu sevginin işığında birgə addımlayırlar. Zəhmətkeş insanlardırlar, hər ikisi uzun illər kolxozda işləyiblər, vaxt tapıb övladlarına da gözəl tərbiyə veriblər. Elə tərbiyə ki, gəlin getdikləri evin qızı olmağı bacarıblar və əvəzində 10 qız atası olan valideynlərinə 10 kürəkən yox, 10 oğul qazandırıblar.
Səməd Vurğun “Bəsti” poemasında yazır:
… Beləydi bizdə qayda,
Qız doğanda analar,
Baxıb qara geyərdi,
Su üstündə sonalar.
Əlimövsüm kişi deyir ki, qızı olduğuna görə bir dəfə də olsun həyat yoldaşına nəinki tənə, eyham belə vurmayıb, qızlarına Bəsti, Kifayət, Qızyetər kimi adlar da verməyib. Əksinə, hər uşaq doğulanda sağlam, əli, ayağı, əzası düz olduğuna görə Allaha şükür edib, qurban da kəsib.
Bu gün Əlimövsüm kişi ilə Kimya ana 20 övladın, onlarla nəvə-nəticənin əhatəsində xoşbəxt qocalıq ömrünü yaşayırlar. Onları eşidənlərə isə bircə məsləhətləri var: qızdır deyib dünyaya gəlməyən övladınızın qatili olmayın, yaxşı valideyn üçün, övladına yaxşı tərbiyə verə bilən ata-ana üçün övladın oğul, ya qız olmasının fərqi heç önəmli deyil: insana baş ucalığı gətirən, onları bəxtəvər valideynlər cərgəsinə qatan yaxşı övladdır –“ ya qız olsun, ya oğul, fərq etməz! Yetər ki, valideynlərinə, nəslinə, Vətəninə layiqli övlad olsun! Yaxşı övlad sahibi olmaq isə insanın öz əlindədir. Unutmayaq ki, oğul arxadırsa, qız yaraşıqdır. Ömrümüzə yaraşıq olan qızlarımızın qədrini bilək –“ Ana bətnində olduğu andan!!!
Lətifə Əliyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək mərkəzinin direktoru

Şərh Yaz