Marafon yubileyə həsr olunmuşdu

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 25 may 2018-cı il tarixdə məktəblilər arasında keçirilən marafon yarışı 28 may-Respublika Günü-Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.Marafon yubileyə həsr olunmuşdu    Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Rayon Təhsil Şöbəsinin əməkdaşı İlham Vahabov, tam orta məktəblərin idman müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi Respublikada geniş miqyasda qeyd edilir.
İsmayıllı şəhərinin 1-7 nömrəli, Diyallı, Təzəkənd, Cülyan, Talıstan kənd tam orta məktəblərindən və İsmayıllı Peşə Tədris Mərkəzindən ümumilikdə 100 nəfər şagirdin iştirakı ilə keçirilən marafon başlanğıcını “Şəhidlər xiyabanı”ndan götürüb ümummilli lider Heydər Əliyevin abidəsi önünə qədər davam edib.
Gərgin keçən marafonda şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Samir Həsənov finiş xəttinə birinci çatıb. Şəhər 3 nömrəli məktəb-liseyin şagirdi İbrahim Cəlalov II, Təzəkənd kənd tam orta məktəbin şagirdi Elxan Əzizli III olub.
Qaliblərə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri təqdim olunub. Yarışda fərqləndiklərinə görə Təzəkənd kənd tam orta məktəbinin şagirdi Azər Hüseyinli, 5 nömrəli tam orta məktəbin şagirdi Sədaqət Eyyubov və İsmayıllı Peşə Tədris Mərkəzinin şagirdi Samir Ağammədov da həvəsləndirici diplomlara layiq görülüblər.
Səbuhi Əzizov

Şərh Yaz