O, müəllim doğulmuşdu

Təhsildən, məktəbdən söhbət düşəndə gözümüzün önündə ilkin olaraq məktəb, şagirdlər və bir də müəllimlər canlanır. Bizə dərs deyən müəllimləri xatırlayır, onlarla bağlı xatirələrimiz çözələnir. Şirin və kövrək duyğuların qanadlarında istər-istəməz o günləri, bir daha geri qayıtmayacaq illərimizi yaşamalı oluruq. Müəllimlərimizi xatırlayırıq, ancaq məktəbə rəhbərlik edən, pedaqoji prosesə, tədrisə əsas cavabdeh olan müəllimlər isə bəzən heç xatırlanmırlar.O, müəllim doğulmuşdu       Onlar məktəb direktorlarıdır. İsrayıl Həsənov, Hacıbaba Orucov, Hacalı Ramazanov, Fərman Bəşirov, Gülbaba Şəfaqətov, Bəhrəm Məsimov, Г‡oban Bayramov, Əhəd Musayev, Dəmir Nəzirov, Vahab Cəbrayılov, Ənvər Balayev, Yusif Yusifov, Bayram Əsədov və başqaları, ayrı-ayrı vaxtlarda işləyib təhsilimizin yolunda tər töküblər. İndi isə onları yada salmaq bəzən yada da düşmür. Mən isə arada onların işindən, təcrübəsindən danışaraq sətirlərdə onlarla yol getmək istəyirəm. Belə yol yoldaşlarımdan biri…
Onu ötən əsrin altmışıncı illərindən tanıyıram. Orta məktəbdə oxuyurdum. Ancaq elə olurdu ki, atamın işi ilə əlaqədar mən də tez-tez Təzəkəndə getməli olurdum. Atamın sürücüsü Əlibala dayının oğlu Əlisəfa ilə həmyaşıd olduğum üçün onunla həmsöhbət olub məktəbə gedərdik. Əlisəfa da bir-bir müəllimləri mənə uzaqdan göstərib tanışlıq verərdi. Onu da elə o vaxtdan tanıdım. Şəxsi tanışlığımız olmasa da qaraqabaq, bir az da acıqlı, zəhmli müəllim kimi yadımda qalmışdı. İllər ötdü, yaşa doldum. O, Təzəkənddə, mən isə Quşencədə məktəb direktoru işləyirdik. Ayda bir dəfə təhsil şöbəsinin şura iclasında görüşürdük. Əsas yaxınlığımızın səbəbkarı isə şəhər 1 nömrəli orta məktəbin direktoru, hamımızın sevimlisi olmuş Bayram Əsədov oldu.
1984-cü ilin yanvar ayı idi. Rayonda qiyabi orta məktəbin direktoru işləyirdim. Direktorların yanvar iclasından sonra Bayram müəllim ikimizi də məktəbin bufetinə, çay süfrəsinə dəvət etdi. İsti, yaxın tanışlığımız belə oldu və bu münasibət onun dünyadan köçən gününədək davam etdi.
Şahlar Mirzə oğlu Bədəlov 1936-cı il may ayının 5-də İsmayıllının dağ kəndlərindən olan Müdridə anadan olmuşdu. Kənddən köçüb gedən həmkəndlilərindən və qonşularından geri qalmaq istəməyən Mirzə kişi də 1937-ci ildə ailəsini götürüb indiki Təzəkənd kəndinə köçür.
İkinci Dünya müharibəsinin acılarını hələ körpə yaşlarından hiss edən balaca Şahlar 1944-cü ildə həmyaşıdları kimi Təzəkənd kənd yedillik məktəbin birinci sinfinə qəbul olunur. 1951-ci ildə yeddinci sinfi müvəffəqiyyətlə bitirən yeniyetmə Ş.Bədəlov Göyçay Pedaqoji Texnikumuna daxil olur. Ən böyük və müqəddəs arzusu müəllim olmaq idi. Bu arzu, istək onda doğma məktəbə, elmə, təhsilə, ona dərs deyən o müqəddəs insanlara –“ müəllimlərə olan sonsuz ehtiramı və hörməti idi. O, 1955-ci ildə texnikumu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirir. 19 yaşlı, hələ bərkə-boşa düşməyən gənc müəllim Azərbaycan SSR Maarif Nazirliyinin təyinatı ilə Dəvəçi (indiki Şabran) rayon təhsil şöbəsinin sərəncamına göndərilir. İdrisli kənd yeddi illik məktəbə müəllim göndərilən Ş.Bədəlov burada bir il işləyir. Özünü savadlı, hərtərəfli biliyə malik, kamil ziyalı müəllim kimi görmək istəyən Şahlar ali təhsil almaq, savadını, pedaqoji ustalığını, bilik və bacarığını daha da artırmaq üçün elə müəllimliyə başladığı ilk gündən öz üzərində ciddi çalışmağa, oxuyub öyrənməyə başlayır. Elə bu istəklə də 1956-cı ildə sənədlərini o vaxtki APİ-nin (indiki ADPU) fizika-riyaziyyat fakültəsinin əyani şöbəsinə verir və tələbə adını qazanır.
Günlərini kitabxanalarda və oxu zallarında başa vuran gənc müəllim dörd ilin necə keçdiyini hiss etmir. Sonralar özü etiraf edirdi ki, kənddə yaşayanın bir günü bir ilə bərabər olur, ancaq mən tələbəlik illərinin necə ötdüyünü bilmədim. Bir də onda ayıldım ki, dövlət imtahanları başlayır.
1961-ci ildə ali təhsilini uğurla başa vurub doğma rayona təyinat alır. İsmayıllı RTŞ-nin əmri ilə 1961-ci ilin sentyabr ayının birindən ta 1997-ci ilə kimi, düz otuz altı il Təzəkənd kənd tam orta məktəbində müəllim, təşkilatçı və direktor işləyir.
İstər müəllim, istərsə də tərbiyə işləri üzrə direktor müavini –“ təşkilatçı işləyərkən məktəbdə təlim-tərbiyənin düzgün qoyuluşuna, keçirilən tədbirlərin kütləviliyinə və təsir gücünə, məktəblə valideyn münasibətlərinin daha da güclənməsinə xüsusi diqqət yetirərdi. Görkəmli pedaqoqların həyat və yaradıcılığını, onların elmi nəzəriyyələrini dərindən öyrənər və işində tətbiq etməkdən xüsusi zövq alardı. Əlaçı və xüsusi istedadı olan şagirdlərin vaxtında üzə çıxarılmasına, onların istedad və bacarıqlarının daha da inkişaf etdirilməsini diqqət mərkəzində saxlayardı. Məktəbdə keçiriləcək tədbirləri fənn müəllimləri və sinif rəhbərləri ilə müzakirə edər, özünün süzgəcindən keçirdikdən sonra hazırlığına icazə verər, uşaqların hazırlığını izləyərdi. Ona görə Təzəkənd kənd tam orta məktəbin hazırladıqları ictimai tədbirlər öz aktuallığı ilə seçilərdi.
1978-ci ildə Şahlar Bədəlov Təzəkənd kənd tam orta məktəbinə direktor təyin olunanda, artıq püxtələşmiş, məktəb işini və məktəbə rəhbərlik etməyi, nədən, haradan, necə başlamağın istiqamət və yollarını mükəmməl bilirdi. Ona görə də Şahlar müəllim elə ilk gündən öz direktorluq işinə peşəkar kimi başladı.
Müəllim işlədiyi illər ərzində özündən əvvəlki direktorların işini izləmiş, yaxşını, pisi qiymətləndirməyin yollarını da öyrənmişdi. Məktəbdə işlədiyi illərdə özünü savadlı, işgüzar, bacarıqlı, özünə güvənən yaxşı təşkilatçı kimi tanıda bilmişdi. Onu ətrafındakılardan fərqləndirən əsas cəhət şəxsi mütaliə idi. Öz elmi-pedaqoji və metodiki biliyini artırmaq üçün klassik pedaqogikanı, pedaqogika tarixini, yaş fiziologiyasını və psixologiyanı “Matematika v şkole”, “Azərbaycan məktəbi” jurnallarını, “Azərbaycan müəllimi” qəzetlərini mütəmadi olaraq oxuyardı. Özünə və ətrafındakılara qarşı çox ciddi və tələbkar idi. Nöqsana, səhvlərə qarşı son dərəcə barışmaz olduğunu hamı bildiyi üçün səhv edən çalışardı ki, Şahlar müəllimin gözünə görünməsin. Əslində çoxlarına qaraqabaq və lovğa kimi görünən Şahlar müəllim kövrək qəlbli, qayğıkeş və işini ürəkdən sevən insan idi. Onun yanında işləmək ali məktəb bitirmək kimi bir şey idi. Bir sözlə, Şahlar müəllim tənbəl, üzərində çalışmayan, öz bilik və bacarığını yeniləməkdən qaçanları sevməzdi. Onunla işləyib baş girləmək mümkün deyildi. Elə ona görə də direktor işlədiyi 16 il ərzində Təzəkənd kənd tam orta məktəbi rayonun sayılıb seçilən, sanballı, adlı-sanlı məktəblərindən biri olmuşdu. Bir neçə dəfə Təzəkənd kənd tam orta məktəbin iş təcrübəsi öyrənilərək yayılması məqsədə uyğun hesab edilmişdir. Şahlar Bədəlov rayon səviyyəli iclaslarda, Rayon Təhsil Şöbəsinin şura iclaslarında maraqlı çıxışlar edər, dəyərli tövsiyyələri ilə yadda qalardı.
Məktəbi nəhəng bir simfonik orkestrə bənzətsək, Şahlar müəllim bu orkestrin dirijoru idi. Onun sehrli dirijor çubuğu məktəbin bütün işlərinə təkan verir, yeni uğurlara cığır açırdı.
Şahlar Bədəlov yenilikçi, novator direktor idi. Təhsillə bağlı bütün ilkin məlumat və təlimatları, yeni alınmış təlimin texniki vasitələrini, məktəbə gətirər, fənn kabinetlərinin nümunəvi təşkilinə xüsusi diqqət yetirərdi. Məktəbdə hər şey onun nəzarətində idi. Şahlar müəllim yaxşı bilirdi ki, elmdə irəli getməyin yolu şəxsi mütailədən keçir. Ona görə də bu şüarı tez-tez təkrar edər və bundan heç yorulmazdı da. Deyərdi ki, biz müəllimik, vəzifəmiz uşaqlara elm öyrətmək, savad vermək, onları işıqlı və xoşbəxtliyə gedən yola yönəltməliyik. Yəni, biz kitab oxumağı tam genişliyi ilə təbliğ etməliyik. “Kitab bilik mənbəyimizdir”. Məsələnin aktuallığını daha yaxşı dərk edən Şahlar müəllim məktəbdə zəngin kitabxana yaratmışdır. Burada tez-tez kitab müzakirələri keçirməyi, “Oxucu günü” təşkil etməyi tövsiyyə edər, kitabxana üçün yeni alınan kitabların da ilk oxucusu elə özü olardı.
Məlumdur ki, pedaqoji konsepsiyada bütün dövrlərdə “kimi öyrətmək”, “nəyi öyrətmək”, “necə öyrətmək” suallarına cavab axtarılmışdır və bu gün də axtarılmaqdadır. Şahlar müəllimi də hər şeydən əvvəl “kim öyrədir” sualı düşündürürdü. Deyərdi ki, müəllim elə elmi keyfiyyətlərə malik olmalıdır ki, onun şagirdləri öz ölkəsinə və millətinə layiqli vətəndaşlar kimi yetişsinlər. O bilirdi ki, müasir müəllim şagirdin potensial imkanlarını nəzərə almalı, onu istiqamətləndirməyi bacarmalı, yaradıcı olmalıdır. Müəllimlik yaradıcılıqdır, müəllim əməyindəki yaradıcılıq yazıçının, bəstəkarın və rəssamın əməyindəki yaradıcılıqdan heç də az deyil, bəlkə də ondan daha ağır və məsuliyyətlidir. Müəllim insan ruhuna bəstəkar kimi musiqi, rəssam kimi rənglərlə deyil, birbaşa müraciət edir. Müəllimin sənət əsəri onun yetişdirdiyi şagirdlərdir. Ancaq yetişdirdiyi sənət əsərində imzası olmayan yeganə sənətkar da müəllimdir. Şahlar müəllim gənc müəllimlərdə özünə inam yaradaraq deyərdi ki, müəllimlik çətin və həm də çox şərəfli bir peşədir. Müəllim öz zəhmətinin bəhrəsini görəndə, biliklər verməklə yanaşı, şagirdlərinin yaradıcılıq potensialını aşkar edib, onlarda özünə inam yaradıb, o, iftixar hissi keçirir, sevinir ki, taleyi ona misilsiz bir hədiyyə edib və o, müəllim olub.
Şahlar müəllim də öz sənəti ilə fəxr edirdi. O heç vaxt rahat deyildi. Г‡oxlarına narahat, özündənrazı insan təsiri bağışlayan Şahlar müəllim narazı adam idi. Nə qədər nailiyyətləri olsa da onunla kifayətlənmir, daha çox uğurlar qazanmaq istəyirdi. Deyərdi ki, yaxşı nə varsa bizimdir, amma, azdır, daha çox işləyək. Ona görə də onun iş prinsipinə dözə bilməyənlər sakitcə məktəbdən gedirdilər. Şahlar müəllimlə işləyən müəllimlərin çoxu sonralar məktəb direktoru olurdular. Təzəkənd məktəbi sanki direktor da yetişdirirdi.
Təzəkənd məktəbində direktor işlədiyi illər ərzində məktəb nəinki rayonda, həm də respublikada tanınmış məktəblər sırasında olmuşdur. Məktəbin qabaqcıl iş təcrübəsi dəfələrlə öyrənilmişdir. Qabaqcıl təcrübəni öyrənmək məqsədi ilə Rayon Təhsil Şöbəsinin şura iclasları, elmi praktik konfranslar, tez-tez açıq dərslər və s. bu məktəbdə keçirilərdi. Onun təşəbbüsü ilə məktəbdə “Tarix-diyarşünaslıq muzeyi” yaradılmışdı. Keşməkeşli tariximizlə qürur hissi keçirən Şahlar müəllim muzeyin yerli və tarixi eksponatlarla zənginləşməsindən ötrü özü də axtarışlar edərdi. Muzey Azərbaycan Təhsil Nazirliyinin xüsusi diplomu ilə təltif edilmişdir.
Uğurlarını muncuq kimi sapa düzən Təzəkənd məktəbinin məzunları ali məktəblərə qəbul zamanı da yüksək nəticələr əldə edirdilər. Onların sorağı keçmiş SSRİ-nin ən nüfuzlu –“ Moskva, Leninqrad, Voronej, Kiyev, Odessa, Xarkov, Minsk, Lvov və sair şəhərlərinin ali məktəblərindən gəlirdi. Bu illər ərzində məktəbin səkkiz nəfər müəllimi “Metodist” müəllim, on iki nəfəri isə “Baş müəllim” adına layiq görülmüşdür. O, yaradıcı, daim axtarışda olan direktor kimi yeni düşüncə tərzi ilə işləməyi bacaran böyük bir kollektiv yarada bilmişdir. Şahlar müəllim məktəb işini dərindən bilən, onun incəliklərinə qədər nüfuz edə biləcək, ixtisasını sevən, dərin düşüncəli, istedad və bacarığı ilə digərlərindən fərqlənən ziyalı idi. Maraqlı, düşündürücü elmi pedaqoji mühazirələri ilə çıxışları onu respublika pedaqoji ictimaiyyətinə tanıtmışdı.
5 yanvar 1976-cı ildə Kiyev şəhərində keçirilən IV Ümumittifaq pedaqoji mühazirələrinə dəvət alan Şahlar müəllim burada maraqlı məruzə ilə çıxış edir. Məruzə təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilir və SSRİ Pedaqoji Elmlər Akademiyası tərəfindən Fəxri fərmana və pul mükafatına layiq görülür.
O, 1978-1993-cü illər arasında keçirilən Azərbaycan Müəllimlərinin Qurultaylarına iki dəfə nümayəndə seçilmişdir. Kiyev şəhərində etdiyi maraqlı məruzəyə görə Təhsil Nazirliyi onu “Qabaqcıl Maarif Xadimi” döş nişanı ilə təltif etmişdir.
90-cı illərin iqtisadi problemləri, maddi imkanların tükənməsi, bəzi araqarışdıranların təsiri, arabir işinə qarşı yerli-yersiz müdaxilələr, atmacalar onu narahat edirdi. Sanki işindən də, özündən də bezmişdi. Ərizə verib işdən getmək istəyirdi. Bunu hiss edən rayon rəhbərliyi onu 1997-ci ildə Təzəkənd kəndi üzrə Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi təyin etmişdir. Qısa zamanda mövcud çətinliklərə baxmayaraq kəndin küçələrinin abadlaşdırılması, kənddə torpaq islahatının həyata keçirilməsində yaxından iştirak etdi.
Şahlar Bədəlovun əməyi o dövrdə partiya və hökumət tərəfindən layiqincə dəyərləndirilmişdir. O, 1976-cı ildə “Şərəf nişanı” ordeni ilə, 1981-ci ildə isə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
İşdə nə qədər ciddi və tələbkar idisə, evdə bir o qədər də mehriban, qayğıkeş idi. Altı övlad –“ iki oğul, dörd qız atası olan Şahlar müəllim övladlarına yaxşı tərbiyə verə bilmişdir. Savadlı, bacarıqlı, zəhmətsevər və vətənpərvər övladlar böyütmüşdür.
Şahlar müəllimdən sonra Təzəkənd məktəbinin işığı, şöləsi get-gedə azalır, tükənirdi. Məktəb öz əvvəlki şan-şöhrətini, işgüzarlığını itirmək üzrə idi. Bunu hiss edən RTŞ-si kadr axtarışına başladı və axtardığını da tapdı. Sən demə, bulaq elə içəridəymiş. Sadəcə, onun yolunu təmizləmək, üzə çıxarmaq lazımdır. Bu elə məktəbin müəllimi, Şahlar müəllimin tərbiyəsi ilə böyümüş Elxan Bədəlov idi.
Sükan arxasına keçən gənc direktor relsindən çıxmaqda olan bu təhsil qatarının hərəkətini nizamlayıb yoluna salmağı bacardı.
2005-ci ilin oktyabrından ta bu günə kimi atasının yolunu, ənənələrini davam etdirən Elxan müəllim bu illərdə bir çox uğurlara imza atıb. Məktəbin nailiyyətləri ildən-ilə artır. Məktəb 2010-cu ildə ilk dəfə, 2015-ci ildə isə ikinci dəfə Respublika üzrə “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub. İndi məktəbin dörd qızıl medalçısı, iki şagirdi isə ali məktəbdə Prezident təqaüdçüsüdür. Məktəbin 2013-cü ildə 19 nəfər, 2015-ci ildə 22 nəfər, 2016-cı ildə isə 18 nəfər şagirdi Respublikanın müxtəlif ali məktəblərinə yüksək balla qəbul olmuşlar.
Şahlar Bədəlov ulu Tanrıdan ona verilmiş 63 illik ömür payını şərəflə yaşadı. 11 sentyabr 1999-cu ildə dünyasını dəyişdi. O, müəllim doğulmuşdu. Onun bir vaxtlar qurub-yaratdıqlarını, arzu etdiklərini indi oğlu həyata keçirir. Özü də şərəflə, uğurla! Allah Şahlar müəllimə rəhmət eləsin! Ruhu şad olsun!
Xalıq Xalıqov,
AJB-nin üzvü, “Qızıl qələm” media mükafatı laureatı

Şərh Yaz