Uşaq şəxsiyyətinin formalaşması

Bildiyiniz kimi insan həm bioloji, həm də sosial varlıqdır. Bioloji varlıq kimi o, bir orqanizm, sosial varlıq kimi isə şəxsiyyətdir. Heç bir insan anadan olarkən şəxsiyyət kimi doğulmur. Hər bir insan bir fərd kimi dünyaya gəlir və sonradan cəmiyyətdə, onu əhatə edən mühitdə müəyyən sosial keyfiyyətlərə yiyələnərək şəxsiyyətə çevrilir. Uşaq şəxsiyyətinin formalaşması       İnsanın həm fərd, həm də şəxsiyyət kimi inkişafı ontogenez inkişaf adlanan mərhələlərdən keçir. Ontogenez inkişaf mərhələsi özü də 2 hissədən ibarətdir: ilkin mərhələ ana bətnində rüşeymin əmələ gəldiyi dövrdən, uşağın dünyaya gəldiyi anaqədərki, dövrdür ki, bu dövr prenatal outogenetik inkişaf adlanır. Yəni doğuşdan əvvəlki bətn daxili inkişaf nəzərdə tutulur. 2-ci mərhələ isə postnetal outogenetik inkişaf dövrü adlanır ki, bu da fərdin doğulduğu andan onun həyatının sonuna qədərki dövrü əhatə edir. Bu mərhələni həm də ömür və ya həyat yolu da adlandırmaq olar. Bu mərhələdən başlayaraq, insanın həyat yolu başlayır. O, sosial mühitə düşərək inkişafını davam etdirir.
Psixoloq və pedaqoqlar insan şəxsiyyətinin formalaşmasında 3 əsas faktorun mühüm rolu olduğunu qeyd edirlər: irsiyyət, mühit və təhsil-tərbiyə.
Son zamanlar fəaliyyəti də bu faktorlar sırasına daxil ediblər. İrsiyyət şifrələnmiş gen kodlarıdır. Yəni bu gen kodları vasitəsilə valideynlərin orqanizminin xassələri uşaqlara ötürülür. Valideyinlərin fizioloji və fiziki əlamətləri həmin kodlarda toplanmışdır. Uşaqlar da bu genlər vasitəsilə valideynlərin həm zahiri, həm də fizioloji xüsusiyyətlərinin daşıyıcısına çevrilirlər.
Mühit isə fərdin doğulub, böyüyüb, inkişaf etdiyi şəraitdir. Mühit təbii və sosial mühit olmaqla 2 yerə bölünür. Sosial mühitlə yanaşı təbii mühitin də insan şəxsiyyətinin formalaşmasında, inkişafında, onun mənəvi cəhətdən püxtələşməsində mühüm rol oynayır. Təbii mühit dedikdə fərdin, şəxsin yaşadığı ərazinin, havası, havanın təzyiqi, tərkibi, relyefi, flora və faunası başa düşülür.
Lakin fərdin qədəm qoyduğu ilk sosial mühit ailə olur. Ailə cəmiyyətin bir hissəsi olmaqla, kiçik bir sosial qrupdur ki, bu qrup da müxtəlif fərdi və sosial keyfiyyətlərə malik üzvlərdən ibarətdir. Bu baxımdan da uşaq şəxsiyyətinin inkişaf edərək şəxsiyyətə çevrilməsində ailənin rolu böyükdür. Sosial mühit geniş anlayışdır. Sosial mühit dedikdə, təkcə ailə mühitini düşünmək düzgün olmazdı. Bu yanaşma dar çərçivəli bir yanaşmadır. Sosial mühit geniş mənada insanın yaşadığı, fəaliyyət göstərdiyi, onun əhatəsində olan insanlarla ünsiyyət yaratdığı –“ bir sözlə, passiv olmayan bir mühit kimi anlaşılır. Düzgün seçilmiş və qurulmuş, sosial mühit uşaq şəxsiyyətinin inkişafına təkan verən başlıca amillərdən biridir. Uşaq şəxsiyyətinin qabiliyyətlərini , istedadını üzə çıxaran və inkişaf etdirən, idman, musiqi, rəqs, şahmat klublarının fəaliyyəti kimi sosial birliklərin insanın sosiallaşmasını və inkişafını təmin edən vasitələrdən biridir. Ümumiyyətlə, insanın sosiallaşması ömür boyu davam edir. Uşağın fərd kimi ailədən sonra qədəm qoyduğu ilk mühit bağça mühiti, daha sonra məktəb mühiti və digər klub və dərnək mühitləridir ki, onu tədricən bir şəxsiyyət kimi formalaşdırır və uşaqda “şəxsiyyət” adlanan binanın təməli qoyulmuş olur. Əgər insanın bioloji inkişafı onun fiziki inkişafında özünü göstərirsə, sosial inkişaf isə özünü insanın intellektual, mənəvi və psixoloji inkişafında özünü göstərir.
Ailə mühiti uşaq şəxsiyyətinin inkişafında lokomotiv rolunu oynayır və onun emosional davranışında əks olunur. Psixoloqlar uşağın emosiya və hisslərinin inkişafında ananın rolunun əhəmiyyətli olduğunu xüsusi vurğulayırlar. Bundan başqa ailədə ata-ana münasibətləri, ata-uşaq, ana-uşaq arasındakı münasibətlər ailə mühitini formalaşdırmaqla, həm də uşağın normal inkişafını şərtləndirir. Ailənin düzgün, tərbiyəvi mühiti ilk növbədə ata və ana arasındakı paralel münasibətlərdən asılıdır. Valideynlər öz şəxsi nümunələrindən çıxış edərək, ailədə bir model yaratmalıdır. K.Marks kişi və qadın münasibətlərini təhlil edərək belə bir fikrə gəlmişdir ki, “Kişinin qadınla münasibəti cəmiyyətin ümumi mədəniyyətinin göstəricisidir”. A.S.Makarenko isə qeyd edirdi ki, ata hətta qəzeti necə oxuması ilə uşaqları tərbiyə edir.
Ailə mühitində uşaq şəxsiyyəti insan, dünya, cisim və hadisələr, böyüklərə hörmət, onlarla davranış qaydalarını, başqa adamları başa düşmək kimi keyfiyyətlərə yiyələnir.
Valideynlər həmçinin uşağa müstəqillik verməli, onu müstəmləkəçi bir mühitdə böyütməməli, uşağın sərbəstliyinə şərait yaratmalıdır.
Uşaqların paltar, oyuncaq, rəng seçiminə müdaxilə etməməli, onlara seçim sərbəstliyi verməlidirlər. Böyük, məktəb yaşlı uşaqlar ailə problemlərinin müzakirəsinə cəlb olunmalı, onların fikirləri valideynlər tərəfindən dinlənilməlidir. Bu yolla ata-ana uşaqda möhkəm idarənin, məsuliyyət hissinin, xarakterin formalaşması üçün şərait yaratmış olur. Psixoloji tədiqatların nəticələrindən məlum olur ki, valideynlərin heç də hamısı eyni dərəcədə biliyə, savada, dünya görüşünə malik olmadığından sadalanan vasitələrdən heç də eyni dərəcədə istifadə etmirlər.
Lakin valideynlər və uşaqlar arasındakı münasibətlər nə qədər səmimi, mehriban olarsa, uşaq şəxsiyyətinin formalaşmasına bir o qədər müsbət təsir göstərir. Hər bir valideyn uşağına savad verməyə bilər. Ancaq cəmiyyət üçün yararlı, faydalı və əsl insani keyfiyyətlərə malik insan yetişdirmək hər bir valideynin borcudur.
Ailə mühiti şəxsiyyətin inkişafı üçün ən əlverişli mühitdir. Bu mühitin əlverişli olması ailədə ata-ana arasındakı isti atmosferdən asılıdır.
Uşaqları da kiçik məktəbli yaşlarından oxumağa meyilləndirmək və oxunu vərdişə çevirmək, uşaq şəxsiyyətinin inkişafına müsbət təsir göstərən faktorlardandır. Yuxudan qabaq maraqlı nağıl kitablarını mütaliə etmək uşaqların dünyagörüşünün, intellektinin, lüğət ehtiyatının artmasına, dostluq, mehribanlıq, ədalətlilik, məsuliyyətlilik və s. keyfiyyətlərinin formalaşmasına təkan verir və yaxud uşağın marağını cəlb edən digər kitablar oxuma onun dünya, ətraf aləm haqqında fikirlərini formalaşdırır.
Şəxsiyyətin ilk cücərtiləri ailə mühitində baş verir. Ailə mühiti uşaq şəxsiyyətinin inkişafında bir növ güzgü effekti rolunu oynayır. Uşağın ailədə əldə etdiyi keyfiyyətlər, bu keyfiyyətlərlə cəmiyyətə daxil olan şəxsiyyət cəmiyyətdəki davranışı, rəftarı, hərəkətləri ilə ailəsinin tərbiyə mühitini nümayiş etdirir. Ailədə götürdüklərini güzgü kimi cəmiyyətdə əks etdirir.
Ata-babalarımız da “Uşaq ailənin güzgüsüdür” məsəlini əbəs yerə deməmişlər.
Zarema Əliyeva

Şərh Yaz