El sevəni aləm sevər

Həyatda bəzən elə adamlara rast gəlirsən ki, heç kəsin olmadığını bilə-bilə özünə doğma, yaxın sayır, görəndə sevinir, görməyəndə darıxırsan. Belələri barəsində düşünəndə fikirləşirsən ki, görəsən insanı bu qədər sevimli, uca, unudulmaz edən nədir? El sevəni aləm sevər
El sevəni aləm sevər       Onun sadəliyimi, təvazökarlığımı, vətənpərvərliyimi, sədaqətimi, bilmədiklərini bir məktəbli kimi öyrənməyə çalışmasımı, təşkilatçılığı, işinə can yandırması, yoxsa, digər ürəkaçan insani keyfiyyətlər, ümumilikdə – qabiliyyətidirmi?
Əslində, sadalanan keyfiyyətlərə sahib olan hər kəs xoşbəxtdir və bu xoşbəxtlik insanın özündən çox başqalarına, ətrafdakılara xoş anlar, müsbət əhval-ruhiyyə bəxş edir.
Osmanov Fikrət Muradalı oğlunu elini sevən, aləmin sevimlisinə çevrilən həmyerlilərimizdən biri kimi tanıyıram. O, təkcə mənim tanışım deyil, ismayıllılar onu bacarıqlı, peşəkar uşaq həkimi kimi tanıyırlar. Uşaq həkimipeşəsi mənə görə tibbin ən çətin və ən məsuliyyətli bir sahəsidir. Belə sənətin ağır yükünü ömürlük çiyinlərinə götürənlərin ilk növbədə özləri ürəkli, cəsarətli olmalıdırlar. Bu peşənin bilicisi olmaq üçün hələ dil açmamış, harasının necə ağradığını belə açıqlayıb çatdıra bilməyən körpələrin ağrısını duymaq üçün tibbi avadanlıq deyil, həssas, duyğusu mükəmməl olan ürək sahibi olmaq lazım gəlir. Uşağın xəstəliyini müəyyənləşdirmək, ona əlac etmək həkimdən dərin bilik, səriştə, həvəs, hövsələ və hər uşağa fərdi yanaşma kimi vacib bacarıqlar tələb edir. Bu işdə həm də güclü psixoloq olmaq başlıca şərtlərdəndir. Uşaq həkimi ilk növbədə özünü xəstəsinə sevdirməyi bacarmalıdır. Belə olmazsa, onun çalışmaları istənilən nəticəni verməyəcəkdir.
Xalq üçün çalışmaq, insanlara qəlbən xidmət etmək istəyi ziyalı insanların daxili aləmindən, mənəvi dünyasından qaynaqlanır.
İsmayıllıda neçə illərdir ki, valideynlər xəstə uşaqlarını əsl uşaq həkiminə xas olan yüksək keyfiyyətləri ilə tanınan və sevilən Fikrət Osmanovun ünvanına gətirirlər. Fikrət həkim üçün iş saatı şərti məvhumdur. Г‡ünki, nə xəstəyə, nə də onun valideynlərinə gözləyin deməyə adət etməyib. Bir həkim, ən mühümü bir ziyalı kimi bu insanın xarakterini səciyyələndirən əsas xüsusiyyət onun möhkəm iradəyə, geniş ürəyə və emosional bir dünyaya sahib olmasıdır. Bu tanınmış tibb işçisi təkcə vəzifələrini deyil, vətəndaşlıq borclarını da yüksək məsuliyyət və ciddiliklə yerinə yetirir.
İnsanların sağlamlığından doğan sevincdən zövq alan bu həkim 1991-ci ildən əmək fəaliyyətinə başlayıb. Fikrət həkimin tərcümeyi-halı qısa olmaqla yanaşı, zəngindir. Yazıda beş-on cümləyə sığacaq ömür yolu gördüyü işlərlə məna taparaq zənginləşir.
Fikrət Osmanov 1964-cü ilin 14 iyununda İsmayıllımızın füsunkar təbiətə malik bir guşəsində, İstisu kəndində ziyalı ailəsində dünyaya göz açıb. Doğulub boya-başa çatdığı kəndin əsas məktəbində oxuyub. Orta məktəbi isə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbində alıb. Bir müddət tikintidə fəhlə işləyib. 1982-1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsinə daxil olub. Ali təhsil aldığı illərdən başlayaraq bir sıra elmi işlərdə, müsabiqələrdə iştirak edib və fərqlənib. Odur ki, 1991-ci ildə universiteti də fərqlənmə diplomu ilə bitirib. Gənc həkim doğma rayona qayıdaraq Uşaq xəstəxanasında təcili şöbə həkimi, 10 ildən çox bir müddətdə həmin müəssisədə yoluxucu xəstəliklər şöbəsinin müdiri, 2007-ci ildən isə Uşaq xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2014-cü ildən isə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri kimi məsuliyyətli işi və vəzifəsinin öhdəsindən layiqincə gəlir.
Fikrət həkim olduqca səmimi, bacarıqlı, peşəsini ürəkdən sevən bir insandır. Bir həkim olaraq sağlamlığını qorumağa, biliklərini artırmağa hər gün vaxt ayırır. Təcrübə topladıqca bir sıra səmərələşdirici təkliflərin müəllifi kimi çıxış edib. Uşaqlarla işlədiyindən onların hər cür şıltaqlığına dözməyi bacarır. Xəstəyə görə valideynlərə verdiyi məsləhətlərdə müxtəsərliyə, səmimiliyə xüsusi üstünlük verir. Tapşırıqları aydın, tam ciddi, qərar şəklində olur. Xarakterindəki bəyənilən cəhətlər onun həyata və insanlığa olan böyük məhəbbətindən irəli gəlir.
Fikrət həkim kifayət qədər maraqlı həmsöhbətdir. Özü haqqında həvəssiz danışır. Həyatdakı mövqeyinə, əldə etdiklərinə görə atası Muradalı müəllimə, anası Gülzar xanıma, ömür-gün yoldaşı Kəmalə müəllimə borclu olduğunu etiraf edir.
Muradalı müəllim rayonumuzun tanınmış ziyalılarındandır. Müəllim kimi sənətinin aliliyinə, müqəddəsliyinə sığınıb balalarının da ali təhsil almasında vasitəçi olub. Kəndin nüfuzlu ağsaqqalı riyaziyyatçıdır. İllər boyu maaşının bir hissəsini dəyərli, maraqlı kitabların alınmasına ayırıb. Zəngin, fərdi kitabxana sahibidir. Asudə vaxtlarında kitab, dövri mətbuat oxumağı sevir. Uşaqlıqdan həkimliyə də meyli olub. Təbiətin yurdumuza bəxş etdiyi dərman bitkiləri ilə xəstə insanların şəfa tapmasında yardımçı olub. Bu ülfətli, mərhəmətli ağsaqqal faydalı məsləhətləri, iynədən, dava-dərmandan bacarıqla istifadə edə bilməsi ilə bir ailə həkimi qədər sevilir və istənilən anda köməyə çatır. Kənd camaatı arasında seçilən və sevilən bu ziyalının ömür yolu canlı nümunə, məsləhətləri eşidiləndir.
Muradalı müəllim ən böyük tapşırıqlarından biri torpağı sevmək və ondan səmərəli istifadə yolunu tapmaqdır. Torpaq səxavətlidir. Torpağı sevməyən kəndli heç zaman rahat yaşamaz, varlana bilməz. Torpaq anadır, anamızın anasıdır. Ana da, nənə də onu sevən övladlarından heç nəyini əsirgəməz. Sevgisi müqabilində onları əzizləyər, sevər və ucaldar.
Bu nəsihətlərin ailədə böyüyən uşaqlara böyük təsiri olub. Fikrət həkim də torpağa qəlbən bağlı insandır. Onun həyətindəki səliqə-sahman bu bağlılığın göstəricisidir.
Fikrət həkimin bugünkü mövqeyində rəhmətlik anası Gülzar xanımın, həyat yoldaşı Kəmalə müəllimin də xatırlanası zəhməti var. Onlar bacarıqlı uşaq həkiminin iş saatı olmadığına alışıb, günün istənilən anında qayğısına qalmağı özləri üçün bir rahatlıq biliblər. Biliblər ki, hamıya gərək olan insanı elə hamılıqla da qorumaq lazımdır. Gəlin ocağa gələr deyib atalar. Kəmalə müəllim də rayonumuzun tanınan, bacarıqlı ingilis dili müəllimlərindəndir, 3 nömrəli məktəb-liseydə çalışır. Peşəsinin vurğunudur.
F.Osmanov tanınmağında vasitəçi olanlar haqqında həmişə ağız dolusu danışır, onların adını fəxrlə çəkir. Bu da onun təvazökarlığından, yaxşılıqları unutmadığından, geniş qəlbə sahib olmasından xəbər verir. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, narahatlığını, yorğunluğunu heç vaxt büruzə verməyən bu insan həmişə şən, zarafatcıl və tələbkardır. Biganəliyi və biganələri sevmir. Düşüncə və davranışında sərbəst və qətiyyətlidir.
Paxıllıq hissi olmayan bu insan pisliyə də yaxşılıqla cavab verməyi sevir.
Kompyuterin məlumat, kitabın isə bilik mənbəyi olduğunu bilən Fikrət həkim mütaliəyə, bədii qiraətə də vaxt tapır. Ədəbiyyatı, idmanı çox sevir. Yaxşı bilir ki, idman sağlamlığı, qiraət düşüncəni cilalayır.
Haqlı prinsipallığı, obyektivliyi, sözübütövlüyü, humanistliyi ilə yetərincə fərqlənən bu sadə insan arxadan danışanları elə arxada qalmışlar kimi tanıyır. Sözü ilə əməli həmişə üst-üstə düşən bu məsuliyyətli peşə sahibi həm də sədaqətli dost, vəzifəsini ləyaqətlə daşıyan vətəndaşdır. Vəzifədən söhbət düşəndə bildirir ki, hər hansı ixtisası yüksək səviyyədə bilmək yaxşı adam olmaq üçün əsasdır, amma, insanlarla dil tapıb qanunlar çərçivəsində, ədalətlə, heç kimin haqqını tapdamadan işləməyi bacarmaq üçün səbirli, savadlı və təmkinli olmalısan. Qarşındakına səmimi olduğunu göstərməlisən. Həmsöhbətinə ondan ağıllı olduğunu sübut etməyə çalışsan, o da sənin haqqında eyni fikirdə olacaq… Fikrət həkimin bu kimi mülahizələri barədə geniş danışmaq olar.
El-obada böyük nüfuz sahibi olan F.Osmanov həm də gözəl ailə başçısıdır. Bu ailədə ziyalılıq bir miras kimi qorunur. Ailənin yeganə övladı Nicat hüquqşünasdır. Rayon Polis Şöbəsinin əməkdaşıdır. Ailə qurduğundan az müddət keçib. İnşallah, tezliklə bu gənc ailənin də üzərinə övlad böyütmək məsuliyyəti düşər. Fikrət həkimim oğul, ər, ata titullarına babalıq da əlavə olunar.
Cəmiyyətdə təriflənənlər, rəsmiyyətdə təltiflərə layiq görülürlər. Fikrət həkim qazandığı xeyir-dualarla bərabər əmək fəaliyyəti dövrümdə Səhiyyə Nazirliyinin, rayon İcra Hakimiyyətinin, Rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin Fəxri fərmanlarını alıb, təşəkkürlərə layiq görülüb. Müxtəlif qəzet və jurnallarda haqqında yazılar dərc olunub. O, “Uğurlu sabah” ali mediya mükafatına layiq görülən həkimlərimizdəndir. İnsanları, gələcəyimiz olan uşaqları sağlam görmək, sağlam vətəndaş böyütmək arzusu ilə yəqin ki, daha yüksək fəxri adlara sahib olacaqdır.
Müxtəlif peşələrin bayram kimi qeyd olunma günləri var. Səhiyyə işçilərinin bayramı iyun ayına düşür. Peşə bayramı ərəfəsində Fikrət həkim mənalı ömrünün 55-ci ilinə qədəm qoyur. Daxili aləminin saflığı, sağlamlığına göstərdiyi diqqət onu 10-15 il cavan göstərir. Hər yaşın tamamında hamı kimi Fikrət həkim də nələrdən, haralardan keçdiyini göz önünə gətirərək, qarşıdakı yolun 100-cü hesabat ilinə doğru addımlayır.
Ömür yolunda, çalışdığı işdə sevilən, seçilən, gərəkli və məsuliyyətli peşə sahibi olan eloğlumuzu, onun timsalında xalqın sağlamlığı keşiyində duran səhiyyə işçilərini alqışlayır, niyyətinizə sahib olasınız deyirəm.
Hacıməmməd Məmmədov,
təqaüdçü müəllim

Şərh Yaz