Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Regionda təhsil alan tələbələr və region jurnalistləri arasında “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi üç ay müddətində icra ediləcək. Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıbTəşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə ölkəmiz üçün önəmli bir məsələ ilə bağlıdır: “Layihə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) prinsiplərinin təbliği, HSŞ hesabatı barədə məlumatların regionda təhsil alan tələbələr, region mediasında çalışan jurnalistlərə çatdırılmasını nəzərdə tutur. Layihə çərçivəsində Hasilat Sənayesində Şəffaflıq prinsipinin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlərin xərclənməsində şəffaflığın təmininin əhəmiyyəti, region sakinlərinin HSŞ ilə bağlı məlumatları əldə edə bilmələri üçün mövcud olan elektron resurslar, belə məlumatları verməli olan qurumlar, hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin üzərinə düşən sosial məsuliyyətlə bağlı məlumatların əks olunduğu buklet hazırlanaraq çap ediləcək. Daha sonra Mingəçevir Dövlət Universiteti, Ağcabədi Pedaqoji Kolleci, Ağdam Dövlət Sosial İqtisadi Kolleci və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin hər birində bir dəfə məlumatlandırma sessiyası keçiriləcək. Hər rayonda keçiriləcək tədbirdə 31 nəfərin iştirakı nəzərdə tutulur. Tədbir iştirakçılarına respublikamızda Hasilat Sənayesində Şəffaflıq prinsipinin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün ictimai nəzarətin artırılmasının əhəmiyyəti, 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatı ilə bağlı məlumat veriləcək. İştirakçılar HSŞ ilə bağlı onları maraqlandıran məlumatları necə əldə etmələri, hansı qurumlara müraciət etmələri, mədən hasilatında fəaliyyət göstərən şirkətlərin üzərinə düşən sosial məsulliyyətlə bağlı məlumatlandırılacaq. Ekspertlər tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılacaq. Hazırlanan buklet seminar iştirakçılarına paylanılacaq”.
X.Kazımov deyir ki, layihənin sonuncu mərhələsində jurnalistlər Hasilat Sənayesində Şəffaflıqla bağlı maarifləndiriləcək: “Ağcabədi, Bərdə, Tərtər, Oğuz, Yevlax, Ucar, Ağdaş, Goranboy, İsmayıllı və Mingəçevir şəhərində fəaliyyət göstərən media orqanlarında çalışan jurnalistlər üçün Mingəçevir şəhərində bir günlük məlumatlandırma xarakterli seminar keçiriləcək. Tədbirdə 12 jurnalistin iştirakı nəzərdə tutulur. Region mediasında çalışan jurnalistlərə respublikamızda Hasilat Sənayesində Şəffaflıq prinsipinin mahiyyəti, hasilat sənayesindən əldə olunan gəlirlər və onların xərclənməsində şəffaflığın təmini üçün ictimai nəzarətin artırılmasının əhəmiyyəti ilə bağlı məlumat veriləcək. Həmçinin, iştirakçılar HSŞ ilə bağlı onları maraqlandıran məlumatları necə əldə etmələri, hansı qurumlara müraciət etmələri, mədən hasilatında fəaliyyət göstərən şirkətlərin üzərinə düşən sosial məsulliyyətlə bağlı məlumatlandırılacaq. Həmçinin, jurnalistlərə Azərbaycanın 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatı ilə bağlı məlumat veriləcək”.

Şərh Yaz