Qasımov Firdovsi Əsgər oğlu

4 iyun 2018-ci il tarixdə təhsil işçilərinə ağır itki üz vermişdir. İsmayıllı şəhərində yerləşən Ağdam rayonu 30 saylı tam orta məktəbinin riyaziyyat müəllimi Qasımov Firdovsi Əsgər oğlu ağır sürən xəstəlikdən sonra vəfat etmişdir.Qasımov Firdovsi Əsgər oğluF.Qasımov 1958-ci il dekabr ayının 1-də Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdu. 1973-cü ildə doğma kənd məktəbinin VIII sinifini bitirmiş və Bakı şəhərindəki 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbə qəbul olunmuşdu. 1975-ci ildə orta təhsilini başa vurmuş, Azərbaycan Pedoqoji Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş və 1979-cu ildə riyaziyyat üzrə tam kursu bitirmişdi.
Əmək fəaliyyətinə 1979-cu ildə, Mərzili kənd natamam orta məktəbində başlamış, 1986-cı il tarixdən II iş yeri kimi Xudu Məmmədov adına orta məktəbdə riyaziyyat təmayüllü siniflərdə riyaziyyat fənnini tədris etmişdir.
F.Qasımov 1984-cü ildə Maarif Nazirliyinin Fəxri fərmanı ilə, 1985-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin Fəxri fərmanı, 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. Elmi yaradıcılığını böyük həvəslə inkişaf etdirən Firdovsi müəllim 1985-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin ixtisasartırma fakültəsində oxumuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 1990-cı il qərarı ilə Metodist müəllim fəxri adına layiq görülmüşdür.
Məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar, torpaqlarımızı erməni işğalından azad etmək məqsədi ilə Ağdam Ərazi Özünümüdafiə Batalyonuna daxil olmuş, sonralar “N” saylı hərbi hissənin tərkibində bölük komandirinin müavini, sonradan bölük komandiri olmuş, 17 sentyabr 1992-ci il tarixdə Qarakənd kəndi əməliyyatında ağır yaralanmış, II qrup Qarabağ əlili olmuşdur. 1993-cü ildə erməni işğalı nəticəsində daimi yaşayış yerini tərk etmiş, İsmayıllı rayonu Aşıqbayram kəndində məskunlaşmışdı.
1993-cü ildə məskunlaşdığı ərazidə fəaliyyətə başlayan Ağdam rayon 30 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi və hərbi rəhbər vəzifəsində çalışmışdır.
3 övladı var və hər biri ali təhsillidir.
Firdovsi müəllim ölkə təhsilinin inkişafında xidmətləri olan, yüzlərlə gəncin ali təhsil sahibi olması üçün fədakarcasına çalışan təhsil işçisi olmuşdur. O, övladlarımızı savadlı gələcəyə, xalqımızı işıqlı sabaha aparan şərəfli müəllimlərimizdən biri idi. Ömrünü gənclərimizin savadlı şəkildə yetişməsinə həsr edən Firdovsi müəllim ömrünün 60-cı baharında ağır keçən xəstəlikdən vəfat etdi. O, vəfat etsə də yetişdirdiyi yüzlərlə müəllim və ziyalı ordusu bu gün onun şərəfli missiyasını davam etdirir.
Allah Firdovsi müəllimə rəhmət eləsin.
Ağdam şəhər 30 nömrəli tam orta məktəbinin kollektivi

Şərh Yaz