Zamanın dəyəri

Zamanın dəyəri Qidalandığımız anda deyil, doyma siqnalı mədəmizə doyma anından 20 dəqiqə gec çatır. Bu səbəbdən doyduğumuzu anında hiss edə bilmir, doymuş olsaq belə, artıq yeyib mədəmizə zərər vura bilirik. Bu zərəri isə müəyyən zaman keçdikdən sonra anlayırıq. Duyuq düşüb diqqət etdikdə bu zərəri aradan qaldırmaq mümkün olur (istisnalar bunu pozmur). Amma bəzi şeylər var ki, onları düzəltmək, elə məqamlar var ki, geri qaytarmaq olmur.
Uşaqlıq illərinə qayıda bilmir, bu yolda itirdiklərimizi böyüdükdən sonra anlayırıq. Eləcə də, yaşa dolduqdan sonra gənclik illəri üçün “Ötən günlərimi qaytaraydılar” – deyib düşünür, gecikdiyimizi anlayır, səhvimizi düzəltməyə can atır: “Kaş belə olmayaydı, kaş belə etməyəydim” – kimi fikirlər yürüdür, eləmədiklərimiz üçün isə “Kaş ki edəydim” – deyib təəssüflənirik. Bəzən etdiklərimiz, bəzən isə eləmədiklərimiz bizi rahat buraxmır.
Nə qədər xoş keçsə də bugünkü gün dünəni, gənclik uşaqlığı, qocalıq gəncliyi əvəz edə bilmir. Mümkünsüzlüyünü bilə-bilə hər artan yaşımızda öncəki illəri təkrar yaşamaq, səhvlərimizi düzəltmək – etmək və etməmək üçün heç olmazsa bir anlığa yaşanmış illərə qayıtmaq istəyirik. Məncə, bütün hallarda əvvəlki illərə qayıtmağa can atmamaq üçün zamanında düşünmək, zamanla düzgün davranmaq, zamana dəyər verməliyik. Zaman sabahını qurmaq istəyənlər, xüsusilə gənclər üçün daha düşündürücü və qiymətli olmalıdır.
Şəfəq Mürsəlli

Şərh Yaz