Yaddas kitabcasi

Xocalı köçkünləri ilə görüş keçirilib

Xocalı köçkünləri ilə görüş keçirilib Tarixə qara ləkə kimi düşən, lakin dünyanın super güclərinin, beynəlxalq təşkilatlarının qulaqardına vurduğu Xocalı soyqırımından 26 il keçir. Erməni faşistlərinin törətdikləri bu tarixi faciə bir şəhərin yerlə-yeksan edilməsi, əhalisinin soyqırıma məhkum edilməsi ilə nəticələnib. Canını götürüb qaça bilənlər ölkəmizin müxtəlif guşələrinə pənah gətirərək, 26 ildir ki, bu dəhşətli hadisələrin şahidi kimi yaşayırlar.
İsmayıllıda18 ailəni təmsil edən 54 nəfər Xocalı sakini məskunlaşıb.
Faciənin 26-cı ildönümü ilə əlaqədar rayonda silsilə tədbirlər həyata keçirilir, Xocalı soyqırımı qurbanları anılır.
Fevralın 21-də RİH-də xocalılarla görüş keçirilib. RİH başçısının, aparat işçilərinin, hüquq-mühafizə və ədliyyə orqanları rəhbərlərinin, Xocalıdan olan məcburi köçkünlərin iştirakı ilə keçirilən tədbiri giriş nitqi ilə RİH-nin başçısı Mirdaməd Sadıqov açıb. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Törədilmiş soyqırımın ağır nəticələrindən söhbət açan rayon rəhbəri, ölkə Prezidentinin Xocalı sakinlərinə göstərdiyi diqqət və qayğı barədə danışıb.
Rayon prokuroru Ülvi Abbasov, rayon məhkəməsinin hakimi Rəfayel Şirinov, DTX rayon şöbəsinin rəisi Fəxrəddin Babayev, Rayon Polis Şöbəsinin rəisi Telman Ağasiyev, İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev, RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək, Xocalı soyqırımının Azərbaycan xalqının ümumi faciəsi olduğunu diqqətə çatdırıblar və bu soyqırımı törədənlərin gec-tez öz cəzasına çatacağını bildiriblər.
Bir qrup Xocalı sakini çıxış edərək yaşadıqları əzablı günlər, vətən və yurd həsrəti, itirdikləri yaxınları və əzizləri barədə məlumat veriblər. Xocalılar adından Nəriman Məmmədov görüşə görə təşəkkürünü bildirib.
Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov 3 nəfər gənc Xocalı köçkününün işlə təmin olunması barədə tapşırıq verib. Xocalıdan olan məcburi köçkünlərə RİH tərəfindən maddi yardım göstərilib, yaşadıqları ərazidə problemlərinin həlli üçün konkret tədbirlərin görülməsi barədə icra strukturlarına tapşırıqlar verilib.
M.Məhərrəmov

Şərh Yaz