Dediklərin doğru imiş, sətir-sətir

Dediklərin doğru imiş, sətir-sətir Mənim müəllimlərim sevgi mücəssəməsi,
Bəzən ata əvəzi, bəzən ana əvəzi.
Sizin üçün il nədir, sizin üçün yaş nədir?
Ürəyimdə yeriniz ən yuxarı başdadır.
Səsinizə borcluyuq, sözünüzə borcluyuq
Sizin üçün mən dönüb arzu əməl olaram,
Heykəliniz olmasa sizə heykəl olaram.

Xalq şairi Cabir Novruzun ürək yanğısı ilə yazdığı “Mənim müəllimlərim” şeirini hər dəfə oxuyanda mənə dərs demiş müəllimlərimi xatırlayıram. Nə tez ötdü o illər? Məni və mənim həmyaşıdlarımı məktəbdən, bizə dərs demiş o müqəddəs, pak insanlardan əlli illik bir zaman ayırır.
Əlli il – yarım əsr…
Valideynlərim qədər əziz və doğma bildiyim adlarını əzizləyə-əzizləyə qəlbimdə qoruduğum müəllimlərimin ruhları qarşısında baş əyirəm.
Məktəb insan ömrünün ikinci dünyasıdır. Həm də elə bir dünyadır ki, hər kəsin taleyində, həyatında, hətta onun gələcəkdə kim olacağında mühüm rol oynayır.
Maddiyyatın mənəviyyatımızı üstələdiyi bir vaxtda kristal, saf nə isə tapmaq, ona güvənmək, inanmaq çətin məsələdir. Mənəviyyatımızda gedən proseslər, milli dəyərlərimizin az qala sıradan çıxacağı bir dövrdə yenə üz tuta biləcəyim, qəlbən saflığına inana biləcəyim ziyalı müəllimdir. Г‡ünki onun aldığı nəfəs də, yediyi də, içdiyi də, danışığı da özü kimi sadə, halal, təvazökar və bəsitdir. Yalandan, rüşvətdən, haramdan uzaq bir ziyalıdır müəllim! Aldığına və olanına şükür edə-edə gələcəyin, millətinin övladlarına elm, savad, qanacaq, qabiliyyət, vətənpərvərlik öyrədir müəllim! Körpə fidanların qəlbində doğma yurdumuza, elimizə, obamıza, dilimizə, dinimizə, keşməkeşli tariximizə sevgi, sayğı aşılayır müəllim! Böyüklərə hörmət, kiçiklərə qayğı göstərməyi, Vətənçün Mübariz olmağı öyrədir müəllim!
Belə şərəfli və müqəddəs yolun yolçularından biri də Mamed Behbud oğlu Heydərovdur. O, 1923-cü ildə rayonumuzun axar-baxarlı, saf havası, təbii mənzərələri, qanovuz parçası ilə məşhur olan, tarixliyi ilə tanınan, Şirvan şahlarının yay istirahət yerlərindən olan Mücü kəndində sadə zəhmətkeş ailədə anadan olmuşdur.
Atası Behbud kişi ömrü boyu bənnalıq etmiş, qazandığı azacıq pulla ailəsini dolandırmağa çalışmışdır. Anası Bibixanım isə ərinin min bir əziyyətlə əldə etdiyi qazancını evdə uşaqlarına qənaətlə sərf etmiş, övladlarına yüksək əxlaqa malik olmaq, ata-anaya hörmət etmək, əməyi sevmək, məsuliyyətli, birsözlü, bir üzlü olmaq, təmizlik, halallıq, xeyirxahlıq, bir parça çörəyini yoldaşı ilə bölmək, torpağını, xalqını sevmək kimi nəcib hisslər aşılamağa çalışmış, elmli, savadlı olmağı istəmişdir. Balaca Mamed də körpəlikdən meylini kitaba, məktəbə bağlamış, dərslərindən əla qiymətlər almağa səy göstərmişdir. Ucqar dağ kəndində böyümüş, kəndini də dünyanın mərkəzi, ərini başının ağası, övladlarını tanrının nur payı bilən savadsız bir qadının övladlarına verdiyi tərbiyə Nizami Gəncəvinin bu misraları ilə necə də üst-üstə düşür:
Kim ki, öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdansa gövhər çıxardar.
Ancaq öyrənməyi ar bilən insan
Məhrumdur dünyada bilik almaqdan.
Böyük qardaşı Mansurun kitablarını vərəqləməkdən doymazdı. Hələ məktəbə getməmişdən əvvəl qardaşı ona “Keçi”, “Dovşan” şeirlərini öyrətmişdir. Kitablarında olanları qardaşına dəfələrlə oxuyan Mansur bütün bunlardan ləzzət alar, sonra balaca qardaşı Mamedin əlindən tutub qoyun-quzu dalınca qaçardı. Nəhayət o an gəlib çatdı. 1930-cu ildə Mamed anasının parçadan tikdiyi çantasına dəftər-kitab qoyub atası ilə məktəbə getdi. Sevinci yerə-göyə sığmırdı. Arzusuna çatmış, o da məktəbli olmuşdu. Qarşıda həyatın hansı sınaqlarından adlayacağını bilməsə də sevinirdi. Tezliklə dərs əlaçısı oldu. Böyüdükcə arzuları da böyüyürdü. Müəllim olmaq, uşaqlara elm, savad öyrətmək, ona dərs deyən müəllimlərinə oxşamağı arzulayardı. 1935-ci ildə atası Behbud kişi dünyadan köçəndə onun 12 yaşı vardı. Atasının vəfatı onu sarsıtsa da anası oğlunu ovundura bildi. İndi ailənin taleyi, dolanışığı üç qardaşın Heydərin , Mansurun, Mamedin və bir də kişi qeyrətli Bibixanımın ümidinə qalmışdı.
Günlər həftələrə, həftələr aylara, aylar da tənbəllik etməyib illərə qovuşdu. Yeddinci sinfi əla qiymətlərlə başa vuran Mamed Şamaxı Pedaqoji texnikumuna qəbul oldu. Üç illik təhsildən sonra 1940-cı ildə texnikumu bitirən Mamed Sulut kənd məktəbində müəllimliyə başlayır. Bu o vaxtlar idi ki, artıq ikinci Dünya müharibəsi başlamışdı. Hitler Almaniyası Qərbi Avropa ölkələrini işğal edə-edə keçmiş SSRİ sərhədlərinə doğru irəliləyirdi. 1941-ci ildə SSRİ-yə qəflətən hücum edən almanlar artıq ölkənin paytaxtına doğru addımlayırdılar. Ölkədə səfərbərlik elan edilmişdi. Yaşı on səkkizə çatan hər bir oğul Vətən uğrunda döyüşlərə aparılırdı. Növbə ona da çatdı. 1942-ci ilin yanvarında gənc Mamed müəllim qələmini silahla əvəz etdi. Onun Şimali Qafqazdan başlayan döyüş yolu Rumıniyanın paytaxtı Buxarestdə sona çatır. Üç il yarım alman faşizminə qarşı əzmkarlıqla vuruşub şərəfli döyüş yolu keçən Mamed müəllim 1945-ci il may ayının sonunda ordudan tərxis olunub doğma yurda qayıdır. Qələbə müjdəsini radioda dinləyəndən sonra 10 mayı özünə doğum günü götürür. İkinci dərəcəli Vətən müharibəsi ordeni ilə bir sıra medallar Mamed müəllimin şanlı döyüş yolunu şəfəqləndirir. Doğma yurda zəfərlə qayıdan Mamed müəllim 1945-ci ilin sentyabr ayından 1949-1950-ci dərs ilinin sonunadək Sərdahar kənd məktəbində müəllim işləyir. 1950-ci ildə Bakıda M.F.Axundov adına iki illik Dillər İnstitutuna qəbul olunur. Təhsilini qiyabi yolla davam etdirən Mamed müəllim 1953-cü ildə təhsilini başa vurur. Həmin ildən 1963-cü ilə kimi Kürdmaşı kənd orta məktəbində Rus dili müəllimi kimi fəaliyyət göstərir. Öz şəxsi təhsilini daim artıran və hər zaman ali təhsil almaq həvəsi bu dəfə onu 1958-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Rus dili fakültəsinə gətirib çıxarır. Uğurla imtahan verib institutun Rus dili fakültəsinin qiyabi şöbəsinə qəbul olur və 1962-ci ildə ali təhsilini başa vurur.
1964-cü ildən ta təqaüdə çıxanadək 2004-cü ilin mart ayınadək İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində Rus dili və ədəbiyyatı müəllimi işləyir.
İndiki kimi yadımdadır. 1964-cü ilin isti sentyabr günlərindən biri idi. Altıncı sinifdə oxuyurdum. Sinif rəhbərimiz Roza müəllim Bakıya köçdüyü üçün yeni sinif rəhbərimizin kim olacağı hamımızı maraqlandırırdı. Zəng içəri vurulan kimi hamımız qaçaraq yerlərimizdə oturub gözlərimizi qapıya dikmişdik. Bir azdan sinfimizə orta yaşlı, bəstəboy, qırmızıyanaq, kərpici bığlı bir müəllim gəldi. Hamımız təbii ki ayağa qalxdıq. O müəllim stolunun arxasında durub bizə bir xeyli nəzər salıb salamlaşdı və oturmağımıza icazə verdi. Mən onu ani olaraq qonşumuz Mansur əmiyə oxşatdım. Səhv etməmişdim. Təzə müəllim qonşumuz Mansur əminin kiçik qardaşı idi.
Ani bir sükutdan sonra özü barədə məlumat verdi. Bizim həm sinif rəhbərimiz və həm də rus dili müəllimimiz Mamed Heydərovla ilk tanışlığımız belə başladı. Onun əsl adı ali təhsil diplomunda Məmməd yazılıb. Amma özünün əli ilə yazdığı tərcümeyi-halında adını elə sadəcə Mamed yazıb və biz də elə ona Mamed müəllim deyə müraciət edərdik. İndi bizim onunla ilk tanışlığımızdan əlli dörd ilə yaxın bir vaxt ötür.
Baxışlarında doğmalıq, səsində yumşaqlıq, nitqində rəvanlıq, duruşunda bir təmkinlik, müdriklik var idi bu insanın. Düz beş il bizimlə yorulmadan, həvəs və yüksək ilhamla yol getdi: biz gəncliyə, o isə qocalığa… Nə o bizdən incidi, nə də biz ondan… Şagirdləri ilə xoş ünsiyyətdə olan, onlarla işgüzar və qayğılı münasibət qurmağı bacaran Mamed müəllim bizə həm də atalıq qayğısı göstərərdi. Biz onu, o da bizi çox sevirdi. Uzun illər sonra özü etiraf edirdi ki, 62 illik müəllimlik fəaliyyətimdə çoxlu sayda şagirdlərim olub. Hamısını öz övladım qədər sevmişəm. Ancaq 1968-ci ilin buraxılışı olan Xa sinfinin dəcəl, ərköyün, mərd, qoçaq, sözü bir və bütöv olan sizləri heç vaxt unuda bilmirəm. Bəlkə də müəllimlik fəaliyyətimin ən şirinli və ən uğurlu illərimin yadda qalan anları sizin siniflə bağlıdır. Г‡ünki siz coşanda dalğalı ümmana, sakit olanda tufandan sonrakı sakitliyə bənzəyirdiniz. Məktəbin və rayonun ictimai həyatında, məktəbdə keçirilən tədbirlərdə çox fəal idiniz. Г‡oxunuz elə məktəbi bitirən ili ali məktəblərə və texnikumlara qəbul oldunuz. Sinif yoldaşlarınızla çox mehriban və səmimi idiniz. Г‡oxlu mütaliə edirdiniz. Aranızda möhkəm söz birliyi vardı, kollektivçilik vardı. Səhvlərinizi etiraf etməyi, üzr istəməyi də bacarırdınız. Yalandan, riyadan uzaq idiniz. Qorxu da bilmirdiniz.
Mamed müəllim hər an bizimlə idi. Həmişə bizimlə rusca danışardı. Həftədə iki, bəzən üç dəfə dərsdən sonra bizi fakültativ məşğələyə cəlb edərdi. Bu məşğələlərdə A.S.Puşkinin, M.Y. Lermontovun, N.Nekrasovun şeirlərini əvvəlcə özü oxuyar, sonra da bizə oxutdurardı. Sözlərin düzgün tələffüzünə, vurğunun yerində deyilməsinə diqqət edərdi. Yoldaşlarımızla dialoq şəklində danışıq etməyi, tərcümeyi-halımızı danışmağı öyrədərdi. Ona görə də yoldaşlarımız orta məktəbi bitirəndə artıq rusca, necə deyərlər, “çulumuzu sudan çıxara” bilirdik.
Mamed müəllim qayğıkeş və cəfakeş ata idi. Yeddi övlad –“ beş qız və iki oğul atası idi. Öz sevimli Məsuməsinə ömrü boyu sədaqətli və etibarlı olmuş, övladlarını da əməyə, zəhmətə, elmə, böyüyə, kiçiyə hörmət etməyi, doğma vətənə sədaqətli olmağı öyrətmişdir. Şəhərdə yaşasa da camış, inək saxlayar, həyətyanı sahəsində işləməkdən həzz alardı. Yaxşı bənnalığı da vardı. Qonaqpərvər və alicənab insan idi. İş yoldaşlarına qarşı çox mehriban idi. Təqaüdə çıxandan sonra da müəllim yoldaşları ilə əlaqə saxlayar, tez-tez doğma kollektivə gəlib gedərdi. Şair dostum Oqtay İsmayıllının “Müqəddəs söz günü” kitabında belə bir ifadə var. Şair özü özündən soruşur və eləcə də cavab verir: – İnsan və vaxt yaddan çıxır, unudulur?
Cavab: – Təqaüdə çıxandan sonra.
Əslində düzgün deyilib. Amma Mamed müəllim heç vaxt yaddan çıxmayıb. Sağlığında mən hər ay bir, iki dəfə ona baş çəkməyə gedər, oturub xeyli söhbət edərdik. Bədahətən şeir deyərdi. Г‡oxlu şeirləri var idi. Demək olar ki, həftədə iki-üç dəfə zəng edib əhvalını soruşar, nə lazım olduğunu bilən kimi dərhal yanına gedərdim. İş yoldaşları Qulu Hüseynov və Xamis Ağayev də tez-tez Mamed müəllimin görüşünə gələrdilər. Ölümündən bir neçə gün əvvəl, Novruz bayramından qabaq da Mamed müəllimin qonağı olduq. Gözləri tutulsa da ruhdan düşməmişdi. Qəlbi həyat eşqi ilə dolu idi.
Günlər keçir, illər illərə calanır. Şirin arzular qanadında qocalır insan. Yurd salır, yuva qurur, övlad böyüdür, oxudur, evləndirir nəvə-nəticə arzusuyla. Bir də görürsən ki, qeybdən zəhər qatılır arzularına, arzularının şirinliyini dadhadadda…
2000-ci ildə Mamed müəllimin böyük oğlu Yaşar vəfat etdi. 2004-cü ildə isə oğlunun ölümünə dözməyən Məsumə xala da dünyasını dəyişdi. Doğmalarının itkisi incə qəlbli, şair qəlbli Mamed müəllimi sarsıtdı. Üzdə bildirməsə də qəlbinin dərinliyində həsrətin acısını yaşayırdı. O ağrılı-acılı illərdə sonbeşiyi Südabə xanım atasının yanında idi. Onun bütün dərdlərinin şəriki idi Südabə. Sağ olsun! Mən hər dəfə Mamed müəllimə baş çəkməyə gedəndə onun atasının qulluğunda necə durduğunun, onu uşaq kimi sevə-sevə, oxşaya-oxşaya qulluq etdiyinin şahidi olmuşam. Valideynlərinə qulluq edib onlara qayğı göstərən övladlara eşq olsun!
Mamed müəllim də qızına yazdığı bir şeirində deyirdi:
Səninlə sevinib qürur duyuram,
Sənsən gözlərimin işığı, qızım.
Mənim sonbeşiyim, parlaq ulduzum,
Qalan günlərimin çırağı qızım.
Südabə də atasının son nəfəsinədək yanının yarağı, gözlərinin çırağı oldu.
2009-cu ilin mart ayının iyirmi yeddisi idi. Səhər saat doqquz radələrində heç vaxt istəmədiyim və heç vaxt unuda bilmədiyim xəbəri verdilər. Mamed müəllimin kiçik oğlu Heydər atasının dünyasını dəyişdiyini bildirdi. Bir anda sevimli müəllimimlə bağlı hər şey kino lenti kimi gözlərimin önündə canlandı, bir mahnıda deyildiyi kimi:
Bir vaxt sənin sözlərinə gizli-gizli gülərdik,
Deyərdin ki, vaxt gələcək bu günləri anacaqsız.
Bu günlərçün alışacaq, yanacaqsız,
Dediklərin doğru imiş sətir-sətir
Əziz müəllimim,
Nə olar o günləri bircə anlıq geri gətir.
Bir gün şirin xatirələr sorağı ilə səni anacağımı, yollarına baxıb-baxıb kövrələcəyimi bilməmişəm, əziz müəllimim!
Ruhun şad olsun! Amin!
Dediklərin doğru imiş, sətir-sətir Xalıq Xalıqov
8 fevral 2018-ci il

Şərh Yaz