Mən də bir əsgərəm…

Mən də bir əsgərəm...        2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş cəsur həmyerlimiz Mikayıl Vahabzadə haqqında Lətifə Əliyevanın müəllifliyi ilə çapa hazırlanmış “Şəhidliyə aparan sevgi” kitabından.

Telefon zənginə heç vaxt diksinmərəm, istər gecə yarı çalsın, istərsə də sübh tezdən. Bu dəfə telefon “dillənəndə” isə günün günorta çağı olsa da adətimin əksinə, diksindim, ürəyim titrədi, bilmirəm niyəsə qeyri-ixtiyari “Allah, xeyrə cala” – dedim və daha artıq haray salmasını gözləmədən dəstəyi qaldırdım, çox mehriban bir səs eşidildi o başda:
– Sabahınız xeyir olsun, Sahibə xanım!
– Sabahınız xeyir!
– Gülnardı Sizi narahat edən, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçisi. Sahibə xanım, sabah 15 may – Beynəlxalq Ailə Günüdür. Mərkəzimizin təşkilatçılığı, rayonun bir qrup fəal qadını ilə birlikdə Maçaxıya –“ aprel şəhidimiz Mikayıl Vahabzadənin ailəsinə getmək, bu günü belə bir övlad, belə bir vətəndaş yetirmiş ailədə qeyd etmək istəyirik. Xahiş etsək, bizimlə gedərsizmi?!
Bir söz var ey, deyirlər: “elə bildim başıma bir qazan qaynar su tökdülər”, Gülnarın sözlərini eşidəndə ani olaraq o halı keçirtdim. Şəhid ailəsinə getmək üçün xahiş? Özü də məndən?! Tutuldum, ilk öncə bilmədim nə cavab verim, nə deyim Gülnara. Bir andaca gözümün önündən Qarabağ müharibəsi başlayan vaxtdan ömrümə yazılan “cəbhəli” günlər gəlib keçdi: bir idimi, beş idimi, on beş idimi o günlər?! Sayını çoxdan itirmişdim. Döyüşlərin qızğın çağında elə bir döyüş bölgəsi, elə bir hərbi hospital olmamışdı ki, mən musiqiçi yoldaşlarımla ora getməyim, əsgərlər qarşısında konsert verməyim. Bu ani məqamda beynimdən ildırım sürətilə Gəncə hospitalında narkozdan ayılıb ayağının dizdən kəsildiyini görəndə özünə ağı deyən yaralı əsgərə qoşulub necə ağladığımı, dözməyib huşumu itirdiyimi, iynə-dərmandan sonra bu kövrək ürəyimə daş bağlayıb necə konsert verdiyimi, o hadisələrin içində mənim də bir əsgər olduğumu deyim… deməyimmi? Yoxsa… bu mehriban, gülərüz qızın siması gözüm önünə gələndə könlümdən keçənləri dilə gətirmədim və sadəcə 2 sözlə kifayətləndim:
– Əlbəttə, gedərəm.
Mən də bir əsgərəm...        Düşüncələr isə mənə daha artıq düşünməyə imkan vermirdi –“ sualın elə qoyuluşunda bu qızın günahı yox idi, o, müharibə dövrünün uşağı idi, olanları, keçənləri ancaq mətbuatdan, söhbətlərdən bilə bilərdi. Bu barədə haradasa deyilməyibsə, yazılmayıbsa o haradan bilə bilərdi?! Mərkəzin rəhbəri Lətifə xanımla biz cəbhə yollarında birgə çox addımlamışdıq, məni məndən yaxşı tanıyırdı və yəqin ki, mənim bu gedişdə iştirakımı da o məsləhət görmüşdü. Nə isə…
Ertəsi gün birlikdə Maçaxıya getdik. Ağır bir səfər idi, həmişə İsmayıllının yollarından keçəndə, gözəlliklərini görəndə qeyri-ixtiyari bir-iki ağız oxuyardım. Bu gün isə… qəlbimdə elə bir ağırlıq var idi ki… Məclislər yaraşığı olan bala itirmiş bir ailəyə gedirdik, o ananı hansı sözlə ovunduracaqdıq, hansı sözlə təsəlli edəcəkdik?! Bir ananın balası Anamız Azərbaycan uğrunda şəhid olmuşdu, bir ana cavan bala itirmişdi. Ağır dərd idi. Ancaq Şəhid olmağı bacaran bir oğul böyütmüş ailə sözün həqiqi mənasında Böyük, qarşısında baş əyiləsi bir ailədir və bu ailə də elə.
Birlikdə şəhidin əbədi məkan tapdığı yamaca qalxırıq. Qara mərmər daşdan qaraqaş, qaragöz, gözəl-göyçək bir oğlan boylanır, baxışlarından mərdlik, cəsarət yağır və o baxışlardan…
Mikayıl vaxtsız ölümünə heyifslənmir sanki, axı o ölməyib, Şəhid olub, Tanrıya yaxın – ən uca zirvədə qərar tapıb. Və bu yerdə artıq dayana bilmirəm, baş daşını qucaqlayıb oğlu ilə ürəyində dərdi-hal edən anaya baxıb özüm də bilmədən “Segah” üstə oxumağa başladım. O an hiss etdim ki, hamı, hətta yaxınlıqdakı ağaclarda qərar tutub, bu dünyanın dərd-sərindən xəbərsiz cəh-cəh vuran quşlar da susdular. İndi Rumiyyə ananın yerinə mən danışırdım:
Gərək günəş dağları aşıb sönməyəydi,
Gərək mənim Mikayıl balam ölməyəydi,
Göydəki aya deyin: dərdimi dağlara yetirsin,
Ürəyim dərdə düşüb, dağ mənə bir çarə yetirsin!
Oxuya-oxuya bir daha Mikayılın şəklinə baxdım və birdən o baxışlardan bir qınaq hiss etdim, daha bayaqkı kimi mənə baxmırdı Mikayıl, baxışları sanki məzar üzərində dalğalanan Azərbaycan bayrağına dikilmişdi: Mən bu bayraq üçün şəhid oldum. Mənə ağlamayın, Vətən sağ olsun, sən sağ ol, anam!
Susdum, başım bayraqlı məzar qarşısında ehtiramla əyildi…
Sahibə Abdullayeva,
İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin işçisi

Şərh Yaz