Yaddas kitabcasi

Məhəbbətin nəğməsi-Vətənin haray səsi

(“Laçınım” mahnısının unudulmaz ifaçısı Məhəbbət Kazımovun xatirəsinə)
“İnsan hissləri içində ən müqəddəs əbədi tərəqqi və inkişafa təkan verən amillərdən biri. bəlkə də. ən mühümü vətənpərvərlikdir. Xalq eşqi, vətən məhəbbəti insanın həyat nəfəsidir- desək, ömrün işıqlı məqsəd üçün yarandığını bir daha dərk edərik. Öz arxasında xalqın, vətən torpağının qüdrətini, onun həyat və mübarizə qabiliyyətlərini dərk edən bir qəhrəman döyüş meydanında yorulmaz. Odlar, alovlar içində yansa belə, vətən torpağının gələcəyi, şərəf və şöhrəti ona böyük təsəlli olar, o, həyatın da, ölümün də mənasından razı qalar.”
Səməd Vurğun.
Məhəbbətin nəğməsi-Vətənin haray səsi Laçından qaçqın düşən bir ailənin övladına dərs deyirdim. Burada anadan olmuşdu. “Sən haralısan?”- sualına astaca, çox sönük şəkildə: “ Laçınlıyam”,- cavabını verdi. Gözlərində nə nisgil, nə həsrət vardı, nə də ildırım çaxdı.
Ürəyim göyüm-göyüm göynədi! Qəlbində Laçın alovu alovlanmayan, taleyi ilə barışan, bu gün biganəliklə böyüyən həmin uşaq (Və digərləri) hansı arzu ilə, hansı istək ilə Laçına can atacaq?!
Və elə bu anda böyük bir elin xətir- hörmətini qazanmış, həkimlik və Insanlıq missiyasını özundə böyuk vətənpərvərliklə birləşdirən Mikayil həkimi və atasi- Laçın qaçqını Sərhab müəllimi xatırladım. Köksündə vətən torpağı boyda ürəyi şərəflə gəzdirən bu vətənpərvər ziyalı oğlunu buralarda ev tikdirməyə qoymur. Deyir ki, sən buralarda məskunlaşsan, var-dövlətə aldanıb qalarsan. Onda Laçına- bizim torpaqlara yiyə olmağa kim gedər?
Bu mənəvi yüksəklik və ucalıq ruhuma bir rahatlıq gətirdi. Eşq olsun belə fədakarlığa! Eşq olsun ali vətənpərvərlik mənəviyyatına malik belə ziyalılarımıza!
Yadıma unudulmaz bir səs düşdü.(Heç yaddan çıxmışdı ki?) Ürəyi vətən havası, vətən torpağı ilə qaynayıb-qarışan bir vətən övladının, şair ürəkli sənətkarın könül rübabını dinləyirdik. Vətən, yurd, bütöv Azərbaycan sevgisi ilə yoğrulan, çeşid-çeşid mahnıları ilə bizi qeyri-adi aləmə aparırdı bizi. Bu aləmdə nəyin fərqinə varırıdıq; Vətən məfhumu da tanrının adı qədər müqəddəsdir və o, itirdiklərimizə görə bizi bağışlamayacaq.
Bilmirəm nə vaxtdan, neçə illərdi ki, bu səsin sehrinə düşüb ruhum pərvaz edir, vətən göylərini qarış-qarış dolaşır, ürəyimi tel-tel edir, qəlbimi sızıldadır.
Düşünürsən, İlahi bu damarlarda qanı donduran səs -sədanı hansı qüdrətinlə yaratmısan? Bu səsdə kainata sığmayan sevgi, qəm-kədər, nur və işıq, vətənə olan sədaqət və sadalaya bilmədiyim insanlığa xas olan nələr, nələr vardır! Bu səsdə, bu mahnıda doğulduğu, ayaq açıb yeridiyi, böyüyüb boya- başa çatdığı, qoynundan pərvazlanıb vətən göylərinə ucalan bir simurq quşunun fəryadı vardır.
Bu parçalanmış, didik-didik edilmiş körpələrə, kəsilmiş qurbanlıq başlara, dəhşətdən bir damla göz yaşı kirpiyində əbədi donub qalan ağsaqqal, ağbirçək harayına, yanıb kömür olmuş, tüstüsü ərşə dirənmiş yüzlərlə, minlərlə yurd yerinə, hər daşı, kərpici qəhrəmanlıq dastanı, igidlər məskəni, tariximizin şanlı səhifəsi Laçına, digər itirilmiş şöhrət ünvanlarının ağrısına dözməyən qəhrəman bir ürəyin bitməyən acısı idi . Bu yanğını isə sözlə ifadə etmək mümkün deyil.
Hamını ürək ağrısı ilə yana-yana vətən sərhədinə səsləyən bu ifa təkcə mahnı deyildi: Vətənə həsrət qalan Qu quşunun son vidası, bitməz qüssəsi, ölümqabağı rəqsi idi.
Bu mahnı vətən torpağına həm layla, həm ağı idi. Adətən laylanı da, ağını da analar söyləyərlər. Gör dünyanın harasıdır ki, qəm- qüssənin hansı məqamı, hansı dərəcəsidir ki, laylanı da, ağını da kişilər söyləyir. Bu sözün bitdiyi yer, kuliminasiya nöqtəsidir.
Bu səsdə dünyanı qana bələyən iblislərə qarşı bir etiraz, yanğı, bir haray vardı, qaçqın- köçkünlərin çoxillik Qarabağ həsrəti vardı. Bu səs qəlbimizdəki inamı öləziməyə qoymur, ürəyimizə təpər, gözlərimizə nur, dizimizə taqət verirdi. Bu səs “Koroğlu Üverturası” kimi neçə min illik qəhrəmanlıq ruhumuzu coşdurur, ilhamlandırır, qürurlandırır.
Məhəbbətin nəğməsi-Vətənin haray səsi
Gəlin düşünək ki, həmin ağrını, acını kim çəkməyib? Ancaq onu ifadə edə, başqalarına çatdıra, yanğı ilə bu şəkildə bəyan edə bilirikmi?
Yalnız və yalnız dilin, dodağın, ürəyin deyil, bütün əzaların fəryad edərək alovlansın ki, təkcə öz ürəyini deyil, başqalarının qəlbini də yanğıya kökləyəsən.
Məhəbbət Kazımov öz arzusuna çatmışdı. Qartal olub vətən göylərini dolaşırdı. Qartal məğrur- məğrur uzaq ənginlikləri süzür, sərhəd tanımır. Qəhrəman əcdadları kimi mayası bu torpaqla yoğrulmuş qartal üçün əlçatmazlıqlar, ünyetməzliklər sorun olmadığı kimi,m onun üçün də yana-yana Laçının hər nöqtəsinə pərvazlanmaq, səmasını dolanmaq artıq çətin deyildi.
Bu səs, bu nəğmə itirilmiş layla, hələlik hamımız üçün əlçatmaz zümrüd meşə, şaqraq dağ şəlaləsi, mavi səma, əcdadlarımızın mədfəni, övladlarımızın məskəni üçün nisgilli bir elegiya idi. Elə bir elegiya ki, ondan başqa qəlbi dəlib keçən nisgili bu şəkildə -qəlbinin bütün damarları sızıldaya-sızıldaya, bədənin bütün əzaları ölçüyəgəlməz dərəcədə ağrı çəkə-çəkə, varlığı, nəfəsi, ruhu ilə ifadə edə bilməzdi. Bu, Ulu Tanrının da mat qaldığı insan şəxsində itirilən bütün müqəddəsliklərə, ən ali varlıq sayılan insan qəddarlığına sözlə ifadə edilə bilməyən bir etirazın, üsyanın ifadəsi idi.
Atəşkəs elan olunmuşdu. O isə yorulmadan oxuyurdu. Yana-yana, alovlana-alovlana, nəfəsi göyə bülənd ola-ola oxuyurdu. Rahatlıq tapa bilmədən qartal kimi qıy vururdu. Laçınsız ötən hər an onu həyəcanlandırır, ağrıdır, için-için ağladırdı. Vətənindən ayrı qalmaq onun üçün ölümə bərabər idi. Elə ayrılıq, bitməz-tükənməz həsrət də onu anbaan, addım-addım vaxtsız ölümə yaxınlaşdırırdı.
Məhəbbətin nəğməsi-Vətənin haray səsiHamı həyəcanla düşünürdü: Belə ağrının, acının təsiri ilə göz yaşını gilə-gilə qəlbinə axıda-axıda yaşanan nisgilə insan qəlbi dözə biləcəkdimi?! Dözmədi də! Arzusu çin oldu: şəhid oldu. Ruhu qartal olub Laçın göylərində pərvazlandı. Laçınsız taleyi ilə barışmadı. “Laçınım”- deyə-deyə ruhu o torpağa qovuşdu.
Deyirlər ki, insan qəlbindəkilərin heç dörddə bir hissəsini də ifadə edə bilmir. Bu.doğrudur. Mən də çoxdandır ki, qəlbimdə gəzdirdiklərimi yazmaq, vərəqə köçürmək istədim. Hiss etdim ki, o, böyük yanğını ifadə edə bilmədim. Bitməz-tükənməz ağrıları, acıları Məhəbbət Kazımov kimi, o mahnıdakı kimi çatdira bilmədim. Bəlkə də, o böyük məhəbbəti, o böyük qüdrəti samballı əsərlərdə ifadə edən tapılacaq.
Vətən torpağının bir parçası haqqında əvəzsiz “Himn” olan bu mahnı və onun müəllifi haqqında bənzərsiz əsərlər yazılacaq. Mən isə kiçik yazımla Məhəbbət Kazımovun ruhuna qarışıb, mahnının qanadlarında Laçına bir inamla üz tuturam: Düşmən nə etsə də, nəyi dağıdıb aparsa da, Laçını tariximizdən silə bilməyəcəkdir.Г‡ünki sinəsinə çalın-çarpaz dağ çəkdiyi, heysiyyatı ilə oynadığı xalqımızın mərd oğulları onun layiqli cavabını verəcəklər. O vaxta çox az qalıb, lap az qalıb. Biz də bu inamın ətəyindən tutub, əsgər paltarı geyib, əlində avtomat, qəlbi düşmənə nifrətlə dolu igidlərlə birgə uzun bir yola çıxırıq. Haydı igidlər! Laçın vətənimizin sərhəddidir. Laçın bizi gözləyir. Bu inamın önündə ruhu ilə birgə ölməz səs, susmaz haray müəllifi gedir: “Qartal olub göylərində uçum mən”- deyən və əsir torpaqlarımızın azadlıq müjdəsini gətirəcək vətən oğlu Məhəbbət Kazımovun ruhu.
Rəna Mirzəliyeva,
İsmayıllı şəhəri

Şərh Yaz